“Teatrşünas və nasir Çingiz Ələsgərli məni dramaturq Çingiz Ələsgərli ilə dost edib. Çingiz həyatda kövrək, qayğıkeş və səmimidir. Çingiz yaradıcılıqda iddiasız və ciddidir”.
   
   Adil Mirseyid

   
   O, “İnsan ömrünün nağılı”na qulaq asmaq üçün “İxtira” etdi, “Milyon ilin sevgisi”ni qazandı, “Yabançı dostlar”la dostlaşdı, “Həyat oyun olanda” öz dünyasına qapanıb “Ana fəryadı”nı eşidə-eşidə “Şahidə çevrilən şəhid” pyesini yazdı. “İnam olanda” - “Yeni ilə az qalanda” doqquz pyesini bir papaq altına topladı - kitab bağladı.
   
   Beləliklə, müsahibim istedadlı teatrşünas, yazıçı-dramaturq, Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin aparıcı məsləhətçisi, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Çingiz Ələsgərlidir.
   
   - Çingiz müəllim, xahiş edirəm, özünüzü oxucularımıza bir az da yaxından tanış edəsiniz?
   - 1952-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən bakılı olsam da, özümü bu ölkənin hər obasının övladı sayıram. Çünki Azərbaycanın istənilən guşəsində mənim çox dəyərli dostlarım var. İxtisas etibarı ilə teatrşünasam, indiki Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişəm. 20 ildən çoxdur ki, dramaturgiya ilə məşğulam. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində şöbə müdiri, Mədəniyyət Nazirliyində aparıcı mütəxəssis, Hüseyn Cavidin ev-muzeyində elmi katib, “Azərbaycan” qəzetində müxbir, ANS kanalında redaktor və s. vəzifələrdə işləmişəm. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqında şöbə müdiri vəzifəsində çalışıram. Beş ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. 20-yə yaxın dram əsərinin və 300-ə qədər məqalənin müəllifiyəm. Bütün bu illər ərzində çalışmışam ki, cüzi də olsa istər teatrşünas, istər pedaqoq, istərsə də dramaturq kimi mədəniyyətimizə xidmət edim.
   
   “Mənə toxunan mövzulardan yazmışam”
   
   - 20 ildən artıqdır, dramaturgiya ilə məşğulsunuz. Bu vaxtadək nə qədər əsəriniz tamaşaya qoyulub?
   - İnsanların bir-birinə biganəliyi məni həmişə narahat edir. Mən də bu problemə müraciət etdim 31-32 yaşımda “İxtira” pyesimi yazdım. O əsər bir müddət arxivdə qaldı. O vaxtlar Mədəniyyət Nazirliyində İncəsənət baş idarəsi vardı, pyesi idarənin şöbə müdiri Vaqif Əlixanlıya təqdim etdim. Bir neçə gündən sonra zəng edib pyesin taleyi ilə maraqlananda dedi ki, pasportunu da götür gəl nazirliyə, səninlə müqavilə bağlamaq istəyirlər. Müqavilə bağlandı, məni mühasibatlığa göndərdilər, 1500 rubl qonorar aldım. O dövr üçün bu, çox böyük pul idi. Pyesi də Mingəçevir Dövlət Dram Teatrına göndərdilər. Pyeslərimdən 12-si dövlət teatrlarında tamaşaya qoyulub. İndi də dram əsərləri yazıram, eyni zamanda bədii yaradıcılığın başqa sahələrində də qələmimi sınayıram.
   - İlk pyesinizin premyerasında iştirak etdiniz?
   - Çox təəssüf ki, ilk pyesimin tamaşasını görə bilmədim. Eşitmişdim ki, Füzuli Sərkərov adlı bir rejissor “İxtira”nı tamaşaya qoyub, ancaq nədənsə məni premyeraya dəvət eləmədilər. Yaxşı ki, tamaşanın proqramını, afişasını mənə göndərdilər.
   - Bayaq qeyd etdiniz ki, insanların biganəliyi sizi narahat edir, başqa hansı mövzular sizi düşündürür?
   - Cəfər Cabbarlıdan soruşurlar ki, mövzuları haradan tapırsan, cavab verir ki, vallah-billah mövzuların özü məni tapır. Mənə elə gəlir ki, adi bir hadisə böyük bir əsərin yazılmasına gətirib çıxarır. Mən heç bir zaman qabaqcadan sifariş götürüb pyes yazmamışam, bir qayda olaraq mənə toxunan mövzulardan yazmışam. Məni narahat edən adi hadisənin qeyri-adiliyidir. Bunları “Olmuşa bənzər hadisələr” silsiləsində oxuculara təqdim etmək istəyirəm. 2006-cı ildə 9 pyesim “Pyeslər” adı altında çap olundu.
   - Bildiyimizə görə uşaqlar üçün də pyes yazmısınız?
   - Bir gün oğlumla qızımı Kukla Teatrına aparmışdım. Qızım yolda mənə dedi ki, ata, nə əcəb sən uşaqlar üçün yazmırsan? Bu sual məni düşündürdü. Rəhmətlik Rəhman Əlizadə ilə görüşüb bu barədə söhbət elədik. Dedi ki, əgər “Kəlilə və Dimnə”dən nəsə yaza bilsən məmnuniyyətlə tamaşaya qoya bilərik. “Şir və öküz” əhvalatını yazdım, Rəhman Əlizadə də çox əmək sərf elədi, o tamaşa uzun müddət teatrın repertuarında qaldı. Nizami Gəncəvinin 850 illiyinə “Xeyir və Şər” əsərinin motivləri əsasında pyes yazdım, mərhum rejissor Ruslan Həsənov onu Naxçıvan Teatrında tamaşaya qoydu. Premyerada mən də iştirak elədim. Sonralar uşaqlar üçün daha bir neçə pyes yazdım. “Tənbəl Əhməd” də onlardan biri oldu.
   
   “Mirzə Fətəli Axundzadə bizim üçün həmişə örnəkdir”
   
   - Siz həm də teatr sahəsinin gözəl bilicilərindənsiniz, teatrşünas kimi daha çox hansı sahələrdə tədqiqatlar aparırsınız?
   - 30 ildən çoxdur ki, teatr haqqında resenziyalar, məqalələr, portret yazılar yazıram. Teatrın qarşıya qoyduğu problemləri araşdırmağa çalışıram. Mənim fikrimcə, teatr öz missiyasını bütün zamanlarda yerinə yetirməlidir. Baxmayaraq ki, mən dramaturgiya ilə məşğul oluram, deməliyəm ki, dramaturgiya bu gün o qədər də yüksək səviyyədə deyil. Tamaşaçıları teatra gətirəcək dram əsərlərinə ehtiyac var. Elə bu məqsədlə Xalq artisti Azər Paşa Nemətov Teatr Xadimləri İttifaqında dramaturgiya laboratoriyası yaratmaq qərarına gəldi və bu layihəni gerçəkləşdirdi. “Axundzadə dərsləri” adlı layihədə cavanlar bu laboratoriyaya cəlb olundu, onların yazdığı pyeslər Moldovada Beynəlxalq Teatr Konfederasiyasının tədbirlərində təqdim olundu, mükafatlara layiq görüldü, çap olundu. Bu sevindirici haldır.
   - Mədəniyyət və İncəsənət Universitetində ssenari yaradıcılığı və dramaturgiyanın əsasları fənnini tədris edirsiniz. Bu gün dramaturgiya sahəsində boşluq hiss olunur. Bu boşluğu necə doldurmaq olar?
   - Universitetdə klassik nümunələr əsasında tələbələrimə dramaturji strukturu düzgün qurmağı öyrədirəm. Səhnədə ilk əvvəl hadisə baş verməlidir. Bu mənada Mirzə Fətəli Axundzadə bizim üçün həmişə örnəkdir. Əsrlər keçir, amma Şekspirin əsərləri maraq doğurur, baxılır. Bəli, Şekspir maraqlıdır, amma düşünürəm ki, Mirzə Fətəli Axundzadə ondan heç də az maraqlı deyil. Cəfər Cabbarlı 35 yaşında o cür gözəl nümunələr qoyub getdi, dramaturji sxem yaratdı. Gözəl dram əsərləri yazan dramaturqlarımız bu gün də var, düşünürəm ki, istedadlı gənclərimiz sayəsində sabah da olacaq.
   
   “Qəhrəman sorağında”
   
   - Teatrşünas kimi fəaliyyətinizdə hansı yeniliklər var?
   - Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru İlham Namiq Kamal haqqında kitab yazıram. Düşünürəm ki, İlham kimi aktyorlar barədə kitablar yazılmalıdır. Vaxtilə Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Ruslan Həsənov haqqında kitab yazırdım, o işi tamamlayacağam. Teatr Xadimləri İttifaqı tərəfindən hazırlanan bir neçə kitabın işıq üzü görməsində müəyyən əməyim olub. Arif Əbdürrəhmanovun “Teatrda rəssamın rolu” kitabının həm tərcüməçisi, həm də redaktoru olmuşam.
   Teatr tariximizdə geniş fantaziyası ilə tamaşaçıları heyrətləndirən Məhərrəm Haşımov haqqında çox az məlumatlar vardı. Böyük çətinliklərə baxmayaraq, Məhərrəm Haşımov haqqında kitab yazdım. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymura çox təşəkkür edirəm ki, imkan yaratdı, arxiv materiallarından istifadə edib çox-çox qiymətli məlumatları üzə çıxardıq. Qeyd edim ki, bu kitablar Teatr Xadimləri İttifaqı tərəfindən “Ömrün səhifələri” silsiləsi adı altında çap olunur. Bu silsilədən Şəmsi Bədəlbəyli, Hökümə Qurbanova haqqında kitablar işıq üzü görüb. Hər üç əsər Azərbaycan, rus və ingilis dillərində çap olunub.
   Onu da qeyd edim ki, hazırda şərti adı “Qəhrəman sorağında” olan pyes üzərində işləyirəm və düşünürəm ki, Milli Qəhrəman Mübariz İbrahimovun timsalında biz ədəbiyyatımıza və dramaturgiyamıza qəhrəman obrazlarını gətirməliyik.
   - Teatrşünas, dramaturq kimi milli teatrımızın 140 illik yubileyi ilə bağlı ürək sözlərinizi eşitmək istərdik?
   - Bu il Azərbaycan peşəkar teatrının 140, Azərbaycan Teatr Xadimləri İttifaqının 115, Mədəniyyət və İncəsənət Universitetinin 90 yaşı tamam olur. Mən hər üç yubiley münasibətilə ilk növbədə xalqımızı, mədəniyyət, incəsənət, təhsil sahəsində çalışan hər kəsi təbrik edirəm və düşünürəm ki, zəngin mədəniyyəti olan xalq məğlubedilməzdir.
   
   Təranə Vahid