Mişel Vays: “Teatr həm də yeni texnologiyaların təcrübədən keçirildiyi yerdir”
“Azərbaycanda da kukla teatrları mühüm inkişaf yolu keçib. Mən bir məqamı da özüm üçün aşkarlamışam ki, Bakının həm ənənəvi, həm də müasir teatrı birləşdirmək baxımından yaxşı imkanları var. Bu çox maraqlı üsuldur. Mən bilirəm ki, Azərbaycanda kukla teatrı ənənəsi zəngindir. Məhz bu baxımdan kukla teatrlarınız dünyaya çıxmağa, tanınmağa layiqdir, Eyni zamanda Azərbaycan çox müasir ölkədir. Ona görə də siz müasir kukla teatrını ölkənizə gətirmək üçün böyük imkanlara maliksiniz”.
Noyabrın 1-də Bakıda Beynəlxalq Kukla Teatrları Festivalına start verilib. Noyabrın 6-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilir. Tədbir “Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən təşkil olunub. Festival iştirakçısı olan yüksək səviyyəli qonaqlardan biri də Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vaysdır. Onunla müsahibəni oxuculara təqdim edirik.
- Cənab Vays, bildiyiniz kimi, ötən ilin noyabrında Bakıda Beynəlxalq Teatr Konfransı keçirildi. «Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən keçirilən konfransda siz də iştirak edirdiniz. Bir il sonra siz daha bir beynəlxalq teatr tədbirində iştirak etmək üçün ölkəmizə gəlmisiniz. Peşəkar teatr tənqidçisi kimi bu tədbirləri necə dəyərləndirirsiniz?
- Ötən il Beynəlxalq Teatr Konfransı çərçivəsində qısa müddətdə, üç gün Bakıda oldum. Həmin tədbir dünyanın bir çox ölkələrindən gələn insanlarla görüşmək, fikir mübadiləsi aparmaq üçün çox gözəl imkan idi. Biz bir-birimizin ideyalarını soruşur, fikir mübadiləsi aparırdıq. Konfrans gedişində bir daha yəqin etdim ki, Azərbaycanda teatr çox yaxşı inkişaf edir. Bir il əvvəl biz qərara aldıq ki, Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirək. Düşünürəm ki, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında təcrübə mübadiləsinin təşkili, ənənəvi mədəniyyəti inkişaf etdirmək, körpülər qurmaq baxımından çox gözəl fürsətdir. Siz kukla teatrında çox məqamlar tapa bilərsiniz: folklor, milli, ənənəvi detallarla yanaşı, bu teatr həm də müasirliyi, avanqardlığı özündə birləşdirir. Kukla teatrı həm də obyekt teatrıdır. Yəni hər hansı bir obyekti canlandırır, nəyisə ifadə edir. Bu çox maraqlıdır. Bu həm də yeni texnologiyalar, audiovizual elementlər, multimedia və digərləri də tətbiq edilən yeni teatr sənətidir.
Azərbaycanda da kukla teatrları mühüm inkişaf yolu keçib. Mən bir məqamı da özüm üçün aşkarlamışam ki, Bakının həm ənənəvi, həm də müasir teatrı birləşdirmək baxımından yaxşı imkanları var. Bu çox maraqlı üsuldur. Mən bilirəm ki, Azərbaycanda kukla teatrı ənənəsi zəngindir. Məhz bu baxımdan kukla teatrlarınız dünyaya çıxmağa, tanınmağa layiqdir, Eyni zamanda Azərbaycan çox müasir ölkədir. Ona görə də siz müasir kukla teatrını ölkənizə gətirmək üçün böyük imkanlara maliksiniz. Teatrın tarixinə nəzər salsaq görərik ki, dünyada elm və texnikanın bir çox yenilikləri teatrda da bir növ təcrübədən keçib. Məsələn, götürək qazı, nefti, elektriki. Onlar kəşf ediləndə teatrı işıqlandırmaq üçün də istifadə edilmişdi. Bir sözlə, teatr yeni texnologiyaların təcrübədən keçirildiyi məkandır. Mən Azərbaycan hökumətinə minnətdaram ki, belə bir tədbir təşkil edilib. Festival kimi belə zəngin imkandan istifadə etmək vacibdir. Ümid edirəm ki, bu, düzgün istiqamətə doğru gedəcək.
- Hazırda dünyada teatrlar arasında mübadilənin səviyyəsini necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, bu gün dünyada qloballaşma prosesi gedir, dünyamız getdikcə kiçilir, əlaqə, təmas imkanları günbəgün artır. Bu baxımdan teatrlar arasında əlaqələr də genişlənir, teatrlar çox asanlıqla səyahət edir. Vaxtilə Böyük İpək Yolu mövcud olduğu dövrdə teatrlar da tədricən karvan yolları ilə bir ölkədən digərinə gedirdilər və bu uzun zaman alırdı. İndi isə sürət əsridir. İncəsənət adamları tez-tez bir ölkədən digərinə gedir, fikir mübadiləsi aparırlar. Müxtəlif ölkələrdə keçirilən teatr festivalları da bunun üçün yaxşı imkanlar yaradır. Biz teatr tənqidçiləri də müxtəlif ölkələrdəki festivallarda iştirak edərək teatrların inkişafı, yeni tendensiyalarla yaxından tanış oluruq. Bu bizim sənətin özəlliyidir.
- Sizcə, teatr dünya mədəniyyətində hansı əhəmiyyəti kəsb edir və onun üzləşdiyi problemlər nədən ibarətdir?
- Bütün ölkələrdə teatr sahəsində problemlər ola bilər. Düşünürəm ki, bir ölkənin formatında hər hansı şounu təfsilatı ilə göstərmək vaxt aparır. Bir çox ölkələrdə teatr tamaşaları ən aktual mövzulara, suallara toxunur. Teatr yenilikçi sənətdir. Hətta onu inqilabi sənət də hesab edirlər. Bu baxımdan ayrı-ayrı ölkələrdə bəzən teatrlar, rejissorlar, sənətkarlar siyasi proseslərin, münaqişələrin mərkəzində yer alırlar. Məsələn, hazırda Macarıstanda, Gürcüstanda milli teatrın rəhbərinin işdən azad olunması siyasi rezonans doğurub. Bir sıra ölkələrdə teatr tamaşaları, dini, siyasi və s. nöqteyi-nəzərdən mübahisə, qalmaqal doğurur. Biz bu yaxınlarda internetdə onlayn formada ingilis və fransız dillərində “Beynəlxalq Teatr Jurnalı” yaratmışıq və orda tamaşalara tənqidi yanaşma məqalələri yer alır. Son sayımızda teatrda senzura ilə bağlı məqamlara da diqqət yetirilib. 1990-cı ilədək senzura və ya maskalanmış teatrlar sosialist ölkələri - Polşa, Rumıniya, Rusiya, Çexiya və digərləri üçün çox xarakterik olub. İndi isə bu ölkələrin teatrlarında ideya azadlığını görmək bir yenilikdir. Bildiyiniz kimi, İranda teatrlarda çox ciddi senzura var. Amma Avropa ölkələri olan Macarıstan, Serbiya və Fransada belə neqativ halları görmək əlbəttə ki, çox qəribə və qeyri-adidir. Bu baxımdan, qeyd etdiyim kimi, çox yerdə teatrı ictimai nöqteyi-nəzərdən bir bombaya bənzədirlər.
- Maraqlıdır, teatrlarda bu vəziyyətlə bağlı teatr tənqidçiləri nə düşünür?
- Teatr hər bir halda fikir yaradır, insanları düşünməyə vadar edir. Teatr təkcə əyləncə deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır. Onun yeganə həlli azadlıqdır. Bir sözlə, teatr azadlığa ehtiyac duyur. Əlbəttə bu o demək deyil ki, cəmiyyətdən təcrid olunasan. Teatr tənqidçiləri də bütün bunları dəyərləndirir, şərh edir. Bizim peşəmiz belədir. Eyni zamanda tənqidçilər də insan, fərd olaraq cəmiyyətin bir hissəsidirlər. Hökumətlər teatrla tənqidçilər arasına girməməlidir.
- Sizcə bu gün dünyada qədim ənənələrə malik kukla teatrlarına münasibət necədir?
- Yuxarıda qeyd etdiyim kimi, ənənələr müxtəlifdir. Belçika, Serbiya, Çexiya, Hindistan, Çin və digər ölkələrin öz fərqli ənənəsi var. Məsələn, bu ölkələrdən bəziləri kukla teatrlarında folkloru yaşadır. Eyni zamanda, çox müasir kukla teatrları da var. Məsələn, Fransada kukla teatrı bir qədər ciddidir. Kukla teatrı həm kiçiklər, həm də böyüklər üçün olur. Küçələrdə nəhəng kuklalarla tamaşalar, xalq oyunları göstərilir.
Azərbaycana gəlincə, qeyd etdiyim kimi, ölkənizdə kukla teatrının zəngin ənənəsi var. Eyni zamanda, ölkənizdə kukla teatrının yeni eksperimental növü də var və bu çox maraqlıdır. Yeni tendensiyaya uyğun olaraq sizdə həm kukla teatrı, həm də kukla teatrı aktyorları var. Adətən aktyorla kukla arasında qarşılıqlı əlaqə baş verir, birlikdə danışırlar. Bir sözlə, kukla teatrında çoxlu müxtəlif fərqlər və dəyişikliklər var. Doğrudur, yeni texnologiyalar da maraqlıdır. Digər tərəfdən, müxtəlif ölkələrdə kuklalar libasına, formasına görə fərqlənirlər. Məsələn, Fransada, İtaliyada, Venesuelada kuklanı alabəzək düzəldirlər. Amma geniş mənada yanaşanda, ümumiyyətlə, kukla teatrları bir çox ölkələrdə oxşardır, çünki folklordan qaynaqlanırlar.
- Bakıda keçirilən Beynəlxalq Kukla Teatrı Festivalından gözləntiləriniz nədir?
- Ümid edirəm ki, bu festivalda yaxşı teatr tamaşalarına baxa biləcəyəm. Çünki adətən mən festivallara gedəndə 20-25-dək tamaşaya baxıram. Lakin sonradan onların bir çoxunu unuduram. Amma yaddaqalan tamaşalar da olur. Əlbəttə aktyorlarla, incəsənət adamları ilə bir araya gəlmək, birlikdə müzakirələr aparmaq çox maraqlıdır. Dünyanın müxtəlif ölkələrinin kukla teatrları Bakıda bir araya gəlib. Belə beynəlxalq tədbirlər, festivallar bir növ mədəniyyət bulyonuna bənzəyir və onun tərkibində mədəniyyətə aid hər şey var. Məsələn, burada Estoniya, Kanada, Amerika, Azərbaycanın incəsənət adamları öz ideyalarını paylaşırlar. Bundan gözəl nə ola bilər. Düşünürəm ki, bu festival bizə həm də böyük stimul verir. Mən ötən il Bakıda keçirilən Beynəlxalq Teatr Konfransı haqqında öz həmkarlarıma, teatr tənqidçilərinə danışmışam. Onlar da Bakıya gəlmək istəyirlər. Ümid edirəm ki, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının iclası Bakıda keçiriləcək və biz azərbaycanlı həmkarlarımızla daha yaxından tanış ola biləcəyik.
Mehparə