Müsahibimiz Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Petr Ujiterlindedir.
   
   - Cənab səfir, diplomat kimi Azərbaycana təyinat almağınızı necə qarşıladınız?
   - Azərbaycana səfir təyin olunmağımı öyrənəndə xanımımla mən çox məmnun qaldıq. Təkcə ona görə yox ki, bu mənim ilk səfir təyinatım idi. Həm də ona görə ki, hər ikimiz Avropa üçün strateji əhəmiyyət kəsb edən bu regionla hələ sovet dövründə yaxından maraqlanmış, Qafqaz respublikalarında siyasi prosesləri, iqtisadiyyatı öyrənmişik. İndiyədək müxtəlif hadisələrlə əlaqədar olaraq Gürcüstana səfərlər etmişəm, Azərbaycana isə ilk dəfə məhz səfir kimi gəldim.
   - Ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
   - Niderland Krallığı Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb. Diplomatik münasibətlərimiz qurulub. İkitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Əlbəttə, bu əlaqələri daha da genişləndirmək, iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək üçün böyük potensial var. 2009-cu ildə Bakıda Niderland Krallığının səfirliyinin fəaliyyətə başlaması bu əlaqələrə əlavə zəmin yaratdı. Ötən müddətdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı səfərlər də genişlənib.
   - Mədəniyyət xalqları yaxınlaşdırır və onların bir-birlərini daha yaxından tanımasına şərait yaradır. Bu baxımdan mədəni əlaqələrimizin səviyyəsi haqqında nə deyə bilərsiniz və bu əlaqələri intensivləşdirmək üçün nə etmək lazımdır?
   - Azərbaycanla münasibətlərimizin tarixinə nəzər salsaq görərik ki, bu tarix bir neçə əsr əvvəllərə gedib çıxır. Niderlandlılar təbiətcə macəraçıdırlar. Odur ki, niderlandlı səyahətçilər Azərbaycanın yerləşdiyi bu qədim torpaqlara hələ çox əvvəllər səfərlər ediblər. Məsələn, Azərbaycanda istehsal olunan qobelenlər, süjetli xalçalar regiona səfər edən Flamand missionerlərini heyran etmişdi və XV əsrin Niderland rəssamı Hans Melminqin rəsmlərində əksini tapmışdı. Suraxanıdakı Atəşgah məbədinə səfər edərkən aşkar edəcəksiniz ki, orada yazılmış bir ifadə XVII əsr hollandiyalı dənizçi Jan Janzon Strujsa aid edilir. O, İrana ekspedisiya edərkən gəmi qəzasına uğramışdı.
   Kornelis de Bruyn adlı başqa bir səyyahın XVIII əsrin ticarət karvanlarında buraya səfər etməsi haqqında maraqlı hekayətlər var. Azərbaycan Milli İncəsənət Muzeyində siz van Merevelt (Michiel Jansz van Mierevelt) və van Ostayd (Adriaen van Ostade) kimi dünya şöhrətli holland sənətkarlarının əsərlərini tapa bilərsiniz. XIX əsrin sonu - XX əsrin əvvəllərində İngiltərə-Hollandiya neft şirkəti “Şell” Azərbaycanda neft istehsalında əsas sərmayəçilər sırasında idi. II Dünya müharibəsi dövründə sovet ordusunun azərbaycanlı döyüşçüsü, Ukraynada əsir düşdükdən sonra Niderlanda aparılan və orada antifaşist hərəkatına qoşularaq böyük qəhrəmanlıqlar göstərən Məmməd Məmmədov (ləqəbi Medo) Niderlandda bu gün ehtiramla xatırlanır. O, müharibədən sonra Niderlandda yaşayıb, müxtəlif orden və medallarla təltif edilib, Ostervejk şəhərinin fəxri vətəndaşı olub. 2003-cü ildə orada vəfat edib. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanda partizan Medo haqqında sənədli film (“Salnamə” studiyası, rejissor Tahir Əliyev - red.) çəkilib.
   Bu gün siz Bakıda, xüsusilə iqtisadiyyat sahəsində niderlandlı sərmayəçilərin fəaliyyətinin izlərini görə bilərsiniz. Niderland şirkətləri Azərbaycanda iri layihələrdə iştirak edirlər. Humanitar sahədə də əlaqələrimiz yaxşıdır. Çoxlu sayda Azərbaycan tələbələri Niderland universitetlərinə təhsil almağa gedirlər. Onlar qayıtdıqdan sonra xalqlarımız arasında sosial və mədəni şəbəkələr üzrə məsələn, “Alumni” (“Məzunlar”) şəbəkəsini mədəni əlaqələrimizə töhfə verəcəklər.
