Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin echo.az saytına müsahibəsi

- Öncə icazə verin Sizi möhtəşəm tədbir - başa çatmış III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə təbrik edim. Tədbir artıq daimi xarakter daşıyır. Bilavasitə Sizdən Forumun siyasi tərkibi haqqında eşitmək istərdim.
- Təşəkkür edirəm. Bəli, həqiqətən də, Forum miqyasına görə qlobal xarakter daşıyır və siyasi baxımdan vacib bir tədbirdir. Əsasən onu qeyd etmək istərdim ki, bu tək bizim verdiyimiz subyektiv qiymət deyil; yüksək dəyəri bu tədbirə həmçinin bir sıra beynəlxalq təşkilatların təmsilçiləri və dünya miqyaslı siyasətçilər də vermişlər. Bundan əlavə, belə fikirlər məhz Forum keçirilərkən rəsmi hesabatların oxunduğu zaman da səsləndirilmişdir.
Azərbaycanın nailiyyətlərinin dünyada tanınması ölkə üçün böyük diplomatik uğur deməkdir. Buna görə də ölkəsinə, onun mədəniyyətinə və gələcəyinə biganə olmayan hər kəsi təbrik etmək istərdim. Onu da qeyd etmək istərdim ki, Forum özündə Azərbaycan hakimiyyətinin apardığı mədəniyyətlərarası dialoq prinsipləri və multikulturalizm əsaslarını təmsil edir. Forum ölkənin bu yönümlü siyasətində əhəmiyyətli tədbirlərdən biridir. Ölkə Prezidentinin multikulturalizm prinsiplərinə bağlılığı və bu cür siyasi dəyərlərin beynəlxalq münasibətlərdə daimi təbliğatı artıq uzun müddətdir ki, beynəlxalq aləmdə tanınıb və qəbul olunub. Bir tərəfdən məhz buna görə Forum artıq demək olar ki, bütün tanınmış beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu faktor sadəcə olaraq Forumun siyasi statusunu göstərmir, həmçinin bizim üzərimizə böyük bir məsuliyyəti götürməyi vadar edir. Siz həmçinin onda da haqlısınız ki, Forum daimi xarakter daşıyır. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən Forum iki ildən bir keçirilir. 2010-cu ilin sentyabr ayında BMT Baş Assambleyasının 65-ci sessiyası zamanı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Forum ölkə başçısının irəli sürdüyü "Bakı prosesi" təşəbbüsünün təşkilati təcəssümüdür.
18-19 may tarixində Prezident İlham Əliyevin başçılığı altında və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, BMT-nin Ümumdünya Turizm Təşkilatı, AŞ Şimal-Qərb Mərkəzi və İSESCO-nun müstəsna tərəfdaşlığı ilə Forum gerçəkləşmişdir. Bundan əlavə, Forumda TÜRKSOY, Türkdilli Ölkələrin İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Tədbirdə nüfuzlu təşkilatların iştirakı və sözün əsl mənasında, qlobal təmsil olunma (tədbirdə 100-dən çox dünya ölkəsi təmsil olunmuşdur) bizə əminliklə onu deməyə imkan verir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həmçinin qlobal siyasi səhnədir. Həmçinin bu, Azərbaycanın mədəniyyətlərarası dialoqda inteqrasiya dəyərləri baxımından potensiallarının tanınmasının növbəti sübutudur. Texniki və eyni zamanda siyasi baxımdan kifayət qədər vacib bir məqamı vurğulamaq istərdim: rəsmi dəvətnamələr nəinki bizim nazirlik, həmçinin yuxarıda adları çəkilən təşkilatların rəhbərləri tərəfindən imzalanmışdır. Bu tək Forumun statusu deyil, həmçinin Azərbaycanın potensialının növbəti dəfə tanınması anlamını daşıyır. Ölkə Prezidentinin humanitar yönlü vacib təşəbbüslərinin nəticəsində ölkəmiz dünya ictimaiyyətini narahat edən aktual problemlərin müzakirəsi üçün ideal məkana çevrilib.
