Əməkdar artist Rəhman Rəhmanov: “Balacaların kompüter oyunlarına, vizual elementlərlə zəngin cizgi filmlərinə aludə olduğu bir zamanda onları oyununa inandırmaq çətindir”

Rəhman Tofiq oğlu Rəhmanov 1957-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Televiziyanın yumoristik verilişlərindən tamaşaçılara yaxşı tanış olan aktyor 1974-cü ildən bu günə qədər öz həyatını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. 2006-cı ildə mono-tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə «Qızıl Dərviş» mükafatına layiq görülüb, aparıcı səhnə ustasıdır. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə respublikanın Əməkdar artisti fəxri adına, 30 aprel 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

Onun aktyor taleyi başqalarından elə də fərqli deyil. Sənət sevgisi, səhnə arzuları və tükənməz yaradıcılıq eşqi onu da böyük anlamda “xəstələndirib”. Məsələn, iri cüssəli, zabitəli olan bu adamı hər dəfə bir obrazın - Divin, Təpəgözün, Ayının, Canavarın, nə bilim daha nə kimi sevə-sevə ifa etdiyi kukla tamaşalarındakı qəhrəmanlarının simasında, yəni şırmasının arxasında görəndə düşünürsən ki, insan da sənətini bu qədər sevə bilərmiş?!
O, ömrünün böyük bir hissəsini, həm də bütün çətinlikləri ilə kuklaya, kuklaçılığa həsr edən aktyordur. Peşəsi, obrazları, tamaşaçıları, küll halında sənət taleyi ilə razı, ömrünə biçilmiş yaşam nüansları ilə olduqca məmnun adamdır. Zaman-zaman onu sınayan səhhətinə, maddi və mənəvi sıxıntılarına, psixoloji sarsıntılarına rəğmən sənət və həyat mübarizəsində mətindir, optimistdir. Olub bitən hər şeyi səhnədən kənarda qoyub şırmasının arxasından gülümsəməyi ilə güldürməyi bacaran aktyordur.
Əməkdar artist, Prezident mükafatçısı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru Rəhman Rəhmanovla yeni tamaşasının məşqi öncəsi qrim otağında söhbətləşdik.
Yeni rolundan, sənətdən, həyatdan, kuklaçılıqdan, sözün yaxşı mənasında, aktyorun özünü aldatmasından, səhnənin bütün çətinliklərə rəğmən oyunçu üçün həyat iksiri olmasından danışdıq. Uşaqlar üçün oynamağın gözəlliyindən, balacaların dünyasının zənginliyindən söz açdı: “Kuklaçılıq çətindir. Çünki sən cansız, bəlkə də ifadəsiz nədənsə danışırsan, onu hərəkətə gətirib qarşındakılara “canlı”lığını isbatlamağa çalışırsan. Yaxın dostum, mərhum sənətkarımız Yaşar Nuri mənə həmişə “Rəhman, sən ikiqat aktyorsan. Həm özün canlı səhnələrdə aktyor kimi yaxşı aktyorsan, həm də cansızları canlandıran canlı kimi əjdahasan”, - deyər və gülərdi. Əslində balacaların kompüter oyunlarına aludə olduğu, vizual elementlərlə zəngin cizgi filmlərinə baxdığı, bu kimi texnikaları mənimsədiyi hazırkı zamanda tamaşaçını oyununa inandırmaq çətindir”.

15 yaşından səhnədə

Sənət yoluna Akademik Milli Dram Teatrında başlayan aktyorun Dövlət Kukla Teatrındakı uzunmüddətli yaradıcılığının da maraqlı tarixçəsi var: “1973-cü ildə Akademik Dram Teatrının yardımçı heyətinə qəbul olunmuşam. Böyük sənətkar Lütfi Məmmədbəyovun bədii rəhbəri olduğu xalq teatrı ilə səhnəni tanıdım və teatr sevgim başladı. O məni 15 yaşımda akademik teatra gətirərək “Səndən yaxşı aktyor olacaq” dedi. Beləcə, mən yardımçı heyətdə işə başladım. Yadımdadır, hər tamaşaya görə gündə 1 manat 30 qəpik maaş alırdım və bu qazanc məni xoşbəxt edirdi. Amma bundan da üstün səbəb mənim dahi aktyorlarla bir səhnəyə çıxmağım idi. Düzdür, bizim aktyorların arasında geniş yayılan ifadə ilə desəm, “nizətutan” olsam da, digər gənclər kimi elə böyük sənətkarlarla bir səhnədə yerimək belə mənim üçün möcüzə idi. Bəzi tamaşalarda bir neçə cümləlik sözüm də olub. Dahilərlə bir neçə cümləlik dialoqumu özüm üçün, Allah bilir, nə boyda səadət sanırdım”.
1974-cü ildə müəllimin komik aktyor kimi gördüyü R.Rəhmanov ondan xəbərsiz üz tutur dostlarının çalışdığı Dövlət Kukla Teatrına. Elə həmin tarixdən də taleyini bu sənət ocağı ilə bağlayır. Həm də tərəddüd, təəssüf və təkəbbürsüz. Keçmişi xatırladıqca dünyasını dəyişmiş böyük sənətkarımız, yaxın dostu Yaşar Nuridən kukla teatrına keçidi ilə bağlı bir dost yanğısını da bizimlə bölüşür: “Yaşar mənə tədbirlərin birində “Ay Rəhman, sənin boyuvu yerə soxum” dedi. Bərk diksinib narazılıqla “Niyə e, ay Yaşar?” dedim. Dostum qayğıkeşliklə “Bizimlə qalsaydın indi sənin hər şeyin, yaradıcılıq uğurun, ad-sanın var idi” dedi. Düzü, o, haqlı idi. Çünki müəllimlərim məndən komik-dramatik aktyor kimi əminliklə danışırdılar. Amma, nə olsun ki, əsas odur mən istədiyim işin arxasınca getdim, kukla sənətinin gözəlliklərində özümü daha yaxşı, xoşbəxt və lazımlı hiss etdim. Müvəqqəti gəlsəm də, burada qaldım və fəhlə ştatında işə başladım. Düz 42 ildir ki, bu teatrdayam”.
Başqa-başqa teatrlara dəvət alan aktyor kukladan ayrılmamağının səbəbini də açıqladı: “Dəfələrlə böyük sənətkarlar məni qonşu teatrlara dəvət ediblər. Bunu aktyor ədası ilə yox, elə-belə, dahi sənətkarların mənə etimadı kimi deyirəm. Məsələn, iki dəfə akademik teatrdan dəvət almışam. Eləcə də musiqili və gənc tamaşaçılar teatrlarından dəvət alsam da, iş yerimi, ocağımı dəyişə bilməmişəm”.
Rəhman müəllim deyir kuklaçı olmaq daha çətindir. Sevgi, istedadla yanaşı, gərək kuklanın texnikasını da mənimsəyəsən. Bunu bacardınsa, səndə alınacaq, yoxsa özünü aldatma və vaxt ikən yolunu müəyyən et.

“Uşağın fikri bir anlıq səndən yayınsa, artıq tamaşa onun üçün bitir”

Müsahibim uşaqlarla işləməyin, onlara xitabın mürəkkəbliklərindən, arzuladığı rolları oynamasından, daim rejissorların ona rol azadlığı verməsindən də məmnunluqla danışdı: “45-50 dəqiqəlik tamaşaya baxan uşağın fikri bir anlıq səndən yayınsa, artıq tamaşa onun üçün bitir, daha tamaşaçı olmur. Odur ki, gərək uşağın diqqətini sonadək özündə saxlayasan. Bizim aktyorlar da bunu yaxşı bilir və bilənin də oyunu alınır. Burada rejissura da vacib amildir. Sağ olsunlar, onlar mənə hər zaman istədiyim, sevdiyim, manevr edə bildiyim rolları verirlər. Bilirsiniz, aktyor rolunu ifa edərkən özünü o uşağın yerində qoymalı və onun, xəyali də olsa, səhnədə oyununa şərait yaratmalıdır. Belə olmasa, uşağın tamaşaçı marağı da olmaz”.
Rəhman Rəhmanov koloritli, duzlu-məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrini vahid kompozisiyada birləşdirməyi məharətlə bacarır. Ona görə də obrazlar qalereyası kifayət qədər zəngindir.
Arzuladığı bütün rolları oynadığını desə də, aktyorun sənət istəