İki ölkə arasında mədəniyyət sahələrində əlaqələrin perspektivləri müzakirə olunub
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında iştirak etmək üçün ölkəmizə gəlmiş İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
   Görüşdə mədəniyyət və mədəni irs sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
   Seyid Məhəmməd Hüseyni İran dövlətinin Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsində maraqlı olduğunu, xalqlarımızın tarixi-mədəni yaxınlığının ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynadığını qeyd edib.
   Söhbət əsnasında hər iki ölkədə keçirilmiş qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti vurğulanıb, mədəni irs sahəsində birgə layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürülüb. 2013-cü ildə İranda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə İran Mədəniyyəti Günlərinin, həmçinin ölkəmizdə İran Mədəniyyəti Həftəsinin keçirilməsi barədə razılıq əldə olunub.
   Sonda nazir Seyid Məhəmməd Hüseyni görüşə görə təşəkkür edərək iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirib.