Mikayıl Mikayılov: “Biz hələ relslərə qoyulmuş qatar kimiyik. Qatarın getməsi üçün hər sahədə professionalların olması gərəkdir”
“Uşaqlığım teatrda keçib. Anam Sonaxanım Yuğ Teatrı yaranandan orada çalışır. Mən də onunla birgə teatra gəlir, məşqlərə, tamaşalara baxırdım. Nənəm xalq teatrında çalışırdı və ilk dəfə onun tamaşasında rol almışam, 6 yaşımda...”
Müsahibimiz rejissor Mikayıl Mikayılovdur. Onu aktyor kimi Pantomima Teatrından tanıyırıq. Filmlərə də çəkilib. Lakin bir müddət sonra quruluş verdiyi tamaşaların sorağı gəlməyə başladı. Gənc, istedadlı rejissor kimi. Xarici ölkələrdə teatr rejissorluğu üzrə təcrübə də keçib. “Viy adlı monstr haqqında dəlinin qeydləri”, “Əfğan” (Yuğ Teatrı), “Milyonçunun dilənçi oğlu” (Musiqili Komediya Teatrı), “Xanuma” (Akademik Milli Dram Teatrı), “Müsyö Jordan və dərviş Məstəli şah”, (2012, Karaqanda şəhəri, Qazaxıstan Dram Teatrı) tamaşalarına quruluş verib.
Xoreoqrafiya məktəbində təhsil alsa da, bu sənətin ardınca getməyib. Bir müddət fotomodel kimi də çalışıb. Sonrasını özündən dinləyək:
- Bir müddət özümü sənətdə axtardım, götür-qoy etdim. Opera və Balet Teatrında işləmək imkanı vardı, amma getmədim. Sonra Pantomima Teatrında hazırlanan “Uçuş” tamaşasına rəqsləri qurmaq üçün dəvət aldım. Elə oldu ki, bu teatrda qaldım.
- Bəs ali təhsil?
- Pantomima Teatrında fəaliyyətə başladığım ilk dövrlərdə artıq anlamağa başladım ki, rejissorluğun ardınca getməliyəm. Mədəniyyət və İncəsənət Universitetində kinorejissorluq ixtisası üzrə ali təhsil aldım.
- Nəyə görə kinorejissorluq?
- Mən teatr aləmində yaşayırdım və ətrafımda teatr rejissorları var idi. Onlardan çox bəhrələnirdim, öz üzərimdə işləyirdim. Yenidən ali məktəbdə bu təcrübəni keçmək istəmədim. Kino nəzəriyyəsi, kino qanunlarına yiyələnməklə teatr və kino arasında fərqləri öyrənməyə başladım.
- Bir müddət filmlər çəkməyə başladınız...
- “Ölülər və dirilər” (2004) adlı sənədli, “Pəri qala” (2007), “Biri vardı, biri yox” (2012) adlı qısametrajlı filmlər çəkmişəm. Bu bir dövr oldu. Sonra yenidən Yuğ Teatrına qayıtdım. Teatra daha çox bağlıyam.
- Həyat belə gətirir, yoxsa öz seçiminizdir?
- Mən deyərdim, yarı-yarıyadır. Təbii ki, teatra daha çox meylliyəm. Ancaq bəzən filmlərə baxdığım zaman düşünürəm ki, film çəkməliyəm. Hazır kinossenarilərim var. Mənim üçün kino və teatr bir-birinə bağlı və qırılmaz zəncirdir. Gələcəkdə filmlər çəkməyi planlaşdırıram. Ümid edirəm ki, daha böyük layihələr olacaq.
- Sizi Pantomima Teatrından aktyor kimi tanıdıq. Oradan sonra sənətdə inkişaf üçün nələr etdiniz?
- Hər insanın həyatında müəyyən mərhələlər olur ki, hansısa üsluba, formaya ehtiyac hiss edir. Pantomima Teatrından bir çox şeylər öyrəndim. Daha sonra yeni formalar axtarmağa başladım. Bir müddət televiziyada rejissorluq etdim. Bəlkə də sonrakı dövr üçün bu pauza lazım idi. Sonra, dediyim kimi, “Yuğ”a qayıtdım. Vaqif İbrahimoğlunun dərslərində iştirak etdim və nəhayət, aktyorluqdan teatr rejissorluğuna başladım. İlk tamaşam - “Viy adlı monstr haqqında dəlinin qeydləri” - Gürcüstanda festivalda nümayiş olundu. Sonra Musiqili Komediya Teatrında “Milyonçunun dilənçi oğlu” operettasını səhnələşdirdim. Bir neçə tamaşa da ard-arda gəldi. Paralel olaraq aktyor kimi də dəvətlər alıram. Mənim üçün aktyorluq da maraqlıdır.
- Müxtəlif teatrlarda tamaşalara quruluş verirsiniz. Sizin tamaşalarınız hər hansı auditoriya üçün nəzərdə tutulubmu?
- İlkin qurduğum tamaşalarda bu haqda az düşünürdüm. Xarici ölkələrdə tamaşa qurduğum zaman artıq auditoriyanı düşünməyə başladım. Elə tamaşalar var ki, onu hazırlayanda bilirsən ki, bu material yalnız bizim tamaşaçı üçündür. “Xanuma” tamaşasını misal gətirə bilərəm. Bu əsər sovet dövründə bir neçə ölkədə səhnələşdirilib və daha çox rus dilində oynanılıb. Lakin sovetlərdən o yana çıxa bilməyib. Hazırda Kamal Abdullanın əsəri əsasında “Şah İsmayıl, yaxud hamı səni sevənlər buradadır” tamaşasını səhnələşdirirəm. Tamaşa daha geniş auditoriya üçün nəzərdə tutulub. Dünyaya çıxa bilər. Çünki dramaturgiya buna imkan verir.
- Tamaşada nə görəcəyik? Quruluşda nə yeniliklər olacaq?
- Bu, tarixi mövzuda yazılmış pyesdir. Yenilik ondan ibarətdir ki, burada xəyalla gerçəkliyin, müasir və tarixi dövrün kəsişməsi var. Hər kəs gözləyir ki, tarixi əsərdir, gəlib divanxana, taxt-tac görəcək. Bunları gözləməyin. Tamaşada zaman və məkan şərti olacaq. Xəyali məkan görəcəksiniz. Biz hər hansı tarixi hadisəni fikirləşəndə xırdalıqlarda (mobil telefon və s.) müasirliyə yol veririk. Burada da insanlara zamanı diktə etməyəcəyik. Kamal Abdullanın əsərinin dramaturgiyası rejissoru çərçivəyə salmır.
- Demək, tamaşa rejissora azadlıq verdiyi kimi tamaşaçıya da azadlıq verəcək. Sizcə, tamaşaçı tərəfindən qəbul olunacaq?
- Sözsüz ki, tamaşaçı nədəsə razılaşacaq, nədəsə yox. Burada müxtəlif mövzular, toqquşmalar, dramaturji gedişlər var. Öncədən süjeti danışmaq istəmirəm. Ancaq tamaşa birmənalı qarşılanmayacaq.
- Teatr tənqidinə münasibətiniz necədir?
- Teatr tənqidi vacib amildir. Qoy tənqid müxtəlif olsun. Bəzən teatr tənqidində də səhv tuturlar. Mən tənqidə sevinirəm. İstər jurnalist, tənqidçi yazır, istər tamaşaçı fikrini bildirir. Bunu qəbul etmək lazımdır. Hər şeyin yaxşı olduğu hal yoxdur. Əsaslı tənqid növbəti səhvin qarşısını almaq deməkdir.
- Xarici ölkələrdə də tamaşa qurursunuz...
- Keçən il Qazaxıstanın Karaqanda şəhərində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını hazırladım. Öz ölkənin sərhədindən çıxandan sonra tamaşa qurmağın məsuliyyəti artır. Yaradıcı qrup və tamaşaçı auditoriyası başqadır. Nəticə gözləniləndən də yüksək oldu. Bu il həmin tamaşanı Antalyada keçiriləcək festivala aparacaqlar. Rusiyanın Tümen Dram Teatrına dəvət ediblər. Orada da “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini quracağam. Rusiyada müxtəlif üslublu tamaşalar quran rejissorlar çoxdur. İstəsələr, avropalı rejissor da dəvət edərlər. Onlara maraqlıdır ki, Azərbaycan əsərini azərbaycanlı rejissor necə quracaq.
- Bu gün Azərbaycan teatrı xaricdən necə görünür?
- Mən Rusiyada, Çexiyada təcrübələr keçmişəm. Avropa mühiti, təbii ki, keçmiş sovetlərdən fərqlənir. Avropa teatrının inkişaf yolu var. Onların dəqiq mexanizmi, professional komandaları formalaşıb. Rejissor yalnız öz işi ilə məşğul olur. Biz hələ relslərə qoyulmuş qatar kimiyik. Qatarın getməsi üçün hər sahədə professionalların olması gərəkdir.
- Rejissor üçün vacib olan əsas xüsusiyyətlər hansıdır?
- Uzun illər bu peşə ilə məşğul olduqdan sonra “artıq hər şeyi bilirəm” deyib yerində dayanmamaq. Daim öyrənməyə açıq olmaq lazımdır. Bu sənət öyrənməklə bitən deyil.
- Həyat yoldaşınız da sənət adamıdır. Problemlər olmur ki?
- Bir-birimizə dəstək oluruq. İş həyatımızı da bölüşürük. Teatr sənin həyatından ayrı deyil. Həyat yolunda şəxsi və iş həyatı bir-birinə xidmət etməlidir. Hər şey paralel getməlidir.
- Öz həmkarlarınıza və sənətçilərə nə demək istərdiniz?
- Bu sənətdə olanlar anlayırlar ki, çətin və maraqlı bir işlə məşğuluq. Bir-birimizə dayaq olaq, öyrədərək öyrənək. Daim ünsiyyət, mübadilə olsun. Nöqsan və uğurlarımızı görək, qiymətləndirək, düz yola istiqamət götürək.
- Tamaşaçıya nə deyərdiniz?
- Teatra gəlin. Biz də gözləntilərinizi doğrultmağa çalışacağıq.
- Arzularınız?
- Azərbaycanda tez-tez beynəlxalq teatr festivalları keçirilsin.
Söhbətləşdi: Reyhan İsayeva