“Düşünürdüm, rejissor assistenti olaram. Lakin əmim heç soruşmadan və mənə demədən aktrisa kimi ştata daxil etdi”
Həmsöhbətim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyevadır. Gənc, enerjili, həvəslidir. Bir çox tamaşalarda baş rolları oynayıb. Onunla söhbətdə mənə elə gəldi ki, kədərin nə olduğunu bilmir. Olduqca gülərüzdür. Masasının üzərində oxuduğu kitab (Q.Markesin “Patriarxın payızı”) və yeni qurulacaq pyes var idi. Dedi ki, rolu üzərində işləyir. İşləri çoxdur. Bu yaxınlarda iki tamaşa təhvil veriblər - “Qaraca qız” və “Şəngülüm, Şüngülüm, Məngülüm”. Yeni tamaşanın adını isə açıqlamadı. Paralel olaraq çəkilişlərə getdiyini dedi: “Aktrisa həyatı belə keçir. Daim tələsirsən, qaçırsan. Əsas odur ki, hər işə vaxtında çatasan”.
- Soyadın teatr aləmində kifayət qədər tanınır. Bu sənətə gəlməyinə soyadın kömək etdimi?
- Mərhum rejissor Hüseynağa Atakişiyev əmim olub. Uşaqlıqdan teatrı çox xoşlayırdım. Tez-tez tamaşalara gəlirdim. Orta məktəbdə qərar verdim ki, teatr sahəsinə gedəcəyəm. Atam məni əmimin yanına gətirdi. Onların köməkliyi ilə hazırlaşdım və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr rejissorluğu üzrə bakalavr və magistr təhsili aldım. Universitetdə oxuduğum zaman iş üçün Gənclər Teatrına gəldim. Mənə iş verdilər. Düşünürdüm, rejissor assistenti olaram. Lakin əmim heç soruşmadan və mənə demədən aktrisa kimi ştata daxil etdi.
- Heç qarşı da çıxmadın?
- Mən çox utancaq idim. Düşünürdüm, yəqin sadəcə ştat cədvəlində adım aktrisa kimi gedəcək. Lakin əmim Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş” əsərində Gözəl qız rolunu mənə verdi. İlk rolum idi, elə onunla da aktrisalıq başladı. Məncə, bərbad oynadım. Zamanla utancaqlıq da keçdi.
- Məşhur aktyor Nikolas Keyc əmisi - dünya şöhrətli kinorejissor Frensis Ford Koppolanın qohumu kimi qəbul olunmamaq üçün özünə yeni təxəllüs götürdü. Səndə bu fikir olubmu?
- Soyadımla fəxr edirəm. Azərbaycanda eyni soyadlı insanlar çoxdur. İşə başladığım ilk illərdə bu qohumluğu heç kim bilmirdi. Məncə, istedadın soyada bağlılığı yoxdur. Bəlkə soyadın, ilkin mərhələdə, hər hansı təsiri var. Lakin sonra istedad danışmalıdır.
- Aktrisa kimi istəyin nədir?
- Həmişə Cülyetta rolunu oynamaq istəyirdim. Bu da mənə qismət oldu. O, cəhətdən özümü xoşbəxt saya bilərəm. Oynadıqca zövq alıram. Hər dəfə də yeni nə isə tapıram. Arzusunda olduğum digər obrazları da canlandırmışam. “Yatmış gözəl”də, “Göyçək Fatma”da, “Qaraca qız”da baş rolları oynamışam. Oynamaq istədiyim daha xarakterik qadın obrazları da var idi, o da qismət oldu. “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Şərəfnisə obrazını yaratdım. Kinoda psixoloji rollar oynamaq istərdim. Amma hələ ki, bədii filmə çəkilməmişəm.
- “Qaynana” teleserialında Rəna rolunu oynayırsan. Teleserial uzun zamandır nümayiş olunur. Hələ bezdirməyib?
- Artıq iki mövsümdür davam edir. Hər seriyanın ssenarisini həvəslə gözləyirəm. O üzdən yorulduğumu, bezdiyimi deyə bilmərəm. Mənim üçün hələ də maraqlıdır.
- Obrazın həyatından razısan?
- Çox razıyam. Bu günlərdə daha maraqlı olacaq. Rənanın sevgi macərası ilə bağlı maraqlı məqamlar göstəriləcək. Obrazın daxili aləmi açılacaq, başına müxtəlif əhvalatlar gələcək.
