Bu günlərdə Bakıda keçirilən "Azərbaycan-UNESCO mədəni əməkdaşlıq: 20 il" konfransının iştirakçıları arasında təşkilatın milli komissiyalar və vətəndaş cəmiyyəti şöbəsinin direktoru Genc Seit də var idi. Onunla müsahibəmizdə UNESCO-Azərbaycan əlaqələri ilə bağlı bəzi məqamlara toxunduq.
- Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın qurulmasından 20 il ötür. Mümkünsə, ölkəmizlə qurum arasındakı münasibətlərin səviyyəsi ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz...
- Əvvəlcə deyim ki, Bakıda olduğumdan çox xoşbəxtəm. Düşünürəm ki, Azərbaycan UNESCO-nun ən böyük tərəfdaşlarından biridir. Təşkilatın fəaliyyətində 5 vacib istiqamət mövcuddur: təhsil, elm, təbii elmlər, mədəni kommunikasiya və informasiya. Azərbaycan ilə təhsil, xüsusilə mədəniyyət, mədəni irs sahəsində layihələrimiz, əməkdaşlığımız mövcuddur. Demək olar ki, qurumun səlahiyyətində olan bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində yüksək səviyyədə münasibətlər qurulub. UNESCO-Azərbaycan əlaqələrinin 20 illik yubileyinin geniş tədbirlə qeyd olunması da ölkənizin qurumla əməkdaşlığa verdiyi önəm və diqqətin göstəricisidir. Mədəniyyətin bütün növlərində sıx əməkdaşlığımız yaranıb. Bu işdə UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etmək istəyirəm. Onun köməyi sayəsində maddi irs sahəsində əməkdaşlığımız xüsusilə inkişaf edir. Təsadüfi deyil ki, UNESCO-nun Parisdəki baş qərargahında keçirilən bir sıra tədbirlər, gerçəkləşən layihələrə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən böyük dəstək verilir.
Heydər Əliyev Fondu və UNESCO arasında bir sıra layihələr də gerçəkləşdirilir. Bu layihələr Azərbaycan mədəniyyətini, ənənələrini beynəlxalq aləmdə daha geniş tanıdır, mədəni mübadilə aparır. Əlbəttə ki, bu da UNESCO cəmiyyətinin axtardığı hədəflərdir. Bu günə qədər Azərbaycan muğamı, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan, Azərbaycanın xalça və aşıq sənəti təşkilat tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilib və bu iş davam edəcək.
- UNESCO ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivlərini necə görürsünüz?
- Perspektivlər çox yaxşıdır. Sevindirici haldır ki, Azərbaycan 2013-cü ildə UNESCO-nun maddi irs komitələrinin toplantısına ev sahibliyi etmək təklifini irəli sürüb. Bu da ölkənin birinci xanımı Mehriban Əliyevanın səyləridir. İnanırıq ki, onun fəaliyyəti nəticəsində belə təşkilatçılıq işləri daha çox olacaq. Məsələn, bu yaxınlarda UNESCO-nun Bioetika komitəsinin Bakıda toplantısı keçirildi. Yəni bu əməkdaşlıq təkcə mədəniyyət sahəsində deyil, elm, təhsil sahələrində də inkişaf edir.
- UNESCO da Azərbaycanda keçirilən bir sıra beynəlxalq tədbirlərə dəstək verən əsas təşkilatlardandır. Məsələn, elə götürək Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumunu...
- Forumun keçirilməsi UNESCO-nun birbaşa marağında idi. Qurum dünyanın müxtəlif ölkələrində belə tədbirlər keçirir. Biz müxtəlifliyin təmin olunmasına çalışmalıyıq. Müxtəlifliyin təmin olunması dünyanın müxtəlif yerlərində toqquşmaların, xüsusilə də milli və etnik zəmində qarşıdurmaların, islamofobiyanın qarşısının alınmasında ciddi rol oynaya bilər. Azərbaycan sivilizasiyaların qovuşduğu bir yerdir. Ümumi mənzərə imkan verir ki, bu ölkə müxtəlifliyin təmin olunması, mədəniyyətlərarası dialoqun davam etdirildiyi bir məkan kimi götürülsün. Azərbaycanda başlayan bu dialoqu gələcəkdə müxtəlif forumlar səviyyəsində başqa yerlərdə də davam etdirmək olar.
UNESCO Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verir. Deyərdim ki, ölkəniz UNESCO-nun böyük dostudur. Sevindirici haldır ki, Azərbaycan qoşulduğu mədəniyyət konvensiyalarının bütün prinsiplərini yerinə yetirir. Mədəni irsin qorunmasına, musiqiyə, ədəbiyyata böyük diqqət göstərilir. Azərbaycanda musiqi ənənələri qorunur. Hər il beynəlxalq muğam müsabiqələri keçirilir. Ölkənizdə klassik və caz musiqisində beynəlxalq festivallar keçirilir. Bütün bunlar göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə dərin mədəni irsi və tarixi, ənənələri mövcuddur. Ümumiyyətlə, Azərbaycan mədəniyyət ölkəsidir və biz ölkənizlə əməkdaşlığa xüsusi dəyər veririk.
Mehparə