Razılaşın ki, bu cür yanaşma ölkənin siyasi statusunu beynəlxalq münasibətlər sistemində xüsusilə vurğulayır. Sadalanan nüfuzlu beynəlxalq təşkilatlar bütün dünyada mədəni, siyasi tendensiyaları müəyyənləşdirirlər. Məhz buna görə də rahatlıqla onu söyləmək olar ki, Azərbaycan Prezidentinin bu siyasəti qlobal xarakter daşıyır və dünya ictimaiyyəti tərəfindən aktiv şəkildə dəstəklənir.
- Bu tədbirin xüsusiyyətləri haqqında danışa bilərdinizmi? Onu digər konfranslardan nə fərqləndirir?
- Düşünürəm ki, Azərbaycan əhalisi ölkədə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə artıq alışıb. Ümidvaram ki, bütün bunların ölkə haqqında müsbət imicin yaranması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim tərəfdaşların sayının artırılması məqsədindən keçirilməsi hər kəsə aydındır. Başqa sözlə, bütün bu tədbirlər məsələnin tez zamanda və hüquqi müstəvidə həllində ikili standartlarla mübarizənin diplomatik yollarıdır. Bununla da möhtərəm Prezident özünün demokratik, hüquqi və siyasi həll yollarına bağlılığını nümayiş etdirir. Bu da, öz növbəsində, dövlət başçısının siyasətinə olan simpatiyanın əsas səbəblərindəndir. Prezidentin aktiv xarici siyasi mövqeyi, beynəlxalq humanitar təşəbbüsləri, həmçinin ölkənin bu gün Avropanın enerji təhlükəsizliyində oynadığı rol, həyata keçirdiyi layihələr göstərir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin əsas oyunçularından biridir.
Bu məqam ölkəmizə görə qürur hissini yaratmaya bilməz. Mən inanıram və əminəm ki, Azərbaycan ictimaiyyəti, əsasən də gənclərimiz ölkə başçısının bütün təşəbbüslərini adekvat şəkildə qiymətləndirir və dəstəkləyir. Çünki bu gün edilən hər şey sabaha əminliyə aparır. Onu da qeyd edim ki, Forum "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilmişdir. Adıçəkilən şüar, həqiqətən də, tədbirin strateji mövzusunu təyin etmişdir. Bu istiqamətləri şərti olaraq birgəlik, təhlükəsizlik və mədəniyyət hissələrinə bölmək olar. Bununla da mədəni mexanizmlərin konkret siyasi problemlərin həllində rolu xüsusilə vurğulanır.
Birgəyaşayış, təhlükəsizliyin təminatı və mədəniyyətlərin qarşılıqlı hörməti - dünyanın sabahkı gündə əmin-amanlığını təmin edir. Razılaşın ki, müasir dünyamız son dərəcə inteqrasiya edilib və qarşılıqlı səviyyədə bir-birindən asılıdır. Dünyada gördüyümüz neqativ tendensiyaların fonunda - müxtəlif fobiyalar, regionlarda münaqişələrin olması, ekstremizm və s. - mədəni mexanizmlər, əsasən də mədəniyyətlərarası dialoq, qarşılıqlı səviyyədə inam və anlaşmanı təmin edir.
Mədəniyyətlərarası dialoq - müasir dünyamızın siyasi-ideoloji dəyəridir. Buna görə Prezident Forumda çıxışı zamanı yenidən bu fikri təkrarladı. Həmin sözlər demək olar ki, beynəlxalq təşkilatların şüarına çevrildi. Multikulturalizmin və müasir dünyada mədəniyyətlərarası dialoqun alternativləri fobiyalar, dözülməzlik, münaqişələrdir.
Məhz buna görə də bu cür tendensiyalar xüsusilə vacibdir və Azərbaycanın humanitar yönlü inteqrasiya təşəbbüsləri aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən adekvat şəkildə qəbul edilir. Bunun nəticəsində mövzunun aktuallığı Forumun praktik cəhətdən vacibliyini əvvəlcədən müəyyən edir. Misal üçün, Fransa Senatının üzvü Natali Qule özünün çıxışı zamanı müasir tendensiyaları xarakterizə edərək və Azərbaycanın uğurları haqqında danışaraq prinsipial olaraq bu Forumun praktik vacibliyini qeyd etmişdir. Fransanın rəsmi nümayəndəsi tərəfindən bu cür ifadənin səslənməsi Azərbaycan Prezidentinin təşəbbüslərinin perspektivliliyi və effektivliyinin sübutudur. Dünyada etnik, dini, ideoloji dəyərlərlə bağlı artan təfriqəni, qlobal tendensiyaları nəzərə alaraq, beynəlxalq münasibətlər sisteminin mədəniyyətlərarası dialoqun prinsiplərinin təsdiqi ilə bağlı inteqrasiya impulslarına ehtiyacı var. Düşünürəm ki, Azərbaycan dünyaya lazım olan inteqrasiya impulslarının yaranması yolunda qlobal siyasi arena olmaq üçün bütün şərait və potensiallara malik ölkədir. Məhz bu təşəbbüslər ölkənin bu cür beynəlxalq səviyyəsinin yaranmasına xidmət edir.
Bundan əlavə, Forum platforma etibarilə özlüyündə ideal müzakirə səhnəsidir. Onun köməyilə hər hansı bir konkret fikir bütün dünyaya səslənir. Bununla da bizim Forum hər yerdə duyulmaq üçün unikal imkan yaradır. Bu hal dünya səviyyəsində Foruma olan marağın əsas səbəblərindəndir. Forum həmçinin ölkələr, regionlar və mədəni sivilizasiyalar arasında inamlı münasibətlərin yaranmasına xidmət göstərən canlı elmi-siyasi dialoqdur. Tədbir çərçivəsində "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda (mədəni haqlar, dini plüralizm və ekstremizmlə mübarizədə dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun qurulmasında beynəlxalq təşkilatların rolu və tərəfdaşlığı) plenar sessiyalar, təhsilin, gənclərin, mədəniyyətin və turizmin mədəniyyətlərin birləşməsi və dialoqunda rolu mövzularında müxtəlif işçi sessiyaları, turizm və mədəniyyət nazirlərinin 2-ci dünya konfransı, həmçinin mədəniyyət və dinlərarası dialoqla bağlı UNESCO kafedra rəhbərlərinin toplantısı və digər tədbirlər keçirilmişdir. Forum çərçivəsində keçirilmiş tədbirlərin məzmun və yönləri onların siyasi-praktik vacibliyini vurğulayır. Forum zamanı təşkil olunan hər bir tədbiri ayrılıqda beynəlxalq münasibətlər sistemində mədəni mexanizmlərin effektivliyi və səmərəliliyi üçün daha optimal yolların axtarılması kimi qəbul etmək olar.
- Siyasi məsələlərin həllində mədəni yollardan söz düşmüşkən, Forumdakı çıxışınızdan bir hissəni yada salmaq istərdim. Siz "yumşaq güc" (softpower) siyasətinin aktuallaşdığını qeyd etdiniz. Bunu nə ilə izah etmək olar və bu siyasətin adıçəkilən tədbirə aidiyyəti varmı?
