“İpək Yolu” böyük bir coğrafiyanı əhatə edir. Burada o qədər yeni gözəl ideyalar var ki, onlar tükənmir”
İyulun 1-dən 5-dək Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalı keçirildi. 2010-cu ildən ənənəvi olaraq təşkil olunan festival yenə dünyanın müxtəlif ölkələrindən sənətçiləri bir araya gətirdi. Maraqlıdır, ötən beş ildə festival hansı uğurlara nail olub? Bu tədbirin ölkəmizdə keçirilən digər beynəlxalq festivallardan fərqli özəlliyi nədir? Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə ilə müsahibəmiz bu barədə oldu. Söhbət əsnasında Bəstəkarlar İttifaqının yeni layihələrinə də nəzər saldıq.
- Firəngiz xanım, artıq beşinci ilini arxada qoyan “İpək Yolu” beynəlxalq musiqi festivalının bədii rəhbəri kimi bu layihəni necə xarakterizə edərdiniz? Bu festivalın artıq bir brend olduğunu dilə gətirmişdiniz. Elə isə ötən beş ildə qarşıya qoyulan hədəflərə nail oldunuzmu?
- Təkcə mənim deyil, festivalda iştirak edən, onu izləyən insanların da təəssüratları çox gözəl oldu. Xüsusilə onu vurğulamaq istərdim ki, sənətsevərlər, yerli sakinlər bilet alıb həvəslə bu konsertlərin hər birini izləyirdi. Biz orada Şəki sakinlərinin mədəni səviyyəsini müşahidə edə bildik. Tədbirdə həmçinin Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, TÜRKSOY-un baş katibi, TÜRK PA-nın sədri, digər qonaqlar iştirak edirdi. Təqdim etdiyimiz proqram çox gözəl qarşılandı. Bu layihəni ona görə brend adlandırıram ki, onu reallaşdırmağa başladığımız ilk ildən özümüzə xas olan bir formanı, təqdimat üslubunu tapdıq. Bu da Şəkinin gözəlliyini ortaya qoydu. Bu qədim şəhərdə Xan sarayı, karvansaray və s. daxil olmaqla çoxlu sayda memarlıq abidəsi var. Onlar dövlət tərəfindən qorunub saxlanılır və tədricən bərpa olunur. Bu baxımdan ötən beş ildə bizim gözümüzün önündə Şəki sanki dəyişdi. Şəkinin Kiş kəndində, alban kilsəsinin önündə biz birinci festivalımız çərçivəsində “Sarı gəlin” konsertini keçirdik. Artıq 3-cü festivalımız zamanı “Aşağı Karvansaray” memarlıq kompleksi çox yüksək səviyyədə bərpa olundu və tədbirlərimiz burada keçirildi. Bu məkanda Gürcüstanın məşhur “Erisioni” mahnı və rəqs ansamblı möhtəşəm çıxış etdi. Bu il konsertlərimizin bir qismi şəhərdəki “Yay teatrı”nda reallaşdı. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı bərpa olundu və festivalda iştirak edən Bakı Marionet Teatrının tamaşasını orada göstərə bildik. Yəni Şəkidə quruculuq, abadlıq və bərpa işləri bir növ festivalla paralel aparılır və bizim imkanlarımız da genişlənir.
Bizim festivalın öz imici var: bu, memarlıq abidələri önündə keçirilən konsertlərdir. Eyni zamanda biz təkcə musiqini təqdim etmirik, milli geyimləri, qədim musiqi alətlərini də nümayiş etdiririk. Nəticədə insanlar təkcə eşitmirlər, həm də tarixi abidələri görür və onu öyrənməyə çalışırlar. Builki festivalımıza gəlincə, deyim ki, TÜRKSOY-un layihəsi olan türkdilli xalqların milli geyimlərinin nümayişi - dəfilə gecəsi çox möhtəşəm oldu. Orada 13 türkdilli xalqın nümayəndələri iştirak edirdi. Biz bir daha türk dünyasının böyüklüyünü, zənginliyini, gözəlliyini gördük. Azərbaycanın qədim geyim nümunələri - Naxçıvan, Qarabağ, Quba, İrəvan və digər xanlıqların geyimləri də nümayiş olundu. Düşünürəm ki, “Yuxarı Karvansaray” kompleksindəki bu gecədə hər kəs gözəl anlar yaşadı.
- Azərbaycanda artıq ənənə halını almış digər musiqi festivalları da keçirilir. Bu mənada “İpək Yolu” musiqi festivalının onlardan fərqi, özəlliyi nədən ibarətdir?
- Təbii ki, özəlliklər var. Məsələn, 2009-cu ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə çox böyük beynəlxalq musiqi festivalı keçirilir. Bunun üçün müasir texnika ilə təchiz olunmuş xüsusi səhnə qurulub və orada klassik musiqi səsləndirilir. Hər bir festivalın öz imici var. Bizim festival, qeyd etdiyim kimi, tarixi məkanlarda, qədim abidələrin önündə gerçəkləşir. Biz də festival proqramına bir simfonik orkestr, opera, balet daxil edirik. Bu il Marionet Teatr “Arşın mal alan” tamaşasını göstərdi. Bu baxımdan “İpək Yolu” V beynəlxalq musiqi festivalı teatrı, estradanı özündə birləşdirdi. Bu il həmçinin ilk dəfə “Eurovision” müsabiqəsi iştirakçıları da bir səhnədə yer aldılar.
- Festivala hər dəfə müxtəlif ölkələrdən sənətçilər dəvət olunur, müxtəlif təşkilatlarla əməkdaşlıq edirsiniz. Gələcək illərdə layihəyə daha hansı yenilikləri əlavə etmək istərdiniz?
- Dünya çox böyükdür, “İpək Yolu” da böyük bir coğrafiyanı əhatə edir. Burada o qədər yeni gözəl ideyalar var ki, onlar tükənmir. Vaxt keçdikcə yeni ideyalar meydana gəlir. Nə qədər ki, türk dünyası var, “İpək Yolu” da olacaq. Bizim öz xəttimiz var: klassik musiqiyə o qədər də yer vermirik. Hədəflərimiz fərqlidir, bizi ənənəvi xalq sənəti, mərasimlər, muğam, aşıq musiqisi maraqlandırır: onları qoruyub-saxlamaq, bərpa etmək, yeni bir şəkildə təqdim etmək. Düşünürəm ki, hər il layihəyə yeni-yeni əlavələr edəcəyik. Bu dəfə “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi bizim layihəyə kömək etdi. Mədəniyyət və Turizm Nazirliyi bizə Hindistandan və Çindən böyük musiqi qruplarının gətirilməsinə kömək etdi. Rusiyanın “Ermitaj” simfonik orkestrinin festivalda iştirakını onlar öz üzərlərinə götürdülər. Nəticədə, ortaya uğurlu bir iş qoymuş olduq.
- Yeri gəlmişkən, xarici ölkələrin festivalda iştirakını necə dəyərləndirdiniz?
- Çox yüksək dəyərləndirirəm. Ona görə ki, bizim təklifimizə çox ciddi yanaşdılar. Eyni zamanda iştirakçı ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri də layihəyə çox ciddi münasibət göstərdilər. Onlar ən gözəl kollektivləri bizə təklif etdilər və sonra iş başladı. Biz əvvəlcə təklif olunan kollektivlərin videolarını izlədik və gördük ki, çıxışlar bizim profilimizə uyğundur. Türkiyədən gələn İstanbul Dövlət Modern Folk Müzik Topluluğundan başqa heç bir ansamblın videolarını izləmədən qəbul etməmişik. Bu qrupu isə bizə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi təklif etdi.
- Bəstəkarlar İttifaqı “İpək Yolu” V beynəlxalq musiqi festivalını uğurla başa vurdu. İttifaq hansı yeni layihələr üzərində işləyir?
- Bu il Bəstəkarlar İttifaqının 80 illik yubileyidir və biz buna hazırlaşırıq. Yubileyin keçirilməsini noyabr ayına nəzərdə tutmuşuq. Biz qocaman və bu gün çox aktiv olan gənc bəstəkarlara, həm də ittifaqa üzv olmayan bəstəkarlara səslənərək onları yeni yazdıqları əsərləri təqdim etməyə dəvət etmişik. Yubileydə yeni yazılmış əsərlərin premyerası olacaq. Təbii ki, burada klassik əsərlər də səslənəcək. Məsələn, Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıbəylinin yaradıcılığından nümunələr ifa ediləcək. Bəzi insanlar deyir ki, indi Azərbaycanda yüksək səviyyədə əsərlər yazılmır. Əksinə, heç vaxt Azərbaycan bəstəkarlarının əsərləri dünyada belə yüksək səviyyədə təqdim olunmayıb. Burada Heydər Əliyev Fondunun çox böyük zəhməti var. Hazırda dünyanın hər yerində bizim bəstəkarların əsərləri səslənir. Bəstəkarlar İttifaqının 80 illik yubileyində oratoriya, kantatalar, kamera instrumental musiqiləri səslənəcək, simpoziumlar keçiriləcək. Simpoziumlarda musiqişünaslar iştirak edəcək. Tədbirə xaricdən qonaqlar dəvət olunacaq. Bundan başqa, dəyirmi masaların keçirilməsini də nəzərdə tutmuşuq. Təkcə konserti dinləmək deyil, əsəri xaricdən gələn həmkarlarla müzakirə etmək tamamilə başqa məqamdır. Hazırda digər ölkələrdə bu proseslər necə gedir - fikir mübadiləsi əsasında bunları bilmək maraqlıdır.
- Firəngiz xanım, bir qədər də yaradıcılığınıza nəzər salmaq istərdik. Siz xalqımızın mədəniyyətini təbliğ etməklə bərabər, onun tarixini əsərlərinizdə əks etdirirsiniz. İlk dəfə 2007-ci ildə səhnəyə qoyulan “İntizar” operası da bu qəbildəndir. Bu operanın özəlliyi bir də ondan ibarətdir ki, hər dəfə müxtəlif versiyalarda səslənir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu əsərin çox gözəl premyeraları keçirilib. Dörd dəfə isə müxtəlif versiyalarda səslənib. Mən çox məmnunam ki, hər dəfə rejissorlar bu operaya müraciət etdikdə özləri üçün tamamilə yeni bir məqam dərk edirlər. Məsələn, Dmitri Bertman bu operanı tamamilə başqa səpkidə işləyib. Hafiz Quliyev isə tamamilə başqa cür təqdim edib. “Mədəniyyət” kanalı həmişə bu əsəri tarixi anım günlərində göstərir. Mənə zənglər olur, gözəl rəylər bildirilir. Operada Afaq Abbasova, Fərid Əliyev öz rollarını çox gözəl oynayırlar. Bunlar gənc və gözəl səslərdir. Mən bundan çox məmnun oldum. Əsərin libretto müəllifi professor Nərgiz Paşayeva ilə mən bu süjeti tariximizdən götürmüşük. Bilirik ki, Qarabağda erməni quldurları azərbaycanlı gənclərin toy mərasiminə basqın edib və toy gününü faciəyə çeviriblər. Belə hadisələr olub. Biz sadəcə bir epizodu ümumiləşdirmişik. Təbii ki, söhbət burda Qarabağdan gedir. Amma bu gün belə faciə dünyanın münaqişə, müharibə gedən başqa yerlərində baş verə bilər və baş verir. Biz bu hadisələrə qarşı bu əsəri meydana gətirdik. Əsər çox gözəl qarşılanır və hər dəfə yeni rənglər qatılaraq nümayiş etdirilir. İndi isə mən yeni opera üzərində işləyirəm. Əvvəllər daha çox kamera musiqisi yazırdım, sonra “Ağ atlı oğlan”, “İntizar” operalarını, “Boş beşik” baletini yazdım. Ona görə ki, bu janrlarda bir az boşluq görürəm. Bəstəkarlar İttifaqının beşinci qurultayında iştirak edən ulu öndər Heydər Əliyev demişdi: “Təbii ki, sevinirik ki, gözəl mahnılar yaranır. Amma istərdim ki, Azərbaycan bəstəkarları irihəcmli əsərlərə daha çox diqqət yetirsinlər. Ona görə ki, tarixdə bunlar qalacaq. Məsələn, “Koroğlu”, “Leyli və Məcnun” operaları əsrlərlə yaşayacaq”. İstərdim ki, bəstəkarlarımız ulu öndərin fikirlərinin bugünkü aktuallığına diqqət yetirsinlər və musiqimiz bu janrlarda əsərlərlə zənginləşsin.
Mehparə