   - Niderlandın Bakıdakı səfirliyi mədəni əlaqələrdə hansı sahələrə xüsusi diqqət verir? Bu yöndə hansı layihələri nəzərdən keçirirsiniz?
   - Təbii ki, xalqlarımız arasında, xüsusilə də gənclər arasında qarşılıqlı əlaqələri inkişaf etdirmək və onları müxtəlif sahələrdə əməkdaşlığa həvəsləndirmək Niderland səfirliyinin marağındadır. Səfirlik olaraq heyət və büdcəmiz imkan verən işləri həyata keçirmək istəyirik. Daha çox Azərbaycanda Niderland haqqında məlumatı genişləndirməyə və mədəni institutların, vətəndaş cəmiyyətlərinin təşəbbüslərini dəstəkləməyə çalışırıq. Eyni zamanda, Niderlandda Azərbaycan haqqında daha çox məlumat yayılmasına səy göstəririk. Bizim ölkəmizdə insanların çoxu Azərbaycan haqqında az məlumatlıdırlar. Bu mənada “Eurovizion” müsabiqəsində Eldar və Nigarın qələbəsi bizim ölkəmizdə də çox adamın diqqətini Azərbaycana yönəltməyə kömək etdi. Bu günlərdə azərbaycanlı fotoqraf Rəna Əfəndi öz fotolarında Qafqaz regionunun sosial-iqtisadi faktlarını təsvir etdiyinə görə Niderlandda nüfuzlu “Şahzadə Klaus Mükafatı”na layiq görüldü. Belə tədbirlər Niderlandda Azərbaycanı zəngin mədəniyyət ölkəsi kimi tanıtmağa, Azərbaycan haqqında təsəvvürü zənginləşdirməyə kömək edir.
   Mən əminəm ki, Azərbaycana maraq artmaqda davam etdikcə, Niderlanddan olan musiqiçilər, rəssam və memarlar əməkdaşlıq və mübadilə imkanlarını araşdırmaq üçün buraya gələcəklər. Səfirlik bu əlaqələri tənzimləməyə hazırdır. Bu günlərdə Bakıda, “Park Bulvar Sinema”da Avropa Birliyi ölkələrinin film festivalı keçiriləcək və orada Niderland filmi də nümayiş etdiriləcək. «63-cü cəhənnəm» adlı heyranedici film maraqlı idman növü olan konkisürmədən bəhs edir.
   - Azərbaycanda yaşadığınız müddətdə yəqin xalqlarımız arasında oxşar və fərqli xüsusiyyətləri müşahidə etmək imkanınız da olub. Özünüzü Azərbaycanda necə hiss edirsiniz və xalqımız sizdə hansı təəssüratı yaradıb?
   - Azərbaycan hər şeydən əvvəl özünün gözəl təbiət mənzərələri və insanlarının qonaqpərvərliyi ilə məni təsirləndirib. Azərbaycanın işgüzar adamları ilə təmasda olmaq çox maraqlıdır. Onlar hollandiyalılar kimi çox aktiv, bacarıqlı biznes nümayəndələridir, xarici dilləri bilirlər. Eyni fikri mədəniyyət sahəsində təmasda olduğumuz insanlar haqqında da deyə bilərəm. Azərbaycan mədəniyyətlərin kəsişməsində yerləşən, mədəni zənginliyə malik ölkədir. Ölkənizin zəngin mədəni irsinin nümunələrindən zövq aldım. Azərbaycan tarixən Qərblə Şərq arasında, Avropa-Asiya ticarət, nəqliyyat yolunda mühüm tranzit ölkə olub. Əlbəttə, regional iqtisadi və siyasi oyunçu kimi özünün bütün potensialını həyata keçirmək üçün Azərbaycana hazırda davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir. Ölkənizin digər bölgələrini gəzdikcə, hiss edirəm ki, sizin ölkəniz və onun insanları tarixin bu qaranlıq səhifəsindən çox əziyyət çəkir və mən diplomat olaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını diqqətlə izləyirəm. Niderland dövləti münaqişə tərəflərini sülh və kompromisə təşviq etmək üçün imkan daxilində səy göstərməyə hazırdır.