- Forumu hətta "yumşaq güc" siyasətinin təzahürü kimi nəzərə almaq olar. Hesab edirəm ki, dünya ölkələrinin siyasi praktikalarında mədəni mexanizmlərin istifadəsinin aktuallığı yaxın zamanlarda (yaxın perspektivdə) yalnız artacaq. Forumun plenar sessiyaları zamanı aparılan müzakirələr bizə onu deməyə imkan verir ki, perspektivdə "yumşaq güc" özünün siyasi potensialını yalnız artıracaq. Mədəniyyətlərin fərqliliyi bəzən siyasi manipulyasiyaların mövzusu ola bilər, bəzən də olur. Bu tendensiyalar artıq aradan qaldırılmalıdır. Bir daha onu qeyd edim ki, Azərbaycan Prezidentinin beynəlxalq münasibətlər sistemində multikulturalizm prinsiplərinə yönələn siyasəti məhz bu məqsədə xidmət edir. Mədəni diplomatiya xarici siyasətin növlərindən biridir. O, ölkənin müsbət beynəlxalq imicinin formalaşmasında heç də sonuncu rolu oynamır. Məhz buna görə də biz əminliklə onu qeyd edə bilərik ki, mədəni siyasətin və diplomatiyanın funksional birliyi qaçılmazdır. Mədəni siyasətin potensiallarının kifayət qədər konkret xarici siyasi məqsədlərin reallaşdırılmasında geniş istifadəsi Azərbaycan diplomatiyasının strateji xüsusiyyətlərindən biridir. Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyəti bu strategiya çərçivəsində xüsusi yer tutur. Fondun demək olar ki, hər bir beynəlxalq təşəbbüsü ölkənin beynəlxalq mövqelərinin təbliği və bərkidilməsində əvəzedilməz töhfədir. Uğurla reallaşdırılmış hər bir layihə müstəsna olaraq Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bundan başqa, Mehriban xanımın mədəni-humanitar və beynəlxalq fəaliyyəti məhz Azərbaycanın "yumşaq güc"ünün canlı nümunəsidir. Bununla da xarici siyasi təbliğatda mədəni mexanizmlərin effektivliyi, həmçinin onlara olan obyektiv zərurət "yumşaq gücün" strateji resursunun gələcəkdə istifadəsi haqqında danışır.
- Belə çıxır ki, Sizin rəhbərlik etdiyiniz nazirliyin və Heydər Əliyev Fondunun sıx əməkdaşlığı məhz bununla bağlıdır?
- Bəli, bir çox təşəbbüslər Heydər Əliyev Fondunun bilavasitə dəstəyi sayəsində reallaşır. Sizinlə birlikdə bu gün qürur hissi ilə danışdığımız uğurlar məhz Fondun müstəsna dəstəyi və bizimlə sıx əməkdaşlığı nəticəsində reallığa çevrilib. Fondun prezidentinin təşəbbüsü nəticəsində reallaşan bir sıra humanitar, o cümlədən mədəni layihələri məhz Azərbaycan mədəniyyətinin inkişafı və təbliğatı işinə töhfə kimi qiymətləndirmək lazımdır. Nəzərə alsaq ki, mədəni siyasətin əsas məqsədlərindən biri mədəni irsin müxtəlifliklərinin təbliğatıdır, bu halda nazirlik və Fondun işbirliyinin səmərəliyini qiymətləndirmək lazımdır. Məhz Mehriban xanım Əliyevanın böyük zəhməti və UNESCO ilə aktiv işbirliyi nəticəsində bu gün biz beynəlxalq aləmdə Azərbaycan xalqına məxsus bir sıra mədəni irs nümunələrinin olduğunu sübut etməyi bacarmışıq. Milli mədəni dəyərlərə bağlılıq, təşəbbüs və layihələrin müasirliyi, humanizmi, həmçinin yüksək estetik zövq milyonlarla insan üçün nümunədir və Heydər Əliyev Fondunun prezidentinin ictimai-siyasi missiyasının təzahürüdür.
Reallaşdırılmış işlərin ən xırda analizi belə onu deməyə imkan verir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti öz ölkəsinə məhəbbəti və ümummilli liderin yaradıcı siyasətinə olan bağlılıqla zəngindir. Buna görə heç də təsadüfi deyil ki, ölkəmizin bir çox uğurları onun adı ilə bağlıdır. Əminəm ki, Mehriban xanımın peşəkarlığı, yüksək zövqü və böyük əməyinin nəticəsində "Bakı-2015" Avropa Oyunları kimi nəhəng layihə də uğurla gerçəkləşəcəkdir. Bu oyunlar Azərbaycan xalqının qürur mənbəyinə çevriləcək və ölkə haqqında müsbət imicin formalaşmasına öz töhfəsini verəcək.
- Ölkənin xarici siyasi təbliğatı və diplomatiyanın mədəni mexanizmləri haqqında danışdıqda Azərbaycan və Ermənistan arasında neçə illərdir ki, davam edən informasiya müharibəsinə toxunmamaq olmaz. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bu işdə hansı rola malikdir və ya malik ola bilər?
- Sizə bu cür peşəkar suala və siyasi paralellərə görə minnətdaram. Sualın quruluşu artıq mədəni siyasətin potensiallarının adekvat şəkildə qiymətləndirilməsindən xəbər verir. Əslində bu sual cavabı özündə daşıyır. Buna baxmayaraq, sualı cavablandırdıqda Azərbaycan Prezidentinin sözlərini yada salmaq istərdim: "Azərbaycanın diplomatiyası hücum xarakterli diplomatiya olmalıdır”. Hesab edirəm ki, qoyulmuş bu strateji kurs məhz ölkənin aktiv xarici təbliğatı nəticəsində reallaşır. Ölkəmizdə bir sıra mədəni və siyasi xadimlərin iştirakı ilə beynəlxalq tədbirlərin həyata keçirilməsi məhz Azərbaycan reallıqları haqqında beynəlxalq ictimaiyyətə obyektiv məlumatın çatdırılmasına xidmət edir. Bundan əlavə, forumlar potensial həmfikir və dostların yaranmasına xidmət edir ki, onlar da sabah beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləməyə hazır olacaqlar. Bu halda mədəni diplomatiya müstəsna rola malikdir. Xüsusi bir misal gətirəcəyəm. Forum zamanı İSESCO-nun icraçı direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bu cür təşəbbüslərin beynəlxalq əhəmiyyəti haqda danışdıqda kifayət qədər aydın şəkildə qeyd etmişdir: "Azərbaycan stabil inkişaf üçün ideal nümunədir". Bundan əlavə, diplomat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının beynəlxalq səviyyədə tanındığını növbəti dəfə qeyd etdi və açıq şəkildə bu ölkəni beynəlxalq təşkilatlar tərəfindən onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid etdi. Razılaşın ki, bu cür yüksək səviyyəli beynəlxalq tanınma məhz diplomatik qalibiyyətin təminatıdır. Məhz buna görə tərkib və xaraktercə qlobal tədbirlərin bizim ölkədə keçirilməsi informasiya müharibəsində təkrarolunmaz rola malikdir. Çünki bu cür təşəbbüslərin nəticəsində ölkənin müsbət imici və mədəni təsviri formalaşır, bu da informasiya savaşında və ikili standartlarla mübarizədə strateji əhəmiyyətə malikdir. Milli mədəniyyətin populyarlaşması, onun beynəlxalq səviyyədə tanınması və mədəni dəyərlərin təbliğatı, sözsüz ki, bütün bunlar çox vacibdir və ölkənin mədəni siyasətinin məqsədləridir. Lakin bu məqsədlər ölkənin imici və onun beynəlxalq nüfuzu haqqında danışdıqda fövqəladə statusa malik olur. Çünki bu tədbirlər dünyada olan erməni lobbisi ilə mübarizədə əvəzolunmazdır. Forum qonaqlara Azərbaycan mədəniyyəti ilə tanış olmaq, onun bütün gözəlliyini, həmçinin fəlsəfi dərinliyini hiss etməyə və qiymətləndirməyə imkan yaradır. Bu isə öz növbəsində informasiya müharibəsində uğur əldə etməyə kömək edəcək. Bununla da müasir kontekst və mədəniyyətin siyasi aktuallığı "Mədəniyyət - ölkənin vizit kartıdır" sözlərinin səmərəliyini artırır. Buna görə də Azərbaycan xalqının bu vizit kartını qoruyub və inkişaf etdirmək üçün biz bütün qüvvəmizi səfərbər etməliyik.
- Ölkənin təbliğatında əhalinin aktivliyi və cəlb olunması xüsusi dəyərə malikdir. Sirr deyil ki, maksimal dərəcədə iştirak reallaşan istənilən siyasətdə uğura aparan yoldur. Rəhbərlik etdiyiniz nazirlik ölkə imicinin formalaşdırılmasına xidmət edən irimiqyaslı tədbirlərin hazırlanması və keçirilməsi zamanı ictimaiyyətin cəlb olunmasını təmin etmək üçün hansı üsullardan yararlanır?
- Tamamilə doğrudur. Azərbaycan ictimaiyyəti bu siyasətdən kənarda qala bilməz və qalmamalıdır. Onu da etiraf etmək istərdim ki, Prezidentin ölkə imicinin müsbət şəkildə formalaşdırılmasına yönələn siyasətinin ictimaiyyətimiz tərəfindən aktiv şəkildə dəstəklənməsi məni çox sevindirir. Bu kontekstdə gənclərimizlə və ölkənin elmi potensialı ilə aktiv işbirliyimizi xüsusilə qeyd etmək istərdim. Tələbələrin keçirilən beynəlxalq tədbirlər zamanı könüllü şəkildə iştirakı gənc nəsildə olan vətənpərvərlik hissinin təzahürüdür. Burada onu da qeyd etmək lazımdır ki, Forumda çıxışı zamanı Prezident yetişən nəsildə bu hisslərin yaranmasının çox vacib olduğunu, həmçinin mədəniyyət və təhsilin bu yolda əhəmiyyətini də qeyd etdi. Məhz buna görə bu iki istiqamət ölkə başçısının diqqət mərkəzindədir. Əminəm ki, mədəniyyət və təhsil millət və dövlətin ideoloji inkişafının bünövrəsidir. Bu istiqamətlər həmişə paralel olaraq hərəkət etməlidirlər, çünki onlar ayrılıqda irəliləyə bilməz. Elmsiz mədəniyyət və təhsilsiz yaradıcılıq özünün maksimal inkişafını tapmayacaq. Məhz buna görə ölkəmizdə reallaşan mədəni siyasət zamanı bu məqamlar strateji əhəmiyyətə malikdirlər. Mədəni siyasətin qarşısında duran keyfiyyətcə yeni məqsədlər çeviklik, operativlik və yaradıcılıq tələb edir. Bu da elmin metodoloji potensiallarına olan münasibəti əvvəlcədən müəyyən edir. Nazirlik tərəfindən keçirilən, təşəbbüs edilən və informasiya-təşkilati dəstəyi ilə baş tutan elmi tədbir, konfrans, dəyirmi masa və seminarlar elmin populyarlaşması və onun dövlət əhəmiyyətli məqsədlərin reallaşdırılması zamanı vacibliyini qeyd edir. Bu halda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da istisna deyil. Məlumat olaraq onu da qeyd edim ki, 2014-cü ilin mart ayında Londonda "Bakı prosesi"nin 5 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə beynəlxalq təşkilatların təmsilçilərindən əlavə olaraq bu ölkənin nüfuzlu siyasətçiləri, parlament üzvləri və elm xadimləri də aktiv şəkildə iştirak etmişdilər. Bu ilin yanvar ayında isə təqdimatlar Nyu-York şəhərində keçirilmişdir. Tədbirdə nüfuzlu dini, siyasi və mədəni xadimlər, alimlər iştirak etmişdir. "Bakı prosesi" və Forumun təqdimatları həmçinin BMT iqamətgahında da təşkil olunmuşdur. Bundan əlavə, Forumun elmi təqdimatları ölkənin bir sıra aparıcı ali məktəblərində də təşkil edilmişdir. Bunun nəticəsində də biz elm xadimlərinin bu prosesə marağını və qatılmasını təmin edə bilmişdik. Elm adamlarımızın milli mədəniyyətin öyrənilməsi və dünyada təbliğatında hazırlığı məni çox sevindirir.
Sözsüz ki, elmin iştirakı mədəni siyasətin reallaşmasında keyfiyyətcə yeni şərtlərin, tələblərin və məqsədlərin yaranma səbəbi ola bilər. Bu siyasətin reallaşdırılmasında effektivliyin yüksəlməsindən əlavə elm bütün konversiyalara perspektiv xarakter verəcək və yeni səlahiyyət meyarları yaradacaq. Buna görə də bu istiqamət gələcəkdə də nazirliyin aparıcı fəaliyyət sahələrindən biri olaraq qalacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar