Çoxlarının sevimlisi tanınmış şair Eldar Baxış 22 iyunda anadan olub. 22 iyun keçib. E.Baxış da bu işıqlı dünyadan köçüb. Amma «əmanətini» - adını, şeirini elə bu işıqlı dünyada qoyub. Əyani bir nümunə. E.Baxışın oxuculara təqdim etdiyimiz bu şeirini qəzetimizin əməkdaşı İntiqam Hacılı redaksiyaya gətirmişdi. İntiqam Eldar Baxışı həyatda görməmiş, onunla şəxsən tanış olmamışdı. E.Baxış dünya ilə vidalaşanda İntiqam 18 yaşına yenicə qədəm qoyubmuş. İntiqamı Eldar Baxışla elə şairin şeirləri tanış edib. O şeirlər ki, elə bil bu gün yazılıb. Özü də bu şeirlər tamamilə yeni ruhlu və təzədir. Bir daha «yaxşı ədəbiyyat zamanın fövqündədir» fikrinə inandıq. E.Baxışın şeirlərinin altına bütün zamanlarda cari vaxtın təqvim tarixini tərəddüd etmədən qoymaq mümkündür.
   
   Gecənin bir aləmi
   
   ... Sonra nə oldusa, yadıma gəlmir, -
   Onu bilirəm ki, qanım qaynadı
   Ürəyim atlandı, ruhum oynadı,
   Sonra nə oldusa yadıma gəlmir.
   
   Tez durdum,
   geyindim,
   çıxdım küçəyə -
   Küçə sizə sarı çəkirdi məni.
   Ülduz sizə sarı, ay sizə sarı,
   Gecə sizə sarı çəkirdi məni.
   
   Gecədən,
   ulduzdan,
   aydan da betər,
   Ürək siz tərəfə çəkirdi məni,
   Fələyə nə deyim, tutub qolumdan
   Fələk sizə tərəf çəkirdi məni.
   
   Küçənin, gecənin, ulduzun, ayın,
   Ürəyin sözündən çıxa bilmədim,
   Tanrının sözündən çıxa bilmədim,
   Fələyin sözündən çıxa bilmədim.
   
   Alnıma toxundum, gördüm tərləyib,
   Dodağıma baxdım, uçuqdu, gördüm.
   Bütün darvazalar gördüm bağlıdır,
   Sizin darvazanız açıqdı gördüm.
   
   Keçdim darvazadan, girdim həyətə,
   Arzu, istək məni yaxalamışdı
   Ulduz oyaq idi, ay oyaq idi,
   Tanrı oyaq idi göyün üzündə
   Qapınızın zəngi yuxulamışdı.
   
   Qapını oyatdım,
   zəngi oyatdım,
   oyatdım yuxudan zəngin səsini.
   Daha düşünmədim,
   fikirləşmədim
   İşin avandını, işin tərsini.
   
   İş belə oldu ki, zəngin harayı
   Yuxudan yarımçıq qaldırdı səni
   Durna qatarında uçub gedirdin
   Durna qatarından saldırdı səni.
   
   Sən oyanan kimi, sən duran kimi
   Əllərin oyanıb qalxdı yuxudan,
   Yastığın üstündə sərili qalan
   Tellərin oyanıb qalxdı yuxudan.
   
   Çiyinlər oyandı, pambıq çiyinlər,
   Addımlar oyandı, kövrək addımlar...
   Nə gözəl olurmuş,
   Allah, yuxudan
   Yarımçıq duranda qızlar, qadınlar.
   
   Həmişəki kimi, «eşş» eləmədin,
   Bir sözü çevirib beş eləmədin
   Sağını, solunu eşələmədin,-
   Yüyürdün qapıya, gəldin qapıya.
   Uzandı işığa süd barmaqların,
   Evin süd işığı alışdı, yandı...
   ...Sonra nə oldusa yadıma gəlmir,
   Sonra vaxt dayandı, zaman dayandı.
   
   Sonra söndü evin süd işıqları,
   Elə bil əridi, çürüdü getdi,
   Ulduzun yanına, ayın yanına,
   Tanrının yanına yeridi getdi.
   
   O süd işığından nə qaldı bizə
   ağ yastıq,
   ağ döşək,
   ağ yorğan üzü.
   Sənin baxışının odu-alovu
   Mənim baxışımın çınqısı-közü
   
   Od oda qarışdı, alov alova
   Köz közə qarışdı, çınqı çınqıya,
   Əl ələ qarışdı, barmaq barmağa,
   Dil dilə qarışdı, yanğı yanğıya.
   
   Sən mənə dedin ki, lap elə-belə,
   Mən sənə dedim ki, lap elə-belə,
   Bu mənim telimdi, bu sənin telin,
   Axtara bilirsən, tapa bilirsən,
   Axtar elə-belə, tap elə-belə.
   
   Gecə çırpınırdı, gecə əsirdi,
   Gecə titrəyirdi, nə titrəyirdi!..
   Sinəmiz gecəni, bu xoş gecəni
   Bir daş ütü kimi ütüləyirdi.
   
   Gecənin sümüyü sürmə olmuşdu,
   Dişinə dəyirdi dişi gecənin
   Bütün qitələri bölüşdürmüşdük,
   Biri bizim idi, beşi gecənin...
   
   ... Sonra nə oldusa yadıma gəlmir,
   Onu bilirəm ki, səhər açıldı,
   Onu bilirəm ki, əlim səyridi...
   Açıq pəncərədən baxdım səmaya,
   Tanrı göydən baxıb gülümsəyirdi.