   - Bakıda olduğunuz müddətdə teatr, opera və konsert proqramlarımızdan necə, zövq almaq imkanınız olub? Ümumiyyətlə, Azərbaycanın mədəniyyəti, musiqisi haqqında fikirlərinizi bilmək maraqlı olardı...
   - Bilirsiniz, səfir üçün tez-tez bütün mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün dəvətlərin qəbulu böyük zövq və imtiyazdır. İmkan olan kimi bu tədbirlərdə iştirak edirəm. Düşünürəm ki, mənim Azərbaycanda olmağım bir növ davamlı kəşflər səfəridir, sürprizlərlə doludur. Məsələn, mən burada keçirilən musiqi festivallarında Azərbaycan muğamı, Azərbaycan caz musiqisi, Üzeyir Hacıbəyli, Qara Qarayev və başqa böyük Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə tanış oldum. Çox maraqlı filmlərə tamaşa etmişəm. Eyni zamanda mən tərcümə olunmuş və ya rus dilində olan bəzi Azərbaycan ədəbiyyatı nümunələrini oxumuşam. Məsələn, gənc yazıçı Nərgiz Bağırzadənin kitabını oxumuşam. Bakını gəzdikcə, bu şəhərin həm qədim hissəsindən, həm də müasir memarlığından zövq alıram...
   - Ölkələrimiz arasında turizm əlaqələrinin perspektivini necə görürsünüz? Burada olduğunuz müddətdə Azərbaycanın gəzməli, görməli yerlərinə səyahət etmisinizmi?
   - Hər bir ölkə zəruri infrastruktur, münbit biznes mühiti yaratmaqla turizmin inkişafına şərait yaratmağa çalışır. Turist agentlikləri də öz imkanlarını, reklamlarını genişləndirir və insanlara istirahət üçün maraqlı turpaketlər təklif edirlər. Və sonda turistlər özləri haraya səfər etmək barədə qərarlarını verirlər. Dünyada və xüsusilə Avropada turizm sahəsində rəqabət çox güclüdür. Azərbaycan öz əsrarəngiz təbiəti və dağlıq əraziləri olan gözəl ölkədir. Mən özüm Azərbaycanın müxtəlif yerlərinə - Xınalıq, Lahıc kimi bir neçə cəlbedici kəndə səfər etmişəm. Hesab edirəm ki, sizin ölkəniz niderlandlı turistlər üçün maraqlı və cəlbedici ölkə ola bilər. Lakin bu tədricən baş verəcək. Şəxsən mən burada velosipedlə gəzintilərin, velosiped turizminin inkişaf etməsini istərdim. Niderlandda demək olar ki, hər kəsin velosipedi var və insanlar bu gəzintiyə böyük maraq göstərirlər. İstərdim ki, Bakıda da çoxlu velosiped xətləri olsun. Çünki velosiped idmanı Avropa şəhərlərində turizm sahəsində aparıcı peşələrdən biridir.
   - Azərbaycan mətbəxini bəyənirsiniz?
   - Azərbaycan mətbəxi ölkənizin zəngin mədəni tarixini əks etdirir və dünyanın bu hissəsində yaşayan müxtəlif sivilizasiyaların izlərini göstərir. Regionun yemək və şərabları çox dadlıdır. Mən həmişə buraya səfər edən hollandları Azərbaycan milli restoranlarına aparıram. Təkcə yemək yox, bununla yanaşı ziyafətlər və ənənələr də məni çox təsirləndirir. Azərbaycan süfrəsi insanları bir araya gətirir, bu sosial-mədəni davranışın əsas xüsusiyyətidir, milli eyniyyətin bir hissəsini təqdim edir.
   - Ölkəmizi tərk edərkən xatirə olaraq özünüzlə nə aparmaq istərdiniz?
   - Müasir zamanlarda tərk etdiyin dost-tanışlarla əlaqəni saxlamaq, davam etdirmək asandır, indiki informasiya-kommunikasiya şəbəkəsi buna geniş imkan yaradır. Yəni bu baxımdan əlaqələri qoruyub saxlamaq, canlı xatirələrdə yaşatmaq daha asandır. Diplomat kimi biz hər zaman gəlib-gedirik. Ümidvaram ki, buradan gedəndən sonra da Azərbaycanla əlaqələrimiz davam edəcək. Eyni zamanda, ümid edirəm ki, burada olduğumuz müddətdə mən və xanımım daha sonrakı əlaqələrin, bərabər imkanların və Azərbaycanın özünün inkişafına öz töhfəmizi verə bilərik.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar