Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində 130 mindən artıq eksponat saxlanılır
   
   25 noyabr teatr tariximiz üçün əlamətdar günlərdən biridir. 78 il əvvəl, 1934-cü il noyabrın 25-də keçmiş Tağıyev teatrının binasının üçüncü mərtəbəsində Teatr Muzeyinin təntənəli açılışı keçirilib. Yeni mədəniyyət ocağı Azərbaycan Dövlət Muzeyinin (indiki Milli Azərbaycan Tarixi Muzeyi) teatr şöbəsinin bazasında yaradılmışdı. Bununla bağlı təşkilati işlərin görülməsində, materialların toplanmasında müstəsna xidmətləri olan tanınmış teatr xadimi, pedaqoq Ağakərim Şərifov muzeyin ilk direktoru təyin olunur. Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının vəfatından (31 dekabr 1934) sonra, 1935-ci ildə teatr muzeyinə onun adı verilir.
   
   Hazırda Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində 130 mindən artıq eksponat saxlanılır. Muzeyin yeddi ekspozisiya zalı var. Xalqımızın qədim adət-ənənələrində, məişətində, bayram şənliklərində, dini ayinlərdə teatr elementlərini təsvir edən rəsmlər, Azərbaycan maarifçilərinin teatr fəaliyyətinə, səhnə sənəti korifeylərimizə həsr olunmuş guşələr maraq doğurur. Muzeyin bu günü, yenilikləri, qayğıları barədə elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova ilə söhbət etdik.
   
   - Sevinc xanım, öncə muzeyin fonduna daxil olan eksponatlar barədə oxucularımıza məlumat verərdiniz. Ziyarətçilər daha çox hansı eksponatlara, sənədlərə maraq göstərirlər?

   - Muzeyə gələn tamaşaçılar teatrın yaranma tarixi ilə bağlı materiallarla daha çox maraqlanırlar. Bu sırada milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yaradıcılığına həsr olunmuş guşə xüsusilə əhəmiyyətli yer tutur. İlk teatr rəssamlarımızdan olan Əzim Əzimzadənin xalq teatrı ənənələrinə dair eskizləri də ziyarətçilərdə böyük maraq oyadır. Xalq teatrının kökləri, meydan tamaşaları haqda tamaşaçıda təsəvvür oyadan bu eskizlər 30-cu illərdə çəkilib və elə o vaxtlar da muzeyimizə hədiyyə olunub. «Kəndirbazlar», «Marionet oyunu», «Novruz bayramı» və s. eskizlərdə qrim, maska kimi teatr elementləri də təsvir olunub. 1873-cü ildə oynanılan ilk teatr tamaşasının afişası da ən dəyərli eksponatlarımızdan biridir. Bildiyiniz kimi, bu afişa mübahisə doğuran məqama aydınlıq gətirdi - peşəkar teatrımızın ilk tamaşasının «Lənkəran xanının vəziri», yoxsa «Hacı Qara» olması haqda şübhələr vardı. Teatrlarımızda azərbaycanlı aktrisaların olmadığı dövrdə qadın rolları oynayan kişi aktyorların fotoşəkilləri də teatr tariximizə dair nadir eksponatlardandır. Məsələn, Ələkbər Süheyli qadın paltarında səhnəyə çıxanda onu yalnız öz xanımı tanıyırdı - çünki o, tamaşaya həyat yoldaşının geyimlərini geyinirdi.
   Elə muzeylər var ki, eksponat özü artıq tamaşaçıya nə isə deyir, amma Teatr Muzeyindəki eksponatlar hər şeydən əvvəl sənədlər toplusudur. Onlarla bağlı məlumatları ziyarətçilərə çatdıranda maraq artır. Məsələn, ipək parça üzərində proqramlar var - tamaşaçı buna səthi yanaşa bilər, maraqlı bir iş kimi. Yaxud təzəcə bərpaya verdiyimiz bir eksponat var - balış üzərində tamaşa proqramı. Tamaşaçı məlumatlı deyilsə, ona sadəcə maraqlı eksponat kimi baxır. Amma ona söylədikdə ki, o vaxtlar bu balışları teatra gələn bəylərin, zəngin adamların dirsəklənməyi üçün hazırlayıblar, onlar həm də tamaşa haqda məlumatı oradan oxuya bilərdilər - bu informasiya o eksponata sanki can verir, ziyarətçi marağını daha da artırır.
   - Teatr tariximizin öyrənilməsi baxımından muzeyin müstəsna əhəmiyyəti var. Bu günün teatr tarixi muzeydə necə əksini tapır? Aktyorların, teatr xadimlərinin şəxsi arxivlərini necə əldə edirsiniz?
   - Əvvəlcə onu qeyd edim ki, 2004-cü ildə muzey teatr tariximizə aid materialların toplanması, qorunması, mühafizəsinə görə Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl dərviş» mükafatına layiq görüldü. Muzey üçün materialların toplanması işi isə daima aparılır. Mədəniyyət və Turizm Nazirliyi bu işdə bizə böyük kömək göstərir. Nazirliyin teatr müəssisələrinə teatra aid materialların muzeyə təhvil verilməsi ilə bağlı göstərişi var, bununla bağlı teatrlara xüsusi məktub göndərilib. Orada proqram və afişalardan tamaşalarla bağlı video çəkilişlər, eskizlərədək bir çox materialların muzeyə verilməsindən söhbət gedir.
   - Son dövrlərdə muzeyə hansı maraqlı eksponatlar daxil olub?
   - Təkcə bu il ərzində muzeyin fonduna həm Bakı, həm də bölgə teatrlarından 2000-dən artıq eksponat daxil olub. Görkəmli rejissorumuz Tofiq Kazımovun arxivi ailəsi tərəfindən Teatr Muzeyinin fonduna təqdim olunub. Burada sənətkarın qeyd dəftərləri, məktubları, fotolar və s. var. Əməkdar rəssam İsmayıl Məmmədovun teatr üçün çəkdiyi geyim eskizləri fonda daxil olub. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev özü teatrla bağlı topladığı materialları muzeyə bağışlayıb. Musiqili Komediya Teatrının «O olmasın, bu olsun», «Bankir adaxlı» tamaşalarından kostyumlar muzeyə verilib.
   - Mütəxəssislər, araşdırmaçılardan başqa, sadə vətəndaşların muzeyə marağı nə dərəcədədir?
   - Bu il ərzində - yəni noyabr ayınadək muzeyə dörd min tamaşaçı gəlib. Ziyarətçilər arasında məktəblilər, tələbələr çox olur. Beynəlxalq Teatr Günündə, Milli Teatr Günündə, beynəlxalq “Muzeylər gecəsi” aksiyası çərçivəsində müxtəlif tədbirlər təşkil edir, “Açıq qapı” günləri keçiririk. Bu günlərdə, əlbəttə, muzeyə gələnlərin sayı əvvəlki günlərdən çox olur.
   - Muzeydə daha hansı tədbirlər keçirilir?
   - Bilirsiniz, muzeyə ziyarətçi cəlb etmək üçün müxtəlif tədbirlər vacibdir. Biz də buna önəm veririk. Məsələn, “Muzeylər gecəsi” aksiyası dünyada geniş yayılıb. Bir neçə ildir ki, Azərbaycanın muzeyləri də bu aksiyaya qoşulub: may ayında keçirilən bu aksiyada muzeylərdə birgə tədbirlər, sərgilər, konsertlər təşkil olunur. Məqsəd də axşam saatlarında muzeylərin tamaşaçılara qapı açmasıdır. Bundan əlavə, görkəmli teatr xadimlərimizin yubileylərini qeyd edirik. Xalqımızın tarixi günləri, ictimai əhəmiyyətli tarixləri ilə bağlı tədbirlər təşkil edirik.
