“Qarabağın işğalını, Xocalıda baş verən soyqırımını dünyaya yüksək səslə çatdırmaq istəyirik”

Bu günlərdə Türkiyədə yeni qurum - Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi (TÖBJD) fəaliyyətə başlayıb. Dərnəyə Türkiyədə media ilə bağlı tanınmış təşkilatlardan olan Bartın Jurnalistlər Birliyinin sədri Güngör Yavuzaslan rəhbərlik edir. G.Yavuzaslan həmçinin 2009-cu ildən “Kərkükün səsi” qəzetinin təsisçisi və baş redaktorudur. “Bartın” qəzetində köşə yazarı kimi fəaliyyət göstərir. Türk dünyası, Yaxın Şərq, eləcə də Azərbaycanla bağlı yazıların, araşdırmaların müəllifidir. Onunla müsahibəmizdə yeni yaratdığı qurumla bağlı bir sıra məqamlara toxunduq.

- Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin qurulması ideyası nədən qaynaqlandı və qurumun əsas məqsədi nədir?
- Öncə qəzetiniz vasitəsilə bütün Azərbaycanı salamlayıram. Bu qurum uzun zamandır düşünülən, lakin həyata keçirilməyən layihə idi. Nəhayət, bu il Novruz bayramında, martın 21-də dostlarımızla birgə dərnəyi qurduq. Türk dünyasında həmkarlarımızla birgə layihələr həyata keçirməyi, eləcə də davamlı əlaqələr qurmağı koordinasiya edən bir təşkilata çox ehtiyac var. Əvvəllər bu yöndə fəaliyyətlər olsa da, yarımçıq və nəticəsiz qalıb. Məqsədimiz həm türk dilinin geniş yayılması, media sahəsində başa düşülən olması, həm də digər ölkələrdə türk dilində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə dəstək olmaqdır. İsmayıl Qaspralının “Dildə, fikirdə, işdə birlik” şüarı və “Dilimiz türkcə, fikrimiz türk dünyası, işimiz qəzetçilik” fikrini əsas tutaraq bu yola çıxdıq. Türk dünyasında jurnalistika peşəsinin əhatəsinin genişlənməsi, yəni türk dilinin daha geniş işlənməsi üzərində çalışacağıq. Məsələn, Kosovoda türk dilində nəşr edilən qəzetlərin sayı azdır və bu baxımdan biz orada bu problemin həllinə dəstək vermək niyyətindəyik. Türk dünyası media problemləri ilə bağlı hesabatlar hazırlayacaq, seminarlar keçirəcəyik. Əldə etdiyimiz nəticələrlə bağlı əlaqədar və səlahiyyətli yerlərə məlumat verəcəyik. Biz artıq ilk fəaliyyətimizi bu ilin martında “Əskişəhər-2013 - Türk dünyası mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində həyata keçirmişik. Orada GAP (Güneydoğu Anadolu) Jurnalistlər Birliyi ilə birgə “Suriya türkmən mediası və problemləri” seminarını təşkil etdik. Bu fəaliyyətlərimiz artıq öz bəhrəsini verir. Belə ki, gənc türkmən jurnalistləri yeni xəbər saytları və internet radiosunun yayımına başlayıblar. Suala cavab olaraq fikrimi ümumiləşdirib demək istərdim ki, TÖBJD az danışan və çox işləyən bir qurum olmaq iddiasındadır.
- Başqa türkdilli ölkələrdə fəaliyyət göstərən jurnalist qurumları, media mənsubları ilə əlaqələr qura bilmisinizmi?
- TÖBJD olaraq bütün türk dünyasını əhatə edən media fəaliyyətimiz olduğu üçün, bir sıra dostlarımız bizə dəstək verdilər. İraq, Kosovo, Suriya və Krımda təşkilatımız fəaliyyətə başlayıb. Onu da deyim ki, 2009-cu ildən rəhbərlik etdiyim “Kərkükün səsi” qəzetinin və GAP Jurnalistlər Birliyinin rəhbəri Zeynal Abdin Kıymazın türk dünyası ilə bağlı gördüyü işlər belə bir qurumun meydana gəlməsinə zəmin oldu. Avrasiya Türk Dərnəkləri Federasiyasının rəhbəri Kamal Bayatlı və Krımdan dostumuz, TRT-də çalışan Zəfər Karatayın qurumumuzda təmsil olunması da türk dünyası ilə əlaqə qurmağımızı sürətləndirdi. Təməlimiz sağlam ideya üzərində qurulub. Məsələn, Əfqanıstanda yaşayan türklərin media nümayəndələri ilə çalışmağa başladıq. Şərqi Türküstandan olan həmkarlarımız da bizimlədir. Azərbaycanlı həmkarlarımızla da sıx əlaqələr qurmaq istəyirik. Bununla yanaşı digər xarici ölkələrin jurnalist təşkilatları ilə də əlaqə quracağıq. Axı biz öz gördüyümüz işləri həm də dünyaya göstərməliyik. Amma bizim üçün hər şeydən öndə türk dünyası dayanır. Biz İsmayıl bəy Qaspıralının yolu ilə gedirik. Türk dünyasının önəm verdiyi məqam isə türk dilində nəşrlərin gücləndirilməsidir.
- Perspektivdə hansı layihə və planlar nəzərdə tutulub?
- Dərnəyimizin qurulmasından ötən iki ay ərzində iki önəmli layihəni reallaşdırmışıq. Birincisi, Əskişəhərdə keçirilən Novruz şənlikləri çərçivəsində Əskişəhər Krım Dərnəyi ilə birgə Krım türklərinin lideri Mustafa Əbdülcəmilin Krımda çəkdiyi fotolarından ibarət bir sərgi açdıq. İkincisi, bu yaxınlarda keçirilən “Suriya türkmən mediası və problemləri” seminarıdır. Çox sayda media nümayəndələrinin qatıldığı tədbirdə türkmən mediasının təşkilatlanması və bununla bağlı meydana çıxan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı.
Bu gün dünyanın bir sıra ölkələrində yaşayan türklərə qarşı diskriminasiya aparılır. Suriya türkmənləri, Krım-tatar türkləri, Ahıska türkləri, Qərbi Trakya türkləri, İraq türkmənlərinin hazırkı vəziyyətləri hər kəsə bəllidir. Bundan başqa, adları və varlıqları bilinməyən Livan türkmənləri və Fələstin türkmənləri də var. TÖBJD bütün bu xalqların səsi olacaq. Üzvlərimiz vasitəsilə media fəaliyyətləri həyata keçirəcək. Türk dünyası dedikdə gözümüz önünə geniş bir coğrafiya gəlir və onun media fəaliyyəti də məhz bu genişlikdə, dərinlikdə olmalıdır.
- Jurnalist fəaliyyətinizlə yanaşı, türk dünyası ilə bağlı araşdırma və layihələrin müəllifisiniz. Bu baxımdan gələcəkdə Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları, media qurumları ilə hansı birgə layihələr düşünülür?
- Dərnək olaraq xüsusilə işğal altında olan qədim türk torpağı, Azərbaycanın ayrılmaz parçası Dağlıq Qarabağla bağlı media layihəsi reallaşdırmaq istərdik. Bunun üçün Azərbaycandakı həmkarlarımızdan dəstək gözləyirik. Biz öz fəaliyyətimizdə daha çox Azərbaycan jurnalistlərinə güvənir və onlarla çalışmaq istəyirik. Bunun üçün bu il Bakıda tədbir keçirəcəyik. Amma hər şeydən öncə niyyətimiz Qarabağın işğalını, Xocalıda baş verən soyqırımını dünyaya yüksək səslə çatdırmaqdır.

Mehparə Sultanova