Rəcəb Ərdoğan: “Vəqfimiz “paytaxt ili”ndə başladığımız işləri davam etdirəcək, türk dünyasının mədəniyyətini qardaş xalqlarımıza tanıtmaq üçün bir körpü rolunu oynayacaq”

TÜRKSOY-un önəmli layihələrindən olan “Türk dünyası mədəniyyət paytaxtı” layihəsi artıq üç ildir ki, davam edir. Ötən il bu missiyanı uğurla yerinə yetirən Əskişəhər bu il estafeti Kazana verdi. Türkiyənin zəngin mədəni irsə malik bu şəhəri “paytaxt” missiyasını təhvil versə də, “Əskişəhər-2013 - Türk Dünyası Mədəniyyət Paytaxtı” agentliyi ictimai təşkilat - vəqf olaraq fəaliyyətini davam etdirir. Təşkilatın rəhbəri Rəcəb Ərdoğan qəzetimizə müsahibəsində bundan sonra görüləcək işlər, layihələr barədə danışdı.

- Agentliyimizin “Türk dünyası mədəniyyət paytaxtı” ilində fəaliyyəti başa çatsa da, başladığımız layihələr davam edir, nəzərdə tutduğumuz bir çox tədbirlər var. Məsələn, bu il Azərbaycanın Şəki şəhərində keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı çərçivəsində düzənlədiyimiz türk dünyasının etnik geyimlərindən ibarət dəfilə də belə tədbirlərdən biri idi. Bundan başqa, simpozium, seminarlar təşkil edirik. Fəaliyyətimizin digər istiqamətlərinə də tarixi binaların bərpası və sənədli filmlərin çəkilişi aiddir. Məsələn, hazırda Əskişəhərdə mədəniyyət mərkəzi və “Türk dünyası meydanı” inşa edirik. Ekran işlərinə gəlincə, “Krımlı” filmini çəkmişik. Film Krım türklərinin zaman-zaman üzləşdikləri əzab-əziyyətlərdən bəhs edir. Baş rolda “Möhtəşəm yüz il” serialında Xədicə sultanı canlandıran aktrisa Selma Ergeç oynayır. Filmin premyerası artıq Əskişəhərdə gerçəkləşib, İstanbul və Ankarada da təqdimat keçirməyə hazırlaşırıq.

- Sizcə, Əskişəhərin “Türk dünyası mədəniyyət paytaxtı olması” Türkiyəyə nə verdi? Ümumiyyətlə, bu layihəni necə dəyərləndirirsiniz?
- Bu missiya Türkiyəyə bir çox töhfələr verdi. Hər gün tədbirlər keçirirdik, beləcə, il ərzində 400-dək tədbir reallaşdırdıq. Daha öncə türk dünyası modaçılarını Əskişəhərdə bir araya gətirdik və “Türk dünyası dəfiləsi” adlı tədbir keçirdik. Dəfilədə ünlü modelyer Cəmil İpəkçinin kostyumları da nümayiş olunurdu. Moda nümayişini Ankarada da təşkil etdik. Bu layihə böyük diqqət çəkdiyindən modelyerlər də Türkiyədən çoxlu dəvətlər aldılar.
Tədbirlərimiz sırasında möhtəşəm Novruz bayramı da önəmli yer tutdu və burada türkdilli ölkələrdən 800-dən çox rəqqas iştirak edirdi. Tədbirlərin hər biri gözəl idi. Amma etiraf edim ki, Novruz proqramı doğrudan da həyatımda təşkil etdiyimiz ən gözəl proqramlardan biri oldu. TÜRKSOY-la birlikdə keçirdiyimiz bu tədbir vasitəsilə türk dünyası ilə çox yaxşı dostluqlar qurduq. Artıq bir-birimizi görəndə tanış, doğma insan kimi görüşürük, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstan, Tatarıstan və digər türkdilli ölkələrdə çoxlu dostlarımız var. Yəni bu tədbirlər vasitəsilə Türkiyəni çoxlu insanlara tanıtdıq, ortaq layihələr həyata keçirdik. Bu il isə, bildiyiniz kimi, paytaxt Əskişəhərdən Kazana keçdi. Ümid edirəm ki, onlar da bizim kimi çoxlu sayda tədbirə ev sahibliyi edəcəklər.
Layihənin əhəmiyyətinə gəlincə, “Mədəniyyət paytaxtı” tədbirlərin, dostluqların, sənətçilərin bir araya gəldiyi, görüşdüyü məkan deməkdir. 2013-cü il üçün Əskişəhər “Mədəniyyət paytaxtı” missiyasını yerinə yetirməklə həm də dünyada tanınma fürsəti qazandı. Çox gözəl bir layihədir, yetər ki, davamlı olsun. Əlbəttə, belə bir missiyanın məsuliyyəti böyükdür. Biz də bu məsuliyyəti dərindən dərk edərək çalışdıq. “Mədəniyyət paytaxtı” dövründə agentliyimizdə 50 nəfər işçi çalışırdı. Amma işlər azaldıqca onların çoxu öz əvvəlki işlərinə qayıdırlar.

- Bundan sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz?
- “Mədəniyyət paytaxtı” missiyası üzrə proqramlar iyunun 30-da başa çatdı. Bu tədbirlərdən sonra Əskişəhər Mədəniyyət Paytaxtı Vəqfi olaraq fəaliyyətimizi davam etdirəcəyik. Yəni qurum olaraq eyni işləri görməyi planlaşdırırıq. Ona görə ki, yaratdığımız bağları qoparmaq istəmirik. Elə bunun üçün də bir təşkilata ehtiyacımız var. Artıq vəqfə çevrilmə prosesi gedir. Bu o deməkdir ki, müstəqil fəaliyyət göstərəcəyik. Burada məqsəd həm də türk birliyi ilə müstəqil iş görməkdir. Türk dünyasının mədəniyyətini türk dünyasına tanıtmaq üçün tədbirlərimiz yenə davam edəcək. Vəqfimiz bu yöndə bir körpü vəzifəsini yerinə yetirmək məqsədi ilə qurulur. Əskişəhərin mədəniyyət, sənət və turizm sahələrində özünü tanıtması yenə də davam edəcək və marka şəhər imici qazanacaq. Biz də bu işlərdə iştirak edəcəyik.

Mehparə