İosip Leko: “Ölkələrimiz arasında xüsusilə turizm sahəsində əməkdaşlıq üçün imkanlar genişdir”
   
   Bu günlərdə paytaxtımızda baş verən maraqlı hadisələrdən biri Xorvatiya Respublikasının Dövlətçilik Günü və Avropa İttifaqına üzv seçilməsi münasibətilə təşkil edilən mərasim oldu. İyulun 5-də “Four Seasons Baku” hotelində baş tutan tədbirdə Xorvatiya parlamentinin sədri İosip Leko da iştirak edirdi. Tədbiri maraqlı edən məqamlardan biri Xorvatiyanın adət-ənənələrini, tarixi yerlərini, turizm məkanlarını, milli mətbəxlərini təqdim edən filmin nümayişi oldu. Fürsətdən istifadə edib İosip (Josip) Lekodan aldığımız eksklüziv müsahibəni təqdim edirik.
   
   - İlk öncə sizi Xorvatiyanın Milli Dövlətçilik Günü və Avropa İttifaqına daxil olması münasibətilə təbrik edirik. Xorvatiya Avropa evində özünü necə hiss edir və belə bayramların Azərbaycanda qeyd olunması iki ölkə arasında əlaqələrin gələcək inkişafına nə verə bilər?
   - Əvvəlcə onu deyim ki, Avropa məkanında olmaq bizim məsuliyyətimizi daha da artırır və bu baxımdan özümüzü məsuliyyətli hiss edirik. Eyni zamanda bu hadisədən çox məmnunuq və bununla fəxr edirik. Avropa İttifaqına daxil olmaq çətin bir proses olmaqla yanaşı, ölkənin həyatında çox vacib mərhələdir. Hazırda Xorvatiya cəmiyyəti Avropa İttifaqına üzv olmaqla çox rahatdır. İndi biz öz dövlətimizi, cəmiyyətimizi elə qurmaq istəyirik ki, o, Avropa İttifaqında tamamilə öz yerini tapa bilsin. Əlbəttə, biz daha çox gələcək nəslimizin təminatı üçün çalışırıq - Avropada sülh qurmaq və eyni zamanda regionları bu amilin ətrafında birləşdirmək. Bu regionlardan biri Şərqi Avropa ölkələridir ki, Azərbaycan da bu sıraya daxildir. Ölkənizdə olmaqdan məmnunam. Xorvatiyanın milli günü və Avropa İttifaqına daxil olması münasibətilə belə bir bayram tədbirinin Azərbaycanda qeyd edilməsi tarixi hadisədir. İnanıram ki, Xorvatiya Azərbaycana diplomatlarını göndərməklə əlaqələri daha yüksək səviyyəyə qaldıracaq.
   - Yeri gəlmişkən, Azərbaycanla Xorvatiya arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz və ikitərəfli əməkdaşlığı genişləndirmək üçün nə etmək lazımdır?
   - Öncə qeyd edim ki, Xorvatiya Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlərimiz 1995-ci ildə qurulub. Hazırda əlaqələrimizin səviyyəsi çox yaxşıdır. Ən əsası odur ki, bütün mühüm məsələlərdə qarşılıqlı anlaşma əldə etmişik. Ölkələrimiz gəncdir və düşünürəm ki, bir-birimizin mövqelərini çox gözəl anlayırıq. Siyasi baxımdan yanaşsaq, bizim aramızda əhəmiyyətli oxşar cəhətlər var. Ölkələrimiz keçmiş ittifaq üzvü olublar. Siz uzun müddət SSRİ-nin, biz isə Yuqoslaviya Federasiyasının tərkibində yaşamışıq və sonradan müstəqilliyimizi əldə etmişik. Hər iki ölkə müstəqilliyinin ilk illərində müharibə ilə üzləşib. Biz bilirik ki, Ermənistanla müharibədə Azərbaycan torpaqlarının bir qismi işğal olunub və ərazi bütövlüyünüzü bərpa etməyi arzu edirik. Xorvatiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini ortaya qoyub. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqda davam edəcəyik. Əminəm ki, eyni siyasəti Avropa Birliyinin üzvü kimi də həyata keçirəcəyik. Azərbaycanla Xorvatiya ötən illərdə güclü dostluq əlaqələrinin qurulmasına nail olub. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi müdafiə edir, dəstəkləyirik. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətlərdə razılaşdırılmış mövqelərə malikik. Azərbaycanla Xorvatiya vətəndaşları arasında yaxın bağların yaradılması həm də bu ölkələrin biznes dairələri arasında əlaqələrin qurulması deməkdir. Bu baxımdan əməkdaşlıq üçün imkanlar çox genişdir. Elm, mədəniyyət, turizm, təhsil, investisiya bu sıraya aiddir. Gözəl siyasi əlaqələrlə yanaşı, biz iqtisadi münasibətləri də diqqətdə saxlamalı və ona investisiya yatırmalıyıq. Mənə elə gəlir ki, iqtisadi sahədə əməkdaşlığı genişləndirmək hər iki ölkənin marağındadır. Sevindirici haldır ki, Azərbaycanda Xorvatiya, Xorvatiyada isə Azərbaycan şirkətləri fəaliyyət göstərməkdədir. Əminəm ki, ölkələrimiz bu imkanları dəyərləndirəcək. Bir sözlə, mən Xorvatiya-Azərbaycan münasibətlərində böyük irəliləyişə inanıram.
   - Xorvatiya həm də zəngin mədəniyyəti, turizm ölkəsi kimi tanınır. Yəqin Xorvatiyanın Azərbaycanda səfirliyi açıldıqdan sonra ölkələrimiz arasında bu sahələr də inkişaf etdiriləcək?
   - Düşünürəm ki, bu sahələrdə də əlaqələrimizin geniş perspektivləri var. Xorvatiyaya təkcə Avropadan deyil, Yaponiya, Çin, Avstraliya və Cənubi Amerikadan da hər il çox sayda turistlər gəlir. Çox istərdik ki, bu sıraya Azərbaycan da daxil olsun. Məsələn, elə bizim səfərimizi götürək. Belə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, tanınmış incəsənət ustalarının iştirakı ilə baş tutan konsert proqramlarının özü elə mədəniyyətin tanıdılması deməkdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Bakıda xorvatiyalı tələbələr təhsil alır və onlar bizə bildirdilər ki, şəhər günü-gündən böyüyür, inkişaf edir. Düşünürəm ki, bu gözəl sözləri Azərbaycanın digər şəhərlərinə də aid etmək olar. Digər tərəfdən, ölkəniz gözəl, olduqca əhəmiyyətli mədəni irsə malikdir. Ona görə də hər bir halda bir-birimizin mədəni dəyərlərimizi öyrənmək, təcrübə mübadiləmizi genişləndirmək üçün çoxlu vasitələr var. Bu yolla da öz cəmiyyətlərimizi bir araya gətirə bilərik. Xorvatiyanın Azərbaycanda səfirliyi açıldıqdan sonra əlaqələrimiz daha da inkişaf etdiriləcək. Hazırda bununla bağlı danışıqlar gedir. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşümüzdə bu məsələ siyasi həllini tapıb və qısa zamanda maliyyə məsələlərini həll edərək səfirliyin açılmasına nail olacağıq.
   - Bəs sizin özünüzün necə, Bakını görmək imkanınız oldu?
   - Mən şəhərin gözəlliyindən zövq aldım. Çoxlu yeni binalar var. Zəngin memarlıq üslubu Avropa və Asiya ənənələri ilə gözəl harmoniya yaradıb. Bu düzgün planlaşma xoşuma gəldi. İçərişəhəri də gördük. Buradakı qədimlik, mədəni irs çox təsiredicidir. Fikrimcə, Azərbaycana gələn hər kəs bu zəngin mədəniyyətdən faydalana bilər. Bir sözlə, Bakıdan zəngin təəssüratlarla ayrılıram.
   
   Mehparə