Cəmilə Kərimova: “Rəqs edəndə emosiyalardan, düşüncələrdən azad olursan”
Zövqümüzü itiləmək, gözəllik, harmoniya, sevgiyə köklənmək üçün üz tutmalı mədəniyyət məkanlarımızdan biri də Opera və Balet Teatrıdır. Fiziki və ruhi gözəlliyin birgəliyindən, harmoniyasından həzz almaq necə əziyyətlər bahasına başa gəlir - təxmin edirik. Bu gözəl sənətin mətbəxinə girmədən, sənəti qədər gənc və gözəl, teatrın aparıcı balerinalarından biri olan Cəmilə Kərimova ilə söhbətimizi sizə təqdim edirik.
- Bakıda doğulmuşam. 11 yaşımdan rəqslə məşğul olmuşam. Bakı Xoreoqrafiya Məktəbinin məzunuyam. Anam Əməkdar artist Töhfə Babayeva musiqiçidir və incəsənətlə məşğul olmağımı o istəyib. Rəqsə həvəsimi görüb və istəyib ki, mən peşəkar rəqslə - baletlə məşğul olum. Bəxtim gətirdi ki, çox yaxşı pedaqoqlardan, əsl peşəkarlardan dərs aldım. İlk müəllimim Roza xanım Hacıyeva oldu, sonra Tamila xanım Şirəliyevadan dərs aldım. Hələ Xoreoqrafiya Məktəbində oxuyanda müxtəlif konsertlərdə, tədbirlərdə iştirak edirdim. Məktəbi fərqlənmə diplomu ilə bitirəndən sonra məni Moskvaya, Böyük Teatrın nəzdindəki Xoreoqrafiya Akademiyasına bir illik təcrübə kursuna göndərdilər. Buna görə Mədəniyyət və Turizm Nazirliyinin, Xoreoqrafiya Məktəbinin rəhbərliyinə minnətdaram. Qayıdandan sonra məni Opera və Balet Teatrına işə götürdülər. Artıq ikinci mövsümdür ki, teatrdayam. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsiyəm. Teatrda üç aparıcı partiyanı ifa edirəm. Əlbəttə, balet sənətinin zirvəsi olan «Qu gölü»ndəki aparıcı partiyanı - Odetta və Odilliyanın partiyasını ifa etdim. «Xanım və xuliqan» tamaşasında Xanımı, «Arlezianka» baletində əsas partiyalardan birini ifa etdim. Bu tamaşalar repertuardadırlar. Sağ olsunlar, öz imkanlarımı ifadə etmək üçün teatrın rəhbərliyi mənə inandı və şans verdi, aparıcı partiyaları mənə etibar etdi. Baxmayaraq ki, çox gəncəm və təcrübəli sayılacaq yaşda deyiləm. Kordebalet daxil olmaqla teatrın əksər tamaşalarında oynayıram.
- Baletdə improvizəyə yer yoxdur. Balet artistinə özünü ifadə etmək nə dərəcədə asandır?
- Rəqslə qurulmuş tamaşaları xoreoqraf bir dəfə qurur və redaktələr nadir hallarda olur. Siz haqlısınız, burada rəqslər, hərəkətlər eynidir. Hamının dünyası eyni deyil, hər kəs o rəqsə öz daxili dünyasını gətirir və ona görə də hər kəsdə fərqli alınır. Hər ifaçı öz emosiya və həyəcanları ilə ifasını individual edir. Bu ona oxşayır ki, «Hamlet»də Ofeliyanı oynayan hər bir aktrisanın söylədiyi mətn eynidir, amma hər aktrisa bunu ayrı tərzdə deyir. Onların qəhrəmanları bir-birindən fərqlənir. Baxmayaraq ki, mətn eynidir.
- Balet sənətçisinin qəribə taleyi var. Gözəllik, estetika etalonu olur, amma müəyyən yaşdan sonra artıq səhnəyə çıxıb rəqs edə bilmir. Dramatik aktyor qoca da olsa, tamaşada oynayır, amma balerina 35-37 yaşdan sonra səhnəni tərk etməlidir. Bu həqiqət sizi qorxudurmu?
- Balet sənətçisi gözəllik etalonudur. O ideal, proporsional bədən quruluşuna sahib olmalıdır, qidalanma rejimi və özünü formada saxlamaq üçün qaydaları olmalıdır. Balet gəncliyin sənətidir. Mənim 21 yaşım var, teatrda ikinci mövsümdür ki, çalışıram və hələ ki, bu barədə düşünmürəm. Amma karyera bitəndən sonra da tamamən bu işdən uzaqlaşmırsan axı. Düzdür, tamaşaçı qarşısında səhnədə oynamırsan, amma pedaqoq kimi çalışa, baletmeyster işləyə bilərsən. Mən Mədəniyyət və İncəsənət Universitetində oxuyuram və pedaqoqluq peşəsini də öyrənirəm. Başqa sahədə məşğul olacağımı düşünmürəm və bu ona görə də qorxulu gəlmir. Rəqslər qurmaq, tamaşa hazırlamaq, xoreoqraf işləmək olar.
- İfa etmək istədiyiniz partiyalar, rollar, baletlər və ya başqa janrlar varmı?
- Mən klassik balet tamaşalarını çox sevirəm. Klassika nümunəvi, ideal rəqsdir. Hər şey dəqiq, düzgün haldadır. Özünü klassik formada hiss etmək çox gözəldir.
«Qu gölü» baletini oynamaq mənim uşaqlıqdan ən böyük arzum idi. Bu taktları çox sevirəm. Amma əlbəttə arzular bitmir. Mən çox istəyirəm ki, repertuarımda milli baletlər olsun. Yəni bu baletlərdə aparıcı partiyaları oynamaq istəyərəm. «Yeddi gözəl», «Qız qalası» kimi. Modernə gəlincə isə, bu, çox maraqlıdır. Burada sərhəd və çərçivə yoxdur. Tam azadlıqdır. Amma, məncə, bu tamaşaları klassika ilə paralel oynamaq lazımdır. İfaçı özünü itirməsin deyə, bu yol daha düzgündür. Rollara gəlincə, isə mən lirik partiyalar oynamışam. Amma stereotip olaraq bir səpkili rollar istəmirəm. Xarakterik, oyunbaz rollar oynamaq istəyirəm.
- Cəmilə xanım, boş vaxtlarınızda hansı musiqiyə qulaq asırsınız?
- Klassik musiqi dahiyanədir. Çaykovskinin, Bethovenin musiqisini çox sevirəm. Qara Qarayevin, Fikrət Əmirovun musiqisi çox xoşuma gəlir. Latın Amerika ritmləri olan musiqiləri dinləməyi də xoşlayıram. Bu musiqilərdə rəqs ritmləri var. Rəqs ritmləri olan musiqi ürəyimcədir.
- Siz qulaq asa-asa fikrən rəqs edirsiniz?
- (gülür) Elədir. Bəzən mən musiqiyə qulaq asanda özümü unuduram. Əlbəttə, bu təhlükəlidir, amma musiqi insanı öz ritminə-sehrinə sala bilir. Şakiranın rəqsi xoşuma gəlir. Onun rəqsi özünəməxsusdur. Kumirlərimə gəlincə, Lyudmila Semenyaka, Yekaterina Maksimovna, Svetlana Zaxarovanın ifalarını sevirəm. İndi onların və daha başqalarının ifalarını görmək üçün onlarla imkan var. İnternetdən izləyə bilirsən. Azərbaycanda pedaqoqum Tamilla xanım Şirəliyeva mənim üçün balerina etalonudur. Ona oxşamaq, onun kimi rəqs etmək istəyirəm.
- «Qu gölü»ndən danışdınız. Ağlıma bir sual gəldi. Rəqs: bədən-hərəkət insanın təbiətdən gələn harmoniyasıdır. Siz hər tamaşada harmoniyaya can atırsınız. Biz cəmiyyətdə, urbanik bir məkanda yaşayırıq. Ətrafda sizin harmoniyanızı pozan, sizi qıcıqlandıran nə var?
- Mən neqativ heç nə görmürəm. Hər şey - insanlar, onların qayğıları, hərəkətləri ümumən harmonikdir, özünəməxsus ritmləri var. Tamaşaya gələn gərgin, narahat tamaşaçı bizim tamaşalarımızla sərbəstləşir, rahatlanır. Biz onu inandırmalıyıq ki, məhəbbət, xeyirxahlıq həmişə qalib gəlir. Bu, həqiqətən belədir. Tamaşaçı barədə də çox nikbinəm. Onların baleti sevdiyini hiss edirəm.
- Tamaşa prosesində zaldan gələn xoş enerji, alqışlar zamanı bayaq dediyiniz hiss etdiyiniz o xoşbəxtliyi sözlə ifadə edə bilərsiniz?
- Doğrudan da, bunu sözlə ifadə etmək çətindir. Bu, böyük bir xoşbəxtlikdir. Elə bil uçursan. Sən bütün fiziki, ruhi enerjini tamaşaya verirsən, qəhrəmana ötürürsən və o enerjini tamaşaçı alqışları sənə başqa bir şəkildə qaytarır. Bu, böyük bir həzzdir. Balet incəsənətin ən gözəl növüdür. Rəqs edəndə emosiyalardan azad olursan. Düşüncələrdən azad olursan. Daxili dünyanla həmahəng olursan. Rəqs azadlıqdır...
Aliyə