Tahir Sadıqov: “Bu, ölkəmizdə kitabxanaçılıq təcrübəsində mühüm nailiyyətdir”
   
   Ölkəmizdə kitabxana işi sahəsində mühüm yenilik olan AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin Toplu kataloqunun yaradılması həm kitabxanalar, həm də oxucular üçün geniş imkanlar açır. Müsahibimiz mərkəzləşmiş kataloqlaşdırma xidmətinin təşkilində iştirak edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov və sistem inzibatçısı Solmaz Osmanovadır.
   
   - Tahir müəllim, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində kitabxananız İKT üzrə nə kimi yeniliklər həyata keçirmişdir?
   - C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası geniş istifadəçi kontingentinə xidmət edir. Bu xidməti müasir tələblər səviyyəsində təşkil etmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində maraqlı layihələr həyata keçiririk. Dövlət Proqramının həyata keçirilməsi istiqamətində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloqun yaradılması və istifadəçilərə fasiləsiz on-line xidmətlərin göstərilməsi, informasiya mərkəzinin qurulması və digər həlli vacib məsələlər yerinə yetirilmişdir. Rusiyanın EBNİT Assosiasiyasının İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi proqram təminatı tətbiq edilərək kitabxana-biblioqrafiya proseslərinin tam avtomatlaşdırılması həyata keçirilmişdir. Kitabların kataloq kartoçkaları, formulyarlar, kitabxana statistikası, oxucu qeydiyyatı, kitab verilişi, komplektləşdirmə, nüfuzlu ad faylları, sənədin elektron çatdırılması, tam mətnli xidmət - ümumilikdə bütün kitabxana xidmətlərinin kompleks avtomatlaşdırılması günün tələbləri səviyyəsində çatdırılmışdır. Oxucu kitabxanamıza daxil olduğu andan qısa bir müddətdə sorğusuna konkret cavab ala bilir.
   - 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında ölkə Prezidentinin 2013-cü il 16 yanvar tarixli sərəncamı sizin kitabxana üçün hansı perspektivlər açır? Oxuculara bu il hansı yeni müasir xidmətlər göstərəcəksiniz?
   - Üzərində işlədiyimiz və artıq yaradılmış AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin respublika miqyasında həyata keçirəcəyi xidmətin həmin sərəncamla üst-üstə düşəcək uğurlu layihələrdən biri olacağına şübhəm yoxdur. Bu il biz İKT-nin tətbiqi və müvafiq işçi qrupun (kitabxanaçı və İT mütəxəssislərinin) iştirakı ilə yaradılan AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin Toplu kataloqunu kitabxanalar şəbəkəsinin və fərdi oxucuların istifadəsinə verməklə, ölkəmizdə ilk dəfə olaraq yeni mərkəzləşmiş kataloqlaşdırma xidmətini həyata keçirməyi qarşıya məqsəd kimi qoymuşuq. Hazırda ilkin mərhələ olaraq Toplu kataloqu on-line istifadəyə vermişik. 24 saat ərzində oxucuların və kitabxanaların çoxşaxəli sorğularına xidmət etməklə respublikanın kitabxanalarında bibliorqafik yazıların Toplu kataloqdan birbaşa Elektron kataloqa yüklənməsi həyata keçirilir (www.AZLİBNET.az). AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin serverində respublikanın şəhər və rayon kitabxanalarının web şlyuzlarının birləşdiyi vahid Web Mərkəz yaradılmışdır. Web Mərkəz də öz növbəsində Bakı, Sumqayıt şəhərləri və region MKS-nin elektron kataloqlarının fasiləsiz (rayon Mərkəzi Kitabxanasının internet, elektrik enerji təchizatı var, ya yoxdur kimi faktorlardan asılı olmayaraq) işləməsini təmin edir. Bu, ölkəmizdə kitabxanaçılıq təcrübəsində mühüm bir nailiyyətdir ki, bunu bizim kitabxana həyata keçirmişdir.
   - Növbəti sualı sistem inzibatçısı Solmaz Osmanovaya ünvanlayırıq. AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin Toplu kataloqu oxuculara nə verəcək?
   - Respublika Gənclər Kitabxanasının nəzdində Milli İnformasiya-Resurs Mərkəzinin yaradılması Azərbaycanda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində ilk təcrübə olmaqla yanaşı, kitabxanalarda biblioqrafik yazıların bir mərkəzdən idarə edilməsi və təkrarçılığın aradan qaldırılmasını təmin edəcək. Toplu kataloq xidmət etibarilə əslində kitabxanalar şəbəkəsi üçün yaradılır və Mərkəzləşmiş kataloqlaşdırma funksiyasını yerinə yetirir. Bununla yanaşı, həm də fərdi oxuculara da xidmət göstərir. İstifadəçi kitabxanaya daxil olan istənilən ədəbiyyatı Toplu kataloqa müraciət edərək tapır və onu öz kataloquna yükləyə bilir. Oxucu istənilən anda, məkandan, məsafədən, zamandan asılı olmayaraq kompyuter, netbook, mobil telefon və digər İKT vasitələri ilə Toplu kataloqa daxil olub istədiyi sorğunu verməklə həmin ədəbiyyatın hansı kitabxanada yerləşməsini təyin edir və onun sifarişini verir. Bir çox hallarda isə onun elektron versiyasını (əgər elektron versiyası kitabxana tərəfindən hazırlanıbsa) oxuya bilir. Məsələn, Toplu kataloqa daxil olub axtarış sahəsində “Nizami Gəncəvi” sözlərini yazırıq. Sorğumuza 41 sayda sənəd çıxır və bu sənədlər AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin Toplu kataloqunda respublikanın 4 iri kitabxanasının Elektron kataloqunda olan biblioqrafik yazılardır ki, ayrı-ayrılıqda həmin kitabların hansı kitabxanada olduğunu göstərir.
   Toplu kataloqdan istifadə etməklə komplektləşdirmə ilə məşğul olan kitabxanaçı daha onun təsvirini etməyəcək, bununla da vaxta, işçi qüvvəsinə qənaət ediləcək. Bundan başqa, düzgün biblioqrafik təsvir forması əldə edərək kataloqunu dünya standartları səviyyəsində qurmağa çalışacaqdır. Toplu kataloqun təşkili ilə respublikada Vahid kataloqlaşdırma mərkəzi yaranmışdır. Artıq kitabxanalar komplektləşdirdiyi hər bir kitabın hazır təsvirini əldə edərək onu birbaşa öz kataloquna yükləyəcək.
   - Solmaz xanım, Toplu kataloqda respublikanın hansı kitabxanalarının resursları var?
   - AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzi Toplu kataloqunun biblioqrafik yazıları respublikanın 4 iri kitabxanasının kataloqunu əks etdirir: Prezident Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köcərli adına Respublika Uşaq Kitabxanası, Sumqayıt MKS. Toplu kataloq kitabxana-biblioqrafiya proseslərinin dünya standartlarına uyğun səviyyədə qurulan bütün AKİS biblioqrafik yazılarını konvertasiya edir. Elektron kataloqda axtarış və kitabın (təsvirin) birbaşa hansı proqram təminatı olmasından asılı olmayaraq, işlək sistemə, yəni lokal kataloqa yüklənməsini təmin edir. Z39.50 protokolla işləyən istər Azərbaycan, istərsə də xaricdə olan kitabxanaların hamısı bu Toplu kataloqdan istifadə edə bilər. Toplu kataloqda axtarış bir neçə formada aparılır: kitabın müəllifi, sərlövhəsi, nəşr ili, redaktoru, tərtibçisi, buraxılışa məsul, beynəlxalq qeydiyyat nömrəsi (İSBN), KBT, nəşriyyat. Vacib deyil ki, bütün rekvizitlər daxil edilsin. Məsələn, kitabın müəllifini, sərlövhəsini və ilini daxil etməklə Toplu kataloqda həmin müəllifin bütün kitabxanalarda mövcud olan kitablarının siyahısı kitabxanaların adı göstərilməklə sıralanır. İstifadəçi istənilən kitabxanadan çıxan təsviri yükləyə bilər (sadəcə müəllifi daxil etməklə də axtarışa qoşulmaq mümkündür). Toplu kataloqun müsbət cəhətlərindən biri də odur ki, həm Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalar həm də qabaqcıl texnologiyaya, zəngin biblioqrafiyaya malik Prezident Kitabxanasının biblioqrafik yazıları kataloqda əksini tapmışdır. Respublikanın kitabxana işi tarixində ilk təcrübə olan bu mühüm yenilik “İnformasiya-kommunikasiya texnologiyaları ili"nə də mühüm töhfə sayıla bilər.
   - Tahir müəllim, növbəti sualımız sizədir. Toplu kataloq kitabxanaçı əməyinin asanlaşdırılması istiqamətində kitabxanalara hansı üstünlüklər verəcək?
   - Toplu kataloqdan istifadə kitabxanaçı əməyinin asanlaşdırılmasına xeyli kömək edəcək. Məsələn, kitabxanaya bir partiya kitab daxil olur. Komplektləşdirici ilk növbədə Toplu kataloqa daxil olub sıra ilə kitabları axtarıb tapır və yazını isə fayl şəklində götürüb Elektron kataloqa daxil edir. Artıq o, vaxt sərf edərək kitabı təsvir etmir. Həmin kitabın kartoçkasını, formulyarını çap edərək çıxarır. Toplu kataloqun üstünlüklərindən biri də odur ki, hətta proqram təminatı tətbiq etməyən və ənənəvi kitabxanaçılıqla işləyən kitabxanalar biblioqrafik yazıları mətn formatında veb səhifədən köçürməklə, kağız kartoçkalarını printerdən çıxara bilər, əlyazma kartoçkaya əlvida demiş olar.
   - Toplu kataloq Azərbaycanda yaradılan milli elektron resursların, biblioqrafik yazıların keyfiyyətini yüksəltmək, onların vahid mərkəzdən yoxlanılmasını təmin etmək istiqamətində hansı üstünlüklərə malikdir?
   - Artıq respublikanın kitabxanalarının çoxu avtomatlaşdırılmışdır. AZLİBNET Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalarının bazasında ilk dəfə olaraq milli resurslar əsasında respublika kitabxanalarını tam əhatə edən unikal bir sistemin yaradılması və istifadəyə verilməsi ölkəmizin siyasətinin elektron dəstəklənməsinə xidmət edir. Kataloqda olan kitablara siqla verilmişdir və bu da biblioqrafik yazıların keyfiyyətini yüksəltməyə xidmət edir. Axtarış zamanı axtarılan kitabın mənbələrini (eyni kitabın daha hansı kitabxanada olduğunu) dəqiq göstərir. Komplektləşdirici isə artıq bilir ki, hansı kitabxana daha keyfiyyətli təsnifləşdirməyə malikdir. Bir məsələni də qeyd etmək yerinə düşərdi. Kitablara siqla verilməsi də Azərbaycan kitabxanaçılığında ilk təcrübədir. Bunu da Toplu kataloqun tərkibində ilk dəfə olaraq C.Cabbarlı adına kitabxana həyata keçirmişdir. Toplu kataloqa daxil olan biblioqrafik yazılar respublikanın iri və tanınmış kitabxanalarının mütəxəssisləri tərəfindən beynəlxalq təsnifləşdirmə sistemlərinin yenilənmiş qaydaları ilə hazırlanmışdır. Toplu kataloqa daxil olan hər bir kitabxana işçisi işlədiyi kitabxanada olan, lakin müasir standartlara uyğun olmayan formada təsvir olunmuş kitab üçün sorğu verəcək. Tapılan kitabın bir neçə təsvir formasını tapacaq və istədiyi biblioqrafik təsviri yükləyərək öz kataloqunda yerləşdirəcək. Bununla da mərkəzləşmiş yoxlama funksiyasını həyata keçirmiş olacaq.
   Təsvirin Toplu kataloqdan alınması respublikada kitabxana kataloqlarının yazılarının müasir standartlara uyğun və düzgün yazılmasını təmin etməklə yanaşı, həm də istər fərdi oxucuya, istərsə də kitabxananı təmsil edən oxucuya imkan verəcək ki, axtardığı kitabın fiziki olaraq daha hansı kitabxanalarda olduğunu müəyyən etsin.
   - Oxucu Google axtarış saytında kitabın ünsürlərini daxil etməklə AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin Toplu kataloquna öz resurslarını daxil edən kitabxananın təsvirlərindən yararlana bilərmi?
   - Əlbəttə. İstər fərdi oxucu, istərsə də kitabxanalar Google axtarış saytında AZLİBNET-in Toplu kataloqunun xidmətlərindən istifadə edə bilər. Lakin Google axtarış saytında həm AZLİBNET Milli İnformasiya-Resurs Mərkəzinin (WEB Mərkəzin) fasiləsiz işləyən WEB kataloqları, həm də digər sonsuz sayda olan müxtəlif axtarış resursları mövcuddur. Toplu kataloqdan yararlanmaq və ondan birbaşa istifadə daha səmərəlidir.