Əvvəllər Fransa mədəniyyət mərkəzləri kimi tanınan Fransa institutları hazırda dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Əsas ofisi Parisdə yerləşən bu qurumun məqsədi fransız mədəniyyətinin və dilinin dünyada təbliği və yayılmasıdır. Azərbaycanda da fəaliyyət göstərən bu qurum müxtəlif layihələr həyata keçirir. Bakıdakı Fransa İnstitutunun mədəniyyət məsələləri üzrə koordinatoru Elisa Furtado ilə söhbətimizdə bu layihələrə və qarşılıqlı əlaqələrin perspektivlərinə toxunduq.
- Fransa İnstitutunun Azərbaycanda əsas prioritetləri nədən ibarətdir?
- Biz Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə işləyirik. Əsas məqsəd Fransa mədəniyyətinin təbliği, tanıdılması və fransız dilinin öyrədilməsidir. Hazırda institutda bütün səviyyələrdə dil dərsləri keçirilir. Bizim xüsusi mədəniyyət bölməmiz də var ki, bununla da birbaşa mən məşğul oluram. Əsas missiyamız Fransadan Azərbaycana tanınmış mədəniyyət xadimlərini, sənətkarları dəvət etməkdir. Təkcə ona görə yox ki, Fransa mədəniyyətini daha geniş yaymaq istəyirik, həm də ona görə ki, həmin sənətkarlar buradakı həmkarları ilə, ictimaiyyətlə tanış olsunlar, fikir mübadiləsi aparsınlar. Yəni bizim üçün də mühüm amil Azərbaycan və Fransa mədəniyyətinin mübadiləsidir. Biz həm də yerli sənətçiləri instituta dəvət edir, müxtəlif tədbirlər təşkil edirik. Məsələn, bu yaxınlarda kinorejissor Nona Müzəffərovanın fotosərgisini keçirəcəyik.
- Hansı yerli tərəfdaş qurumlarla çalışırsınız?
- Mədəniyyət və Turizm Nazirliyi, habelə YARAT Müasir İncəsənət Məkanı və digər təşkilatlarla birgə layihələr həyata keçiririk. YARAT bizim ən yaxşı tərəfdaşımızdır. Bugünlərdə bu qurumla birgə fransız rəqqası və xoreoqrafı Emanuel Hüinin ifasında müasir rəqs performansı təqdim etdik. Performans 1912-ci ildə Parisin Şatele teatrında ilk premyerası olmuş xoreoqraf Vaslav Nijinskinin “Favnın günortadan sonra istirahəti” bir aktlı baletinə əsasən hazırlanmışdı. Əsər klassik ənənə çərçivəsindən çıxaraq rəqsdə müasirliyin başlanğıcı sayılır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq layihələrində yaxından iştirak edirik. Ötən ilin noyabrında Bakıda keçirilən III Beynəlxalq Teatr Konfransına qatıldıq. Konfransa Fransanın tanınmış teatr rejissoru Dominik Dolmyu da dəvət olunmuşdu. O, Şərq dillərindən fransız dilinə və fransızcadan Şərq dillərinə tərcümə ilə məşğuldur. Azərbaycan dramaturqları, mədəniyyət xadimləri ilə mövzu mübadiləsi aparır.
- İki ölkənin mədəni mübadiləsində mədəniyyətlərarası sintezi necə görürsünüz?
- Mədəniyyətləri sintez etmək vacibdir. Bu baxımdan sizin sənətkarlarla işləməyi bacaran mütəxəssisləri Bakıya dəvət etmək lazımdır. Məsələn, fransız rəqqas və xoreoqrafı Emanuel Hüini Bakıda olarkən onu Mədəniyyət və İncəsənət Universitetinə dəvət etdilər. Biz təhsil ocağının rektoru Fərəh Əliyeva ilə görüşdük və o bizə çox xoş təsir bağışladı. Universitetin studiyasında bizim rəqqasın çıxışından sonra azərbaycanlı tələbələr milli rəqslərini nümayiş etdirdilər. Yəni biz bu yolla mədəniyyətlərimizi qarşılıqlı tanıtmağa çalışırıq. Düşünürəm ki, hərdən bizim müasir teatr qruplarımızı Azərbaycana dəvət etmək və müasir Avropa teatrını göstərmək lazımdır. Bu mənada YARAT müasir incəsənət sferasında çox işlər görür. Mərkəzin yeni binası da müasir standartlar səviyyəsində olmaqla çox gözəldir.
- Sizcə, Azərbaycan mədəniyyəti Fransada və fransız mədəniyyəti Azərbaycanda nə dərəcədə tanınır?
- Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fransanın bir çox şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi də bu sahədə böyük işlər görür. Bundan başqa, Fransada Şərq Dilləri Universiteti fəaliyyət göstərir və mən rus dilini orada öyrənmişəm. Həmin universitetdə həmçinin Azərbaycan dili bölməsi də yaradılıb və orada təhsil alanlar var. Universitetə müxtəlif ölkələrdən təhsil almağa gələnlər konfranslar, festivallar, kitab sərgiləri təşkil edirlər. Bu tədbirlərdə azərbaycanlılar da öz mədəniyyətlərini nümayiş etdirirlər. Həmçinin fransız mədəniyyət xadimləri Azərbaycan mədəniyyətinə, ədəbiyyatına maraq göstərirlər. Bayaq adını çəkdiyim Dominik Dolmyu Azərbaycan dramaturqlarının əsərlərini fransız dilinə çevirərək nəşr edir. Məsələn, sonuncu nəşri Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri olub. Düşünürəm ki, fransızların sizin mədəniyyətiniz, dramaturgiyanızla tanış olması çox vacibdir. Azərbaycanda istedadlı dramaturqlar var. Amma hələ ki, onları Fransada tanımırlar. Ümumiyyətlə, Azərbaycanda müxtəlif sahələrdə istedadlı insanlar çoxdur. Məsələn, sizin istər klassik, istərsə də müasir üslubda rəqqas və rəqqasələrinizin ifaları çox gözəldir. Rəngarəng musiqiniz var. Yeri gəlmişkən, iyunun 21-də Bakıda “Fransa musiqisi günü” adlı tədbir təşkil edəcəyik. Bu, Fransada küçədə keçirilən populyar bayram tədbiridir. Musiqi ilə məşğul olan hər kəs buna qoşula bilər.
Beləliklə, mədəni mübadilə məqsədli layihələrimiz davam edir. Azərbaycanın zəngin mədəniyyəti var və istərdik ki, bu Fransada daha geniş şəkildə tanınsın.
Mehparə