“Bizim lüğətimizə daha çox Osmanlı sözləri daxildir. Məsələn, “okul” deyil, “məktəb”, “öyrətmən” deyil, “müəllim” deyirik”
Vaxtilə Osmanlı imperiyasının tərkibində olmuş Bolqarıstanda bu gün də türk icması yaşayır, fəaliyyət göstərir. Hazırda Bolqarıstanda sayca ikinci etnik qrup hesab olunan türklər Şərqi Avropada totalitar rejimin dağılmasından sonra ana dilində təhsil, din və mədəni dəyərlərini də önə çəkərək inkişaf etdirirlər. Şimal-qərbi Bolqarıstanın Dəli Orman bölgəsinin Şumen şəhər mədəniyyət evinin rəhbəri Nurtən Rəmzi ilə ötən ay Türkiyənin Bartın şəhərində İsmayıl Qaspralıya həsr olunmuş konfransda tanış olduq.
- Nurtən xanım, Bolqarıstanda nə vaxtdan yaşayırsınız?
- Mən Bolqarıstanda doğuldum və orada böyüdüm. Məndən əvvəlki nəslimiz, ata-babalarım da o torpaqda yaşayıblar. Türklər kompakt şəklində ölkənin cənub-şərqində - Frakiya bölgəsində yaşayırlar. Bolqarıstan türkləri Xorasan və Azərbaycandan gələn oğuz türklərinin qaynayıb-qarışması ilə formalaşmağa başlayıb, Osmanlı dövründə də yörük və türkmən boylarının qatılması ilə bugünkü halını alıb. Bizim ailəmizə gəlincə, mənim anam əslən Krımdandır. Atam isə Osmanlı türküdür. Yəni tarixən bir sıra türk nəsilləri - oğuzlar, qıpçaqlar, noqay, Krım tatarları, Osmanlı türkləri, yürüklər Dunay çayını keçiblər. Bu türk nəsillərinin qarışığından Dəli Orman bölgəsində türklər meydana gəlib. Hazırda mənim yaşadığım Şumen şəhərində Azərbaycan əsilli türklər də var. Çünki kommunist rejimi illərində Bolqarıstandakı türk tələbələrini təhsil almaq üçün Türkiyəyə deyil, Azərbaycana göndərirdilər. Türk gənclər orada azərbaycanlı qızlarla ailə qurur və xanımları ilə bərabər Bolqarıstana qayıdırdılar.
- Hazırda adət-ənənələrinizi necə yaşadırsınız?
- Bolqarıstan Osmanlı zamanında Balkanlarda ən çox önəm verilən bir yer olub. O vaxtdan bu günə qədər Rodopda və Dəli Ormanda daha çox türklər yaşayıb. Bizim Şumen şəhərimiz isə Osmanlı dönəmində çox əhəmiyyətli məkan idi. Şəhər əsas hərbi xidmət mərkəzlərindən biri olduğu üçün burada bir çox sənətlər, ticarət növləri inkişaf etdirilmiş və tədricən elm, mədəniyyət, sənət mərkəzinə çevrilmişdir. Şəhərimizdə Osmanlı dönəmindən qalan çoxlu tarixi məkanlar var. Burada “Türk Mədəniyyət Evi” də fəaliyyət göstərir. Bolqarıstanda dörd məscidimiz var. Amma Osmanlı dövründə onların sayı 40-dan çox olub. Sevindirici haldır ki, Bolqarıstanda ən qədim bina - Bedestanımız hələ də yaşayır. Bu, türklərin bir çox şəhərlərdə tikdikləri böyük, qalın divarlı binalardır. Sonralar ondan anbar kimi istifadə olunub. Osmanlı imperiyası dövründə türklərin sadəcə Balkan ölkələrində deyil, hakimiyyət qurduqları digər ölkələrin, xalqların inkişafına öz töhfələri olub. Şumendə türklərin tikdikləri saat qülləsi və Kurşun çeşməsi qorunub saxlanılır. Çeşmənin kitabələri isə Osmanlı türkcəsindədir. Bundan başqa, Şumendə orta məktəbimiz fəaliyyət göstərir, universitetdə türk ədəbiyyatı bölməsi var. Bir sözlə, keçmişdə olduğu kimi, bu gün də Şumen Bolqarıstan türklərinin ən çox üzdə olan bir şəhəridir. Ona görə ki, Şumenin daxilində Razqrad, Sillistre, Əski Cuma, Varna və başqa kəndlər var. Həmin yerlərdə yaşayanların əksəriyyətini türklər təşkil edir. Ümumiyyətlə, rəsmi rəqəmlərə görə, Bolqarıstanda yaşayan türklərin sayı 700 min nəfərdir. Amma biz əminik ki, bu rəqəm daha yüksəkdir - 2 milyondan çoxdur. Çünki rəsmi statistikada tatarların, ələvilərin sayını ayrı-ayrılıqda hesablayırlar.
- Bolqarıstanda doğulub-böyüdünüz. Amma türkcə mükəmməl danışırsınız. Maraqlıdır, ölkədə yaşayan bütün türklər ana dilini belə bilir?
- Xeyr, təəssüf ki, belə deyil. Mən buna böyük zəhmət verdim. 32 yaşıma qədər türk dilində danışa bilmirdim. Çünki ana dilimizi öyrədəcək məktəb yox idi. Valideynlərimizə gəlincə, onlar bütün günü işləyir, evə dönüncə də ev işləri görürdülər. Ona görə mən uzun müddət türk dilini öyrənə bilmədim. Yalnız Dəli Ormandakı xalqımız türk dilini bilirdi. Qadağalardan, köçlərdən və ad dəyişimlərindən sonra demokratiyanın Bolqarıstana gəlməyə başladığı dövrdə, nəhayət, ilk dəfə 1990-cı ildə bizim Şumen Universitetində türk dili və ədəbiyyatı bölməsi açıldı və mən ana dilini öyrənmək məqsədilə həmin universitetə yazıldım. Bundan əlavə, Şumen Mədəniyyət Evindəki fəaliyyətim, xüsusilə də, Dəli Ormanda yaşayan türk xalqının təhsili, idmanı, dili, ədəbiyyatı, tarixi ilə bağlı Türkiyəyə çox gəlib-getdim. Elə bu gediş-gəlişlər, konfranslar zamanı qurduğum ünsiyyət nəticəsində türk dilini öyrənə bildim. Onu da qeyd edim ki, bizim lüğətimizə daha çox Osmanlı sözləri daxildir. Məsələn, “okul” deyil, “məktəb” deyirik, “öyrətmən” deyil, “müəllim” deyirik. Dəli Orman bölgəsində isə hələ də əski türk dilində danışırlar.
- Mədəniyyət evinin rəhbəri kimi hansı işləri görürsünüz? Ümumiyyətlə, mədəni dəyərlərin təbliği zamanı hər hansı təzyiqlə qarşılaşırsınız?
- Türk mədəniyyətinin təbliği ilə bağlı çox aktiv fəaliyyət göstərirəm və xüsusilə Bolqarıstanda ən çox uşaq və gənclərlə çalışan bizim qurumdur. Təşkilatın ayrı-ayrılıqda 10-11 qrupu var. Qızlardan ibarət “Qız saz” orkestrimiz, “Davul-zurna” qrupumuz fəaliyyət göstərir. “Dastan” folklor qrupunu isə mən qurdum. Qadağalardan sonra çox böyük istəklə belə bir qrupu yaratdıq. Bundan başqa, “Gənc qələmlər” adlı ədəbiyyat klubumuz var və ildə iki dəfə şeir yarışları keçiririk. Uşaqlara sadəcə türk klassik ədəbiyyatını deyil, Bolqarıstan türk ədəbiyyatını da öyrədirik. Mövlanə, Yunus Əmrə gecələri keçiririk, türk dünyası ədəbiyyatını tanıdırıq. Əl işləri ilə bağlı da layihələrimiz olur. Məsələn, ötən il Bolqarıstanda ebru sənəti ilə bağlı yeganə olan atelye açdıq. İstanbul Universitetindən dəvət etdiyimiz xanım ustalar bizə türk sənətlərini öyrətdi. Bu dərslərə həm təqaüdçü, həm də gənc qadınlarımız qatılır.
İlahiyyat dərslərimiz də var və uşaqlara dini biliklər öyrədirik. Bolqarıstanda türk məktəbi yoxdur. Amma ana dilimizi hər kəs seçmə dərs olaraq oxuya bilir. Biz bu təhsil sistemini bəyənmirik. Əgər rəsmi bolqar dilini mükəmməl biliriksə, niyə ana dilimizi bilməyək. Məcburi əcnəbi dil öyrədilirsə, nədən ana dilimiz öyrədilməsin. Təəssüf ki, totalitar rejimin dağılmasından 25 il keçməsinə baxmayaraq, ana dili təhsilini həll edə bilmirik. Türk mədəniyyətinin təbliği ilə bağlı geniş çalışdığımıza görə bizə psixoloji təzyiqlər olur. Beş il redaktoru olduğum “Muzey” jurnalının nəşrini təzyiqlərdən sonra dayandırmalı oldum. Eyni zamanda “Qaragöz” kölgə teatrımızı da bağladılar. Bolqarıstan türkləri üçün ən çətin məqam 1989-cu ildə alim, müəllim, musiqiçi, ədəbiyyatçı və tarixçilərimizin Türkiyəyə axını oldu. Bu həm də beyin axını idi və nəticədə yaranmış bu boşluğu hələ də hiss edirik. Amma bizə dəstək verənlər də az deyil və bu da fəaliyyətimizə stimul verir.
Mehparə