“Azərbaycanla İSESCO arasında münasibətlər bütün sahələrdə nümunəvidir”
   
   Azərbaycanın yaxından əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı olan İSESCO-dur. Qurum 1979-cu ildə formalaşıb. Bu günlərdə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqları sırasında İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də var idi. Onu da qeyd edək ki, İSESCO Bakı Forumunun əsas tərəfdaşlarından biridir. Baş direktorla söhbətimizdə qurumla Azərbaycan arasında əməkdaşlıq və bu əlaqələrin gələcək perspektivləri, Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, müsəlman ölkələrində mədəni abidələrin qorunması və digər məsələlərə toxunduq.
   
   - Cənab Tüveycri, Azərbaycanla İSESCO arasında münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz?
   - Azərbaycanla İSESCO arasında münasibətlər bütün sahələrdə nümunəvidir. Azərbaycan hökuməti quruma dəstək və yardım edir. Bu əlaqələr çərçivəsində İSESCO Azərbaycanda bir sıra proqramlar həyata keçirib. Öz növbəsində Azərbaycan da İSESCO-nun təşkilatçılığı ilə bir sıra nazirlər konfransına ev sahibliyi edib. Təşkilatın Azərbaycanla sıx əməkdaşlığının mühüm bir hissəsini artıq ikinci dəfə Bakıda gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə belə mötəbər tədbirin Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu, vəhdət təşkil etdiyi bir şəhərdə keçirilməsi mühüm hadisədir.
   Bu ilin noyabr ayında isə biz Azərbaycan Prezidentinin iştirakı ilə Bakıda nazirlərin dördüncü İslam Konfransını keçirmək niyyətindəyik. Eyni zamanda, İSESCO-nun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, İslam Dünyası Universitetləri Federasiyasının üzvü olan Azərbaycan ali məktəbləri ilə də gözəl əlaqələri mövcuddur. Gələn il biz Avropanın və Şərqin bəzi universitetlərinin iştirakı ilə böyük bir konfrans keçirəcəyik. Tədbir İSESCO və Bakı Ali Neft Məktəbinin əməkdaşlığı ilə baş tutacaq. Mövzu elm, mühəndislik, neft məsələlərini əhatə edəcək. Biz Bakı Ali Neft Məktəbi ilə anlaşma memorandumu imzalamışıq. İlk əməkdaşlıq fəaliyyətimiz bu konfransdan başlayır. Düşünürəm ki, İSESCO Azərbaycanda proseslərin inkişafına cəlb olunur və ölkənin aparıcı ali məktəbləri ilə əlaqələr də bunun göstəricisidir.
   - Mayın 29-da Bakı Biznes Mərkəzində II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Milli Tolerantlıq Mərkəzinin təqdimat mərasimində iştirak etdiniz. Azərbaycanda belə mərkəzin yaradılmasını mədəniyyətlərin dialoqu baxımından necə dəyərləndirirsiniz?
   - Belə bir mərkəzin yaradılması həm dinlərarası, həm də mədəniyyətlərarası dialoqa nümunədir. Sevindirici haldır ki, Azərbaycan artıq bu sahədə dünyada aparıcı ölkələrdən biridir. Milli Tolerantlıq Mərkəzi hamımızın bölüşdüyümüz ortaq dəyərin ifadəsidir. Yeri gəlmişkən, deyim ki, İSESCO mərkəzlə əməkdaşlıq etməklə yanaşı, onun fəaliyyətinə dəstək verəcək. Əlbəttə, bu həm birgə əməkdaşlığımızı gücləndirəcək, həm də gözəl təcrübə mübadiləsidir. Bir sözlə, belə bir mərkəzi yaratmaqla mühüm missiyanı həyata keçirmiş oluruq.
   - İSESCO ilə Azərbaycan arasında gələcəkdə mədəniyyət sahəsində hansı birgə layihələr, planlar nəzərdə tutulub?
   - Biz elm və təhsillə bərabər, mədəniyyət layihələri ilə də məşğul oluruq. Bu, tarixi irsi, teatrı, musiqini, incəsənətin digər sahələrini əhatə edir. Məsələn, biz abidələrin mühafizəsi, eyni zamanda dialoq, mədəniyyətlərarası yanaşmalarla bağlı işlərə başlamışıq. Bu baxımdan Bakıda baş tutan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirirəm. Bildiyiniz kimi, İSESCO Bakı Forumunu dəstəkləyən qurumlardan biridir. Bu, təşkilatla Azərbaycan arasında tərəfdaşlığın səviyyəsini artırır, münasibətlərimizin daha sürətli inkişafına, irəliləyişinə gətirib çıxarır. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olan Bakı zəngin mədəniyyəti, elmi ilə dünya səviyyəsində tanınan tarixi şəhərlərdən biridir. Nəcib insanları, füsunkar təbiəti olan ölkəniz tarixən mövcud olmuş tolerantlıq mühiti, ayrı-ayrı xalqların dinc yanaşı yaşaması, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilir.
   - Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində bir çox tarixi və mədəni abidələrimiz dağıdılıb, talan edilib və bu talançılıq davam etməkdədir. Bu tarixi-mədəni abidələr həm də İslam dünyası mədəni irsinin bir hissəsidir. İSESCO-nun bu məsələ ilə bağlı mövqeyi necədir?
   - Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı İSESCO öz mövqeyini elan edib və biz bu gün də bu işğalı pisləyir, ona son qoyulmasını tələb edirik. Erməni silahlı qüvvələri işğal olunmuş torpaqları tərk etməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal altındakı ərazilərdə Azərbaycanın mədəni irsinə, tarixi abidələrinə qarşı törədilən əməllər qeyri-insani hərəkətlərdir. Beynəlxalq ictimaiyyət Ermənistanı ciddi şəkildə məcbur etməlidir ki, Azərbaycanın işğal edilmiş rayonlarında xalqa məxsus dini və mədəni abidələr mühafizə olunsun. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsi yerinə yetirilməlidir. Ermənistanın səlahiyyətli nümayəndələri beynəlxalq təşkilat nümayəndələrinə həmin yerlərə getməyə və Azərbaycan mədəniyyət abidələrinə vurulan zərbələrin, təcavüzün miqyasını görməyə icazə vermirlər. İstərdim ki, beynəlxalq təsisatlar bu məsələyə cəlb olunsunlar, bununla bağlı Ermənistana qarşı addımlar atılsın. Çünki bu abidələr həm də bəşəriyyətə məxsusdur və buna görə dünya birliyi baş verənlərə laqeyd yanaşmamalıdır.
   - Bir sıra müsəlman ölkələrində baş verən inqilablar, daxili toqquşmalar zamanı mədəni abidələr dağıntılara, məhvə məruz qalır. Ümumilikdə bu vəziyyətə İSESCO-nun münasibəti?
   - Bu çox acınacaqlıdır. İraq, Əfqanıstan, Suriya daxil olmaqla müxtəlif müsəlman ölkələrində baş verən silahlı münaqişələr zamanı təəssüf ki, insanlar özləri öz mədəni irslərini dağıdırlar. Mənə elə gəlir ki, bu məsələyə müdrik tərəfdən yanaşılmalı, insanlar baş verənlərin fəsadlarını daha dərindən dərk etməlidirlər. İslam dini birləşməyi, qardaşlığı, sülhü təlqin edir. Bu baxımdan müsəlmanlar öz keçmişlərindən bu günə ötürülən mədəni irsə həssas yanaşmalıdırlar. XXI əsr İslamın qızıl əsridir. Hətta Forumda bəşəriyyətin vacib problemlərindən biri olan etiqad və elmin bir-birinə inteqrasiyası kimi mühüm məsələni də gündəmə gətirdik. Etiqad və elm arasında bütün dövrlərdə uyğunluq mövcud olub. Bütün bunları nəzərə alsaq, doğrudan da, bu dağıntılara yol verən insanların dini bilgilərinin az olduğu ortaya çıxır.
   - Yeri gəlmişkən, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəbri Suriyanın Hələb şəhərindədir. Bakı Forumunda iştirak edən Suriyanın mədəniyyət naziri Hələbin qədim hissəsində yerləşən məzarın ziyan çəkmədiyini deyir. Lakin hadisələrə daha geniş spektrdən yanaşsaq, sizcə, bu ölkədə davam edən silahlı toqquşmalardan şairin qəbrinin də ziyan çəkəcəyi ilə bağlı narahatlıqlar nə dərəcədə əsaslıdır?
   - Suriyada davam edən silahlı toqquşmaların tarixi-mədəni irsə də ziyan vuracağı bizi çox narahat edir. Suriyada hakimiyyətlə üsyançı qüvvələrin apardığı müharibədə Hələb şəhəri kimi qədim mədəniyyət və tarixi abidələr mərkəzi də darmadağın edilir. Bu baxımdan Nəsiminin məzarının da bombardmanlara məruz qala biləcəyindən narahatam. Nəsimi Azərbaycanın böyük şairidir. Onun nəşi Azərbaycana, doğulduğu torpağa gətirilməlidir ki, ruhu şad olsun. Belə bir addımın atılması tarixi baxımdan da yaxşı olardı. Nəsiminin Hələb şəhərində öldürüldüyünü bilirik. Amma onun doğulduğu yer, Vətəni Azərbaycandır.
   - Son olaraq bir daha Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna qayıtmaq istərdik. Forumdan gözləntiləriniz nədir?
   - Bakıda belə dünya miqyaslı tədbirin keçirilməsi çox gözəldir və sevindirici haldır ki, İSESCO da onun təşkilatçılarından biridir. Bu zəmində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İSESCO arasında əməkdaşlıq dərinləşir. Əminəm ki, növbəti forumlarda bu əlaqələr daha da genişlənəcək. Artıq Bakının brendinə çevrilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyim üçün qürur duyuram. Belə tədbirlər xalqları birləşdirir və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini gücləndirir.
   
   Mehparə