- Kino bir dəfə çəkilir və bitir. Teatrda isə məşqlər gedir və dəfələrlə oynanılır. Obrazları mənimsəmə prosesindən danış...
- İlk məşqlərdə sadəcə sözləri öyrənmək lazımdır. Öncədən obrazı yaşasan, sonraya heç nə qalmayacaq. Ona görə də, məşqlərə o qədər də enerji və hissiyyat qoymuram. Çalışaram ki, bütün bunlar səhnə üçün qalsın və mənim özüm üçün də maraqlı olsun.
- Anladığım qədəri ilə teatrı çox sevirsən. Teatrı nəyə dəyişərdin?
- Düzdür, indi deyirəm, heç nə məni vadar edə bilməz bu addıma. Amma, həyatdır, bilmək olmaz. Bəzən istəmədiyin bir addımı atmaq məcburiyyətində qalırsan.
- Şöhrət hissin nə qədərdir?
- Məncə, yoxdur. Bəzən düşünmüşəm, başqa işə keçim, lakin alınmayıb. Səhnəni sevirəm, ona bağlanmışam. Təsəvvür edin, bir gün uşaq tamaşasında rol oynayırsan, səhəri gün Cülyettanı və ya Şərəfnisəni. Bu işi atıb getmək mümkün deyil. Ümumiyyətlə, səhnəni sevirəm desəm, daha düzgün olar.
- Universitetdə teatr rejissorluğu ixtisasını bitirmisən. Tamaşa qurmaq fikrin olubmu?
- Diplom işi hazırlayanda qurmuşam, bircə dəfə. Edvard Olbinin “Heyvanxanada nə baş verir” əsərini səhnələşdirdim. Ancaq aktrisa olaraq qalmaq istərdim. Rejissorluq olduqca çətindir.
- Teatrda bu gün nəyi dəyişərdin?
- Bu barədə düşünməmişəm. Onu dəqiq deyə bilərəm ki, inkişaf gedir, böyük irəliləyişlər var.
- Asya 50, 60, 70 yaşında. Arxaya çevrilib baxanda nəyi görmək istəyəcək?
- Çalışıram, daha çox mütaliə edim. Öz üzərimdə işləyirəm. Aktrisa kimi formalaşmağa çalışıram. Arxaya çevrilib baxanda bir çox şeyləri etmiş professional aktrisa görmək istərdim.
- Gənc aktyorların, aktrisaların intellektual səviyyəsi qane edirmi?
- Bəzilərinin hə, bəzilərinin yox. Ad çəkmək istəməzdim. İntellektual səviyyəsi az olan aktyora səhnədə baxanda hiss olunur. Sözlərin deyilişindən tutmuş, səhnə davranışına qədər. Gözləri hər zaman danışır.
- “Romeo və Cülyetta” - əfsanədir, məşhur əsərdir. Sən hər hansı məqsədin üçün cəmiyyətə qarşı dayana bilərsən? Ən azından ailənə qarşı çıxmaq...
- Belə bir problemlə üzləşməmişəm. Nə ailəm, nə ətrafım hər hansı istəyimə qarşı çıxmayıb. Bütün günü məşqlərdə, çəkilişlərdəyəm. Əksinə, dəstək olublar, şərait yaradıblar. Üzləşmədiyim situasiya barədə o qədər də fikirləşmirəm.
- Azərbaycan Televiziyasında “Əsgər anı” verilişini aparırsan...
- Yumoristik verilişdir. Artıq beş ildir, efirdədir. Əsgər boş vaxtında nə edir, onları göstəririk. Hərbi xidmət keçmiş sənət adamları qonağımız olur. Bir çox hərbi terminləri də öyrənmişəm. Bu da bir təcrübədir.
- Demək, döyüş, müharibə filmlərinə də çəkilə bilərsən?
- Çox istərdim, xüsusi döyüş bacarığı olan obrazı canlandırım. Bu yaxınlarda bu cür film izlədim. Düşündüm, olsaydı, sevə-sevə oynayardım. Niyə də yox?
- Hər hansı rolu oynamaq üçün həyatdan bəhrələnirsən?
- Əlbəttə ki, hər kəs eyni cür qorxmur, eyni cür sevinmir. Bu məqamları ətrafdakı insanlardan götürürəm.
- Həmkarlarına nə demək istərdin?
- Teatrla ciddi şəkildə məşğul olaq, canla-başla yanaşaq. Ən əsası məşğul olduğumuz işi sevək.
Söhbətləşdi: Reyhan İsayeva