“TÜRKSOY-un bu layihəsi türkdilli ölkələrin qədim, gözəl şəhərlərini tanıdır”

Xəbər verdiyimiz kimi, iyulun 1-dən 5-dək Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalı keçirildi. Festivalın qonaqları arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov da vardı. Fürsətdən istifadə edib onun festivalla bağlı təəssüratını, eləcə də qurumun fəaliyyəti, yeni layihələri barədə fikirlərini öyrəndik.

- Düsen bəy, bildiyimiz qədər, Şəkiyə Türkmənistanın paytaxtı Aşqabaddan gəlmisiniz. Maraqlıdır, son dövrlər TÜRKSOY-la əməkdaşlığı genişləndirən Türkmənistana səfərinizin məqsədi nə idi?
- Ənənəvi olaraq hər il Türkmənistanın vilayət mərkəzlərindən birində “Mədəniyyət həftəsi” keçirilir. Bu il Daşoğuz vilayət mərkəzində baş tutan tədbirdə qardaş ölkələrdən, o cümlədən Azərbaycanın sənətçiləri iştirak edirdi. Qeyd edim ki, biz Türkmənistanla ünsiyyətin tamamilə yeni səviyyəsinə çatmışıq. TÜRKSOY-un türkmən ədəbiyyatı və mədəniyyəti ilə bağlı böyük tədbirləri keçirilir. Məsələn, 2014-cü ili Türkmənistanın böyük şairi Məhdimqulu Fəraqinin şərəfinə “Məhdimqulu ili” elan etmişik və bununla bağlı həm Türkmənistanda, həm də digər türkdilli ölkələrdə tədbirlər keçirilir. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iyun ayında Bodrumda keçirilən IV sammitində qədim Mərv şəhərinin 2015-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı fikir səsləndirdi. Türkdilli ölkələrin mədəniyyət nazirləri şurasının bu ilin noyabrında Kazanda keçiriləcək növbəti toplantısında bu təklifə baxılacaq.

- Qayıdaq Şəki səfərinizə. İlk dəfədir ki, Azərbaycanın bu qədim şəhərindəsiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Əvvəla qeyd edim ki, burada olduğuma görə çox şadam. Birincisi ona görə ki, bu il “İpək Yolu” beynəlxalq musiqi festivalının yubileyidir. Artıq bu festivalın uğuru digər ölkələrə də yayılıb. Şəkinin şöhrəti isə çoxdan Azərbaycan sərhədlərini aşıb. Ona görə də məmnuniyyətlə bu şəhərə gəldim. Buraya gəlməzdən öncə Şəki haqqında mənə danışmışdılar, müəyyən təsəvvürüm var idi. Amma deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Mən öz gözlərimlə Xan sarayını, karvansaraları gördüm. Şəhər dağların qoynunda, yaşıllıqlar arasında qərar tutub və beynəlxalq tədbirlərin, müxtəlif festivalların keçirilməsi üçün ideal yerdir. Düşünürəm ki, “İpək Yolu” festivalının və gələcəkdə digər festivalların keçirilməsi şəhərə turizm axınını da artıracaq. Çünki şəhər həm də öz füsunkar təbiəti və tarixi abidələri ilə gözəl turizm məkanıdır.

- O halda Şəkinin yeri TÜRKSOY-un gələcək layihələrində necə görünür?
- Bizim artıq danışıqlarımız gedir. Şəki gələcək illərdə “Türk dünyasının mədəniyyət paytaxtı” elan oluna bilər. Əlbəttə, biz qərarı birgə veririk. Əgər Azərbaycan belə bir təkliflə çıxış edərsə, biz onu nəzərdən keçirməyə və dəstəkləməyə hazırıq.

- Artıq üçüncü dəfədir TÜRKSOY Şəkidə “İpək Yolu” V beynəlxalq musiqi festivalında müxtəlif layihələrlə iştirak edir. Bu il ənənəvi “TÜRKSOY rəssamlar görüşü” də ilk dəfə Azərbaycanda, Şəkidə keçirildi...
- “TÜRKSOY rəssamlar görüşü” artıq 17-ci dəfə keçirilir və bu layihənin ilk dəfə Azərbaycanda reallaşması vacib və maraqlıdır. Həm də bu layihəni ona görə burada keçirdik ki, görək, gələcəkdə Azərbaycanda daha hansı irimiqyaslı tədbirlər keçirə bilərik. Burada bir araya gələn türkdilli ölkələrin rəssamları ilə söhbət etdim, onlar öz təəssüratlarını mənimlə bölüşdülər. Soruşdum ki, bura xoşunuza gəlirmi? Hamısı bir ağızdan bildirdilər ki, Şəkidə olmaq çox xoşlarına gəlib. Bu baxımdan mən göstərilən qonaqpərvərliyə, diqqətə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova öz minnətdarlığımı bildirirdim.

- Hazırda “Türk dünyasının mədəniyyət paytaxtı” Kazandır. Ötən il Əskişəhər (Türkiyə), ondan öncə isə Astana (Qazaxıstan) paytaxt seçilmişdi. Necə düşünürsünüz, bu uğurlu layihədir?
- Düşünürəm ki, bəli, bu uğurlu layihədir. Astana başlanğıc idi. Sonra estafeti Əskişəhər qəbul etdi. Bu layihələr həmin şəhərlərin daha geniş şəkildə tanınmasına zəmin oldu. Əskişəhərdə təkcə Novruz tədbirinə türkdilli ölkələrdən üç yüz sənətçi gəlmişdi. Çox möhtəşəm tədbir keçirildi, türk dünyasının tanınmış musiqi əsərləri ifa edildi. Sonra Əskişəhərdə ədəbiyyat jurnallarının konqresi, uşaq festivalı baş tutdu. Bu il də Tatarıstanın Kazan şəhərində tədbirlər davam edir. Keçən ay TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərlərinin 3-cü iclasını keçirdik. Avqusta muzey rəhbərlərinin, ədəbiyyat jurnalları redaktorlarının tədbirləri planlaşdırılıb. Biz Kazanda “Türkvision-2014” beynəlxalq musiqi müsabiqəsinin yekun konsertinin keçirilməsini planlaşdırırıq. Bildiyiniz kimi, hansı şəhər “mədəniyyət paytaxtı” elan olunursa, final konsertini də orada keçirməyi nəzərdə tuturuq. Əgər Şəki də gələcəkdə paytaxt elan edilərsə, yekun konsert burada olacaq. Yəni bizim “paytaxt” layihəmiz türkdilli ölkələrin həm də qədim, gözəl şəhərlərini tanıdır.
“Türkvision” müsabiqəsi ötən il ilk dəfə keçirilməsinə baxmayaraq, uğurlu alındı. Belə işə təcrübə lazımdır və hər şey ilk dəfədən alınmır. Sevindirici haldır ki, hər şey istədiyimiz kimi oldu. “Türkvision”un “Eurovision”a rəqib olma söhbətlərinə gəlincə, bu belə deyil. “Eurovision”da Azərbaycan müğənniləri hər il iştirak edir. Amma bizim elə ölkələr var ki, gözəl ifaçıları olmasına baxmayaraq, Avropaya daxil olmadıqlarına görə iştirak edə bilmirlər. Bu baxımdan “Türkvision” Avropa musiqi yarışmalarında iştirak edə bilməyən istedadlar üçün meydandır.