   - Başqa ölkələrin teatr muzeyləri ilə əlaqələriniz varmı?
   - Dünyada teatr muzeyi çox azdır. Bizim teatr muzeyi Cənubi Qafqazda yeganə belə muzeydir. Hətta keçmiş Sovet İttifaqında Moskvada Baxruşin teatr muzeyindən sonra ikinci belə muzey idi. Əlbəttə, müxtəlif ölkələrdəki həmkarlarımızla yazışmalar aparırıq. Bu yaxınlarda Ukraynanın Xarkov şəhərindən bizə məktub gəldi. Tixomirov familiyalı rəssam bir müddət teatr üzrə Azərbaycanda işləyib, tamaşalara eskizlər çəkib. O eskizlər bizim teatrın fondunda saxlanılırdı. Rəssam bu eskizlərlə maraqlanırdı.
   - Teatrlar öz arxivini muzeylərə verirlər. Bəs aktyorlar necə, şəxsi arxivini teatr muzeyinə təqdim edirlərmi?
   - Əvvəllər gözəl bir ənənə vardı - aktyor sağlığında öz arxivini muzeyə bağışlayırdı. İndi hətta tədbir keçirəndə belə bəzən onların özündən materialları ala bilmirik, əsasən tapdığımız materiallarla kifayətlənməli oluruq. Bəzən aktyorlar özləri bizdəki fotoşəkillərinin üzünü çıxarıb götürürlər. Odur ki, sənətkarlarımızın bu işə, şəxsi arxiv yaradılmasına daha diqqətli olmasını istərdik. Əlbəttə, şəxsi arxivini bağışlayanlar da var. Muzeydə 600-dən çox şəxsi arxiv var.
   - Müasir tamaşaçının tələbləri köhnə muzey anlayışı ilə üst-üstə düşmür. Muzeyə tamaşaçı cəlb etmək üçün hansı yeniliklər tətbiq edirsiniz?
   - Uzun müddət belə bir fikir formalaşıb ki, muzeylər tarixə aid materialların toplandığı və qorunduğu məkandır. Haqlısınız, artıq vəziyyət başqadır. İnsanların dünyagörüşü, maraqları dəyişib. Muzeylər də öz fəaliyyətini buna uyğun şəkildə qurmalıdır. Muzey işinin yaxşılaşdırılması, regionlarda olan muzeylərin dünya standartlarına çatdırılması haqqında Prezident sərəncamları var. Ona görə muzeylər maddi-texniki bazasını, ekspozisiyasını müasir tələblərə uyğunlaşdırmağa çalışır. Biz də bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir, uşaqlar arasında teatr ideyasını yaymaq üçün dərnəklər təşkil edirik. İnteraktiv metodlar axtarılır. Bizim muzeyin 3D texnologiyalı saytı fəaliyyət göstərir. Bu, respublika muzeyləri arasında ilk və hələ ki, yeganə belə texnologiyalı saytı olan muzeydir. Saytda interaktivliyi qorumağa çalışmışıq - müxtəlif əyləncəli pazllar, oyunlar təşkil edirik. Muzeyimizdə video yazılışlar var. Səs yazılarını disklərə köçürmüşük. Tamaşaçılar üçün səs yazılarından da istifadə edə bilərik. Ötən əsrin 30-cu illərində tamaşalar şüşə neqativlərə çəkilirdi. O şüşə neqativlərdən foto aşkarlamaq mümkün olmurdu. Musiqi redaksiyasında belə bir avadanlığın olduğunu öyrənəndən sonra o şüşə neqativləri aşkarlaya bildik. Muzey eksponatlarının elektronlaşdırılması ilə də məşğul oluruq. Bir sözlə, sənət tariximizi yaşadan bu məkana daha çox ziyarətçi, sənətsevər cəlb etməyə çalışırıq.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar