İlham Rəhimli ilə 65 yaşın teatr söhbəti

Müsahibənin görkəmli alimin doğum günü ərəfəsinə təsadüf etdiyini nəzərə alıb dolğun və mənalı ömrü, durmadan davam edən yaradıcılığı, həyata və sənətə baxışı, yəni bir insan olaraq onu xarakterizə edə biləcək cəhətlərindən danışıb-danışdıracaqdım. Amma istədiyim kimi olmadı. Özündən danışmağı sevməyən, daha doğrusu, bütün söhbətlərini fırladıb teatr mövzusuna gətirən, fövqəladə bir şövqlə sevdiyi bu əsrarəngiz aləmlə bağlayan əsl teatr adamı yenə də səhnə sənətindən danışdı. Beləcə, teatrla bağlı yazı-pozularına onun cild-cild kitabları, uzun illəri əhatə edən araşdırmaları, resenziya və məqalələrindən sitatlar gətirməklə “Teatrşünas İlham Rəhimli deyir ki...” ünvanını təsadüfi qazanmadığını bu dəfə də göstərə bildi. Ona görə elə biz də teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, dəyərli pedaqoq və olduqca maraqlı həmsöhbət İlham Rəhimli ilə söhbətə teatrdan başlayıb, teatrla da bitirdik.

- İlham müəllim, 40 ildən artıqdır ki, teatrdan yazırsınız. Bu sizi yormur ki?
- Yormur. Bu da bizim seçdiyimiz yol, sənətdir. Yazmağa gəlincə mən sadəcə mənəvi tələbat olanda yazıram. Görünür, bir az çox yazıram, siz də onu nəzərdə tutursunuz. Mən, ümumiyyətlə, yazıya başladımsa, boş qala bilmirəm, mövzular çoxdur. Çünki uzun illər arxivdə işləmişəm - təxminən 12 il fasiləsiz bu yöndə araşdırmalarla məşğul olub, son dərəcə zəngin materiallar toplamışam. Buna görə də rahat yazıram və mütləq topladıqlarımı ərsəyə gətirmək lazımdır.

- Uzun müddət mətbuatda çalışaraq teatrdan yazmısınız. Mətbuat, qəzetçilik tənqidçilik istiqamətində sizə nə verdi?
- Təkcə teatrdan yox, mədəniyyət və incəsənətin bütün sahələrindən yazmışam. Hətta silsilə felyetonlarım da olub. Qəzet mənə operativliyi, Azərbaycan dilinin həssaslığını, prinsipiallığı, məsuliyyət və çevikliyi öyrədib. Təəssüflər olsun ki, bu gün 80-90 faiz qəzetçilərdə o məsuliyyəti, o ciddiliyi, dilimizə məhəbbəti, faktların doğruluğuna ehtiramı, mövzunun tədqiqinə marağı hiss eləmirəm. Xüsusən də teatrdan yazanlarda. Yazan deyirəm, çünki onların əsl peşələrini bilmirəm. Bir neçə gənc teatrşünas var ki, maraqlı yazıları, gözəl təhlil qabiliyyətləri ilə seçilirlər. Onların arasında Məryəm Əlizadənin, Rafiq Sadıqovun, Aydın Talıbzadənin yetirmələri ilə yanaşı, mənim də tələbələrim var. Amma, təəssüflər olsun ki, onlar azdır. Bir də ona təəssüf edirəm ki, bu istedadlar daha çox cari teatrşünaslıqla məşğul olurlar. Fundamental teatrşünaslığa maraq göstərmirlər.

- Fundamental teatrşünaslıq üçün nədən başlamaq lazımdır?
- Əslində bu prosesi Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun teatr və kino şöbəsi tənzimləməlidir. O şöbənin özündə və müxtəlif sahələrdə çalışan səriştəli teatrşünaslar var. Ancaq onları bir yerə toplayıb konseptual tədqiqatlara yönəltmək lazımdır.

- Teatr tənqidçiliyindən söz açarkən 2-3 nəfərin adı çəkilir. Buna səbəb teatra meylin, sənətə marağın az olmasıdır?
- Deməzdim, az olub. Mənimlə bir dövrdə təhsil almış istedadlı teatrşünaslar fəal idilər. İstedadla yazıb-yaradan teatrşünaslar var idi: Rafiq Sadıqov, Elmira Əliyeva, Novruz Təhməzov, Kəmalə Cəfərzadə, Atababa İsmayıloğlu, Xuraman Novruzova, Əsəd Məmmədov, Yaqub Əlioğlu... Lakin onlardan bəzisi gənc rəhmətə getdi, bəzisi laqeydliklə üzləşib sənətdən uzaqlaşdı, bəzisi sırf pedaqoji fəaliyyətə keçdi... Digər səbəbə gəlincə, əksər qəzetlər teatrşünaslara qonorar vermirlər. Yəni maddi marağın olmaması gəncləri, istedad və qabiliyyətindən asılı olmayaraq, teatr tənqidçilərini bu sahədən uzaq salır. Teatrşünas gördüyü səmərəli işin mənəvi və maddi haqqını almalıdır.

- Deməli, siz və sizin nəslinizdən olan digər teatrşünaslardan fərqli olaraq onların böyük anlamda sənət idealları yoxdur...
- Belə deməzdim. Sadəcə onlar həyata bizdən daha ayıq baxırlar. Ona görə də qabiliyyəti olan, yaxşı təhsil görmüş teatrşünaslar belə sahəyə az maraq göstərir, ya da sonradan sənəti davam etdirmirlər. Bax bu boşluğa görə də teatr haqqında daha çox səriştəsiz yazılar qəzetlərdə yer alır.

- Bəlkə bunun bir səbəbi də teatrın özünə münasibətdən qaynaqlanır? Nəzərə alaq ki, illər öncə bütöv bir nəslin teatrla əlaqəsi qırılmışdı. Digər tərəfdən, teatrların fəaliyyətində sənət hadisəsi sayılacaq işlərin az ortaya çıxması teatrla münasibəti korşaltmış oldu.
- Bilirsiniz, nəsillər arasında atalar-oğullar məsələsi daim labüd olub. Gənclər yaşlı nəsli inkar edib, onlar da öz növbələrində gənclərə qarşı ümidsiz olublar. Bütün zamanlarda bu proses baş versə də, cəmiyyət daim inkişaf edib. Deməli, bu qarşıdurmanın özü inkişafa təkandır. Teatrda hadisə deyəcəyimiz işlərə gəlincə, bu, yaradıcılıqdır və heç vaxt eyni xətt üzrə gedə bilməz. Təbii ki, bu gün Milli Dram Teatrında son 30-40 ildə itirdiyimiz Əliağa Ağayev, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məlik Dadaşov, Həsənağa Turabov, Səməndər Rzayev... bu qəbildən adını çəkmədiyim sənətkarlarımız yoxdur. Amma 20-30 ildən sonra da bugünkü aktyor nəslinin adını çəkib təəssüflənəcəyik. Bu gün də teatrlarımızda istedadlı aktyor və rejissorlarımız var. Sadəcə olaraq televiziya, xüsusən də internet teatra gəlişin müəyyən mənada qarşısını alır. Beləcə teatra məhəbbət azalır. Düzdür, teatrlarımızda zəif tamaşalar, primitiv aktyor oyunları da var. Amma bütün bunlarla yanaşı, teatrımız yaşayır və çox qüdrətli sənətkarlarımız, ümidverici gənc artistlərimiz, səriştəli, peşəkar rejissorlarımız yetişib. Sadəcə olaraq teatr və cəmiyyət prosesini müasir dövrün tələbləri səviyyəsində, prodüserlik fəaliyyəti istiqamətində qura bilməmişik. Məhz bu nüans teatrın maddi təminatından təbliğatınadək ən müxtəlif qütblərdə çatışmazlığıdır. Unutmaq olmaz ki, tamaşanı incəsənət məhsulu kimi satışa çıxarmaq qabiliyyəti həmin nümunənin yüksək səviyyədə hazırlanma tələbi ilə eyni olmalıdır. Yəni o yaradıcılıq məhsulunu istehsal edən teatr onun satışını da mükəmməl icra etməlidir. Hazırda bu məqam daha çox axsayır və teatrlar daha çox dövlətə ümid bəsləyir ki, bu da bazar münasibətlərində o qədər də səmərə vermir. Yeri gələndə Mədəniyyət və Turizm Nazirliyi teatrlara dövlət sifarişləri verir. Amma bu da müəyyən qismi əhatə edir. Ona görə də teatrların inkişafı üçün istedadla yanaşı, maddi stimul və şərait də vacib amildir. İstər paytaxt, istərsə də bəzi bölgə teatrları yüksək səviyyədə təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Ancaq hələ ki texniki yeniliklər səviyyəsində bədii yeniliklər edə bilmirik. Təəssüflər olsun ki, bizdə dramaturq-rejissor-aktyor üçlüyünün işləmə vərdişində bir az lənglik əmələ gəlib. İndi o ritmi tuta bilməmişik. Təbii, uğurlu tamaşalarımız da var. Milli teatr prosesində güclü axtarışlar gedir və mənə elə gəlir ki, bunun mütləq səmərəsi olacaq.

- İlham müəllim, qəbul edək ki, teatrın bugünkü missiyası da dəyişib. O, cəmiyyətdəki dəyər ölçüləri, böyük anlamda məqsəd və məramları ilə yanaşı, özünün təbliğatını da sistemli aparmalıdır.
- Teatrın daim bir missiyası var. O, mənsub olduğu cəmiyyətin kiçildilmiş modelidir. Səhnədə cəmiyyətin varlığı, durumu, yüksəlişi, qüsurları, problemləri görünməlidir.

- Günümüzün prizmasından bu nə qədər realdır?
- Mənə elə gəlir ki, bu gün teatrlarımız repertuar baxımından cəmiyyətdə mövcud olan ictimai, mənəvi-əxlaqi problemlərin səviyyəsində deyil. Yəni onları bütün genişliyi, bədii dəyəri ilə işıqlandıra bilmirlər.

- Deməli, teatrımız cəmiyyət həyatına girə bilməyib.
- Niyə ki? Cəhdlər var. Həm də unutmaq olmaz ki, teatr heç vaxt problem həll eləmir. O sadəcə olaraq cəmiyyətdə ətrafa səpələnmiş zərrə-zərrə problemləri yığıb küll halında təqdim edir. Bax bu təqdimatda tamaşaçı inamı, tamaşaçı düşüncəsi çox güclü olmalıdır. Bu gün cəmiyyətdə teatra qarşı qəribə bir biganəlik əmələ gəlib. Amma bu təkcə teatrın günahı deyil. Ona görə də teatra maraq, onunla təmasda olmaq vərdişi aşılanmalıdır ki, bu da məktəbdən başlayır.

- Burada məcburiyyət prinsipi təhlükəli də ola bilər, elə deyilmi?
- Söhbət məcburiyyətdən getmir. Sadəcə təbliğat işi güclü aparılmalı və məktəblilərdə, yeniyetmələrdə digər vərdişlərlə yanaşı, teatra maraq, sevgi də aşılanmalıdır. Unutmaq olmaz ki, internet və digər elektron resurslar mənəvi-əxlaqi dəyərləri formalaşdırmır. O sadəcə məlumat zənginliyidir. Təbii ki, müəyyən mərhələyədək. Bax bunun nəticəsidir ki, dərs dediyim Mədəniyyət və İncəsənət Universitetinin elə magistrantı var ki, Bakıdakı teatrlar və onların tam adı ilə bağlı məlumatsızdır. Faciə bundadır. Ona görə də hər şeyi teatrın üzərinə yıxmaq lazım deyil. Onlar gözəl tamaşalar da hazırlayır, orta səviyyəli əsərlər də göstərir, uğursuz nümunələri də olur. Bütün bunların fonunda teatrda proses gedir, bariz canlanma müşayiət olunur.

- Uğurlu və uğursuz tamaşalar dedikdə ilk olaraq rejissor nəzərə çarpır. Bu gün də rejissor teatrı modeli labüddür?
- Mən daim teatrların inkişafını baş rejissorlarda görürəm. Azərbaycanda müxtəlif teatrların baş rejissor kürsülərində Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, İbrahim Həmzəyev, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, Soltan Dadaşov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Vəli Babayev, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev... kimi sənətkarlar əyləşiblər. Aktyorları bir yerə yığıb onların bugünkü və gələcək inkişafını, sənət ocağını konseptual inkişaf xəttini, janr-üslub prinsiplərini ancaq səriştəli baş rejissor müəyyənləşdirə bilər. Hansısa teatrın baş rejissorsuz fəaliyyəti mənə çatmır. Bilmirəm, bəlkə səhv edirəm...

- Bu məqamda teatrlar və onların apardığı repertuar siyasəti də gündəmə gəlir.
- Teatrların repertuarına nəzər salsanız görərsiniz ki, dünya klassiklərindən müasir dramaturqlaradək ən müxtəlif ədəbi cərəyanları təmsil edən müəlliflərin əsərləri oynanılır. Hətta absurd teatrın nümunələrinə də müraciət var. Bu maraq doğurur, təqdir edilməlidir. Ancaq bu əsərlərin tamaşaları çox vaxt teatrın yaradıcı qrupunun formalaşmasına, kamilləşməsinə yox, daha çox rejissorun bioqrafiyasına işləyir. Bu gün həmin nümunə rejissor quruluşunda zəif tamaşa kimi dəyərləndirilsə də, 30-40 il sonra onun bədii keyfiyyəti yox, sadəcə rejissorun yaradıcılıq təqdimatında adı qalacaq. Bu da bir maneə kimi qalmaqdadır. Bundan başqa, mənə elə gəlir ki, teatrlarımız janr tarazlığını pozurlar. Düzdür, qarışıq janrda tamaşalar hazırlamaq olar. Amma bunun özü geniş mənada bir dairənin içərisində tam, bütöv janr prinsiplərinə əsaslanmalıdır. Tamaşada mövcud bütün estetik meyllərdən də istifadə etmək olar. Ancaq əlvanlıq və forma xatirinə yox, tamaşanın bədii keyfiyyətinin, dəyərinin yüksəlməsi naminə.

- Son illər teatrlarımız xüsusən xaricdən rejissor dəvətinə üstünlük verirlər. Sizcə, bu, Azərbaycan teatrına nə verir?
- Maraqlıdır, həm də vacib. Biz mütləq kənara çıxmalı, fərqli, yeni yanaşmaları da izləməliyik. Amma mən istərdim ki, bu da qarşılıqlı olsun. Digər tərəfdən, gələn rejissor o teatrın yaradıcılıq qayəsini dərindən bilməli, baş rejissorla söhbətlər aparmalı, teatrın repertuarındakı bütün tamaşalara baxıb sonra rol bölgüsü aparmalıdır. Ancaq təəssüflər ki, həmişə belə olmur. Xarici rejissor gəlməmiş direktorlar rol bölgüsünü “aparırlar”.

- Sizcə, tamaşanın uğurunda dramaturji material, rejissor, yoxsa aktyor oyunu əsas şərtdir?
- Rejissura, aktyor oyunu və dramaturgiya. Ayırmaq düzgün deyil.

- Aktyor üçün peşəkarlıq, yoxsa istedad öndə gəlməlidir?
- Sənətdə ən böyük iki düşmən var. Biri peşəkarlığı olmayan istedadlılar, digəri isə istedadı olmayan peşəkarlardır. Mənim aləmimdə istedad və peşəkarlıq paralel inkişaf etmirsə, o batıb gedəcək.

- Son vaxtlar sizi bir teatrşünas və tamaşaçı kimi məmnun edən hansı tamaşanın adını çəkə bilərsiniz?
- Əlbəttə, belə nümunələr var və onları maraqla izləyirəm. Sadəcə, ad çəkmək və ya birini digərindən belə qısa rəylə fərqləndirmək istəmirəm.

Söhbətləşdi: Həmidə Nizamiqızı