- TÜRKSOY-un maraqlı layihələrindən biri də türk dünyasının tanınmış şəxsiyyətlərinin yubiley tədbirləridir. Azərbaycanın bu layihədə yerini necə qiymətləndirirsiniz?
- Biz hər il türk dünyasının tanınmış şəxsiyyətləri haqqında üzv ölkələrdən aldığımız yubiley tarixləri əsasında gündəlik nəşr edirik. Azərbaycanla bağlı, məsələn, bu ilin aprel ayında Əli bəy Hüseynzadənin 150 illiyi ilə əlaqədar İstanbul Universitetində anım toplantısı keçirdik. Sentyabr ayında Ankarada İlyas Əfəndiyevin 100 illiyini qeyd edəcəyik. Mən maestro Niyazini çoxdan tanıyıram və onun yaradıcılığına yaxşı bələdəm. Türkiyədə onun 100 illik yubileyinə həsr olunmuş iki konsert keçirmişik. İlk konfransımızı Bəxtiyar Vahabzadəyə həsr etmişdik. TÜRKSOY 2012-ci ili “Mirzə Fətəli Axundzadə ili” elan etmişdi. Xüsusi olaraq onu qeyd etmək istərdim ki, ilk dəfə Qazaxıstanın Karaqanda Dram Teatrında Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası qazax dilində səhnəyə qoyulub. Məsələn, yaxşı olardı ki, Azərbaycan Dövlət Milli Dram Teatrı da bir qazax tamaşasını səhnələşdirsin. Yəni bu da bir təklifdir. “Koroğlu”nun beynəlxalq opera layihəsi kimi səhnəyə qoyulması mənim ideyam idi və mən buna böyük əmək sərf etmişdim. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı mənə minnətdarlığını bildirəndə nazir Əbülfəs Qarayevə dedi: “Bəlkə biz də bir qazax operasını tamaşaya qoyaq”. Yəni dövlət başçısı olaraq o bunu qiymətləndirdi. Və keçən il qazaxların məşhur “Alpamıs” operası Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnəyə qoyuldu. Bununla bağlı başqa misallar göstərə bilərəm. 2012-ci ildə azərbaycanlı rejissor Cahangir Novruzovun sayəsində ilk dəfə Axundzadənin əsəri Türkiyədə səhnəyə qoyuldu. Yəni bu məsələlərdə biz özümüz fəal olmalıyıq. Nə üçün Azərbaycan teatrlarının repertuarında başqa türkdilli ölkələrin əsərləri azdır? Eləcə də nə üçün Türkiyə teatrlarının repertuarında qazax, Azərbaycan və başqa türkdilli xalqların əsərləri oynanılmır? Bu çox vacibdir. Ötən il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan bəstəkarlarının yazdıqları müasir klassik kamera musiqilərindən ibarət 5 kamera musiqisi konserti təşkil etmişik. Bu bəstəkarların hamısı sağdır və yəqin ki, bir-birlərini axırıncı dəfə 20 il əvvəl sovet dövründə görüblər. Əgər maliyyə olsa, biz daha çox iş görə bilərik. Amma bəzi tədbirlərə maliyyə vəsaiti çatmır.

- TÜRKSOY son illər “Koroğlu”, “Birjan və Sara” kimi böyük beynəlxalq opera layihələri ilə çıxış etdi. Maraqlıdır, bu qəbildən olan növbəti layihəniz nə olacaq?
- Əvvəlcə onu deyim ki, biz qurum olaraq tədricən ideologiyamızdakı ünsiyyəti dəyişdik. Qərara aldıq ki, gördüyümüz işləri təkcə özümüzə deyil, dünyaya göstərməliyik. Bunun üçün musiqiçilərlə, sənətkarlarla danışmaq lazımdır. Məsələn, götürək “Koroğlu” operası ilə bağlı layihəni. Bu tamaşada təkcə azərbaycanlılar deyil, digər türkdilli ölkələrdən - qazax, qırğız, türkiyəli sənətçilər iştirak edir. Bu yaxınlarda Türkiyənin bir neçə şəhərində turnesi baş tutan qazax bəstəkarı Mukan Tölebayevin “Birjan və Sara” operasında da türkdilli ölkələrin sənətçiləri təmsil olunurdu. Bizim layihələrin hər biri beynəlxalq layihədir. Çalışırıq ki, bu layihələrdə əməkdaşlıq etdiyimiz ölkələrin nümayəndələri iştirak etsin. Məsələn, Bakıda keçirdiyimiz konsertdə Azərbaycanın “Sarı gəlin” mahnısını bütün türkdilli sənətçilər ifa etmişdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında isə Qazaxıstan Simfonik Orkestrinin müşayiəti ilə bütün türkdilli ölkələrin nümayəndələri təmsil olunmuşdu. Baxın, bizim dialoqumuz budur. Ola bilsin ki, budəfəki layihəmiz balet oldu. Hələ ki, bununla bağlı imkanlar nəzərdən keçirilir. Növbəti ildə isə ümumtürk xoru təşkil edə bilərik. Bildiyiniz kimi artıq bizim gənclərdən ibarət kamera orkestrimiz var və o bütün türkdilli ölkələrin bəstəkarlarının əsərlərini ifa edir.
Bundan başqa, gələn il Astanada Ənənəvi Musiqilərin Beynəlxalq Şurasının konfransını keçirməyi planlaşdırırıq. Bütün dünyadan peşəkarlar, elmlər doktoru, mütəxəssislərdən ibarət 500-700 insan gələcək. Belə bir tədbir sonuncu dəfə Şanxayda keçirilib və mən növbəti ildə ev sahibi kimi Astananı təklif etmişəm. Sovet İttifaqı ərazisində heç vaxt belə bir tədbir olmayıb. Bununla diqqəti türk dünyasına yönəltmək istəyirəm. Bir sözlə, layihələrimiz, görəcəyimiz işlər, planlar çoxdur.

Mehparə Sultanova