Yıldıray Arslan: “Gerçəkləşdirdiyimiz layihələrlə qalıcı, daim yaşanan işlər görmək istəyirik. Elə həyatın mənası da budur”

TRT-nin Bakı təmsilçiliyinin yeni rəhbəri Yıldıray Arslanın jurnalist karyerasının ilk addımları Azərbaycanla bağlıdır. Qarabağ müharibəsindən reportaj hazırlayan ilk türkiyəli media mənsublarından biri olub, hərbi telejurnalist kimi tanınıb. Sonralar Azərbaycana daha sıx (o cümlədən ailə bağları ilə) bağlanıb. Onunla söhbətə də karyerasının ilk illərindən körpü saldıq.

- Yıldıray bəy, jurnalistikaya gəlişiniz, sonra Azərbaycana təyinatınız, bütün bunlar necə baş verdi?
- 1987-ci ildə ədəbiyyat-tarix bölümü üzrə universitet təhsilimi başa vurandan sonra TRT-də keçirilən imtahana qatıldım və keçə bildim. Beləcə, 1988-ci ildə iş həyatıma TRT-də başladım. TRT-də çalışmaq üçün üç il staj keçmək lazımdır. İkinci ilimdə mən Bakıya ezam olundum. Açığı, işin məsuliyyəti məni bir az çəkindirdi, amma müdirim dedi ki, sənin bu işin öhdəsindən gələcəyinə inanıram. Azərbaycana gəldim və buradan ilk görüntülü reportajı Türkiyəyə mən ötürdüm. O vaxt hazırladığımız materialları Moskva vasitəsilə göndərirdik, hələ sovet dövrü idi. 1990-cı ilin Bakıdakı Şəhidlər xiyabanında insan izdihamından reportaj hazırladım. Bu xəbər yayıldıqdan sonra Türkiyədə Azərbaycana dəstəklə bağlı küçə nümayişləri baş verdi. Mənim hərbi jurnalist adlandırılmağım da elə bu reportajdan sonra başladı. Əslində hərbi jurnalist kimi təqdim olunmağımdan zövq aldım. Hər kəsin bəlli həyat cizgisi var. Bu da mənim həyat cizgimdir. Qarabağ müharibəsinin hələ ən şiddətli vaxtlarında TRT-nin digər bir neçə əməkdaşları ilə cəbhə bölgəsində olduq. Bəzən həyati riskli hallarla da üzləşdik. Bununla belə, işimizi görməyə çalışdıq. Kəlbəcərli məcburi köçkünlərin məskunlaşdığı yerlərdə olduq, insanlıq faciəsi ilə üz-üzə qaldıq. Qazaxda, Tovuzda, Murovda gedən döyüşlərə şahidlik etdik. Yəni hərbi jurnalistliyim Azərbaycanla başladı. Uzun illər müharibə bölgələrinə ezam olundum, Çeçenistan, Bosniya kimi müharibə gedən bölgələrdən reportajlar hazırladım. Çeçen-rus müharibəsində paytaxt Qroznıya girən ilk türk jurnalist oldum. Sonralar TRT-də xəbər departamentində müxbir, xəbər müdiri, digər vəzifələri icra etmişəm.

- Uzun illər sonra Bakıya yenidən qayıtdınız. TRT təmsilçisi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirirsiniz. TRT müxbiri və təmsilçisi arasında hansı fərqlər var?
- O zaman heyətimiz bir müxbir, bir operatordan ibarət olduğuna görə daha rahat, müstəqil idim və istədiyim hər yerə gedə bilərdim. Amma indi həm bir qurumu təmsil edirsiniz və həm də burda işçiləriniz var. Artıq bu zaman daha məsuliyyətli olursan. Xarici ölkə təmsilçiliyinə gəlincə, təbii ki, bəlli bir təcrübə yolu keçmiş və TRT-nin daxili qaydalarına əsasən seçilmiş biri rəhbər təyin olunur. Azərbaycanda çalışdınsa, Azərbaycan türkcəsini bilmək şərtdir və bunun üçün namizədlər yazılı imtahandan keçməlidir. Həmin adamın bu ölkənin mədəniyyətinə nə dərəcədə yaxınlığı nəzərə alınır. Burada iki il müddətinə vəzifə icra edəcək şəxs ölkə barədə məlumatlı olmalıdır. Məni Azərbaycana sıx tellər bağlayır. Birincisi, jurnalistika karyeramda ilk xarici səfərim Azərbaycana olub. Mən həm də azərbaycanlı sayılıram, çünki xanımım azərbaycanlıdır. Tanıdığım, sevdiyim, bildiyim bir ölkədə çalışmaqdan ancaq məmnun ola bilərəm.

- Bakıdan çoxdan ayrılmısınız, amma yenidən buradasınız: paytaxtımız, bütövlükdə ölkəmiz barədə təəssüratınız necədir?
- Bu mövzu ilə bağlı danışmaqdan zövq alıram. TRT-də xəbər departamentinin müdiri kimi fəaliyyət göstərmişəm. O üzdən 10 il Bakıya gəlmək imkanım olmadı. Çünki belə bir zamanda insanın vaxtı olmur. Özünü xəbərin içində yaşamaq məcburiyyətində hiss edirsən. Buna peşəkar bir alışqanlıq da demək olar. Gələn-gedən dostlarım mənə, Bakı çox dəyişdi, böyüdü, rəngarəng oldu, deyirdilər. İllər öncə mən Azərbaycandan ayrılanda Bakının hüznlü görünüşü vardı. Qarabağda yaşananların yaratdığı üzüntü, ölkənin ümumi durumunun ürəkaçan olmaması hər addımda hiss olunurdu. Elektrik enerjisi gah olurdu, gah olmurdu - belə qoyub getmişdim Bakını. Amma dönüşümdə çox işıqlı, sistemli qurulmuş, gələcəyə inamla addımlayan bir Bakı gördüm.

- Sizi Azərbaycanla bağlayan amillərdən biri də xanımınızın azərbaycanlı olmasıdır...
- Təbii. İşimdən başqa mən ailə bağlarımla da təkcə Azərbaycana deyil, bütün dünya azərbaycanlılarına bağlıyam. Məsələn, oğlum hazırda Kanadanın ali məktəblərindən birində təhsil alır. Buna səbəb orda yaşayan azərbaycanlı dostlarımın olmasıdır. Ona görə ki, bir neçə il öncə orada yaşayan azərbaycanlı dostlarımıza baş çəkməyə getdik. Oğlum da Kanadanı çox bəyəndi və bu ölkədə oxumağa qərar verdi. Bir sözlə, Azərbaycanı özüm üçün dünyaya açılan bir pəncərə kimi görürəm.

- Sosial şəbəkələrdə tez-tez şeirlər paylaşırsız. Müəllifi sizsiniz?
- Bəli, onlar mənim şeirlərimdir. Hətta bir il öncə Türkiyədə bir şeir kitabım da nəşr olundu. Çünki ətrafımda olanlar mənə yaxşı mənada təzyiq də göstərib deyirdilər ki, bunları bir kitab formasında nəşr etdirim. Hərçənd bu şeirləri öncə tam mənə aid olduğunu düşünüb hətta internetdə də paylaşmadım. Sonra onları paylaşınca, dost-tanışlar bəyəndilər. Boş zamanda isə onları kitab halına gətirdim. Kitaba maraq da az olmadı. Hətta indi o kitabdan özümdə də yoxdur.

- TRT Azərbaycanın haqq səsini hər zaman dünyaya çatdıran telekanal olub. TRT-nin Bakı təmsilçiliyi də önəmli layihələrə imza atıb. Maraqlıdır, tamaşaçıları hansı yeni proqramlar gözləyir?
- Qardaş ölkələr olaraq bizim ortaq tariximiz var və bu tarixi, mədəni əlaqələrimizin təbliği baxımından TRT böyük rol oynayır. Bundan sonra da əlamətdar günlərdə TRT Azərbaycanın yanında olacaq. Çünki bu, TRT-nin bir vəzifəsidir. Telekanal bir növ Azərbaycanın bu günü ilə Türkiyənin bu günü arasında körpü rolunu oynayır. Bu baxımdan yeni layihələr düşünürük. Bakı təmsilçiliyinin koordinasiyasında həyata keçirilən “Azərbaycan ulduzları”, “Qürbətdəki elçilərimiz” və “Can Azərbaycan” adlı proqramlarımız var. “TRT Avaz”da yayımlanan proqram da var. Bunlar yaxın zamanda razılaşma əldə olunmuş, müqaviləsi bağlanmış verilişlərdir və onları davam etdirməyi düşünürük. Bundan başqa, xüsusilə iki ölkə toplumunun bugünkü vəziyyətini əks etdirən və tarixi birliyimizə istinad edən, oradan güc alan proqramlara daha geniş yer vermək istəyirik.

- Mədəniyyət sahəsində hansı layihələriniz var?
- Bir konsert proqramı həyata keçirməyi düşünürük. Bildiyiniz kimi, “TRT Avaz”da canlı olaraq həftədə bir dəfə “Ən bəyaz gecələr” adlı bir proqram yayımlanır. Bu çox bəyənilən layihələrdən biridir. Biz dekabr ayında layihəni Bakıda düzənləməyi düşünürük. Bunu ya Heydər Əliyev Mərkəzində, ya da “Kristal Holl”da keçirməyi düşünürük. Türkiyədən də populyar bir solist gətirmək istəyirik. Bunun üçün sponsor axtarışındayıq. Bu konsert “TRT Avaz” və Azərbaycanın İctimai Televiziyası vasitəsilə canlı yayımlanacaq. Azərbaycanda fəaliyyət göstərən iş adamlarının da bizə dəstəyi olacaq. Qeyd edim ki, yerli iş adamlarının da layihəyə dəstək vermələrini istərdim. İkinci layihə “7 dəqiqə” adlanır. Bu bir mədəniyyət layihəsidir. Mən Ankarada işləyəndə yeni insanlarla tanış olduğum zaman məndən “xəbər nədir” soruşarkən, cavabımda “xəbər həyatdır” deyirdim. O üzdən mən ciddi anlamda Azərbaycanı tanımaq və tanıtmaq istəyirəm. Biz eyni kökdən gələn insanlarıq. Bu işi görərkən haradan fərqli yanaşa bilərik, işimizi necə daha mükəmməl şəkildə görə bilərik, deyə düşünməliyik. Bunun üçün işimizə peşəkar yanaşmalıyıq. Burada məqsəd özümüzü bir-birimizə anlatmaq deyil, dünyaya anlatmaqdır. Sadəcə gerçəkləşdirdiyimiz layihələrlə qalıcı, daim yaşanan işlər görmək istəyirik. Elə həyatın mənası da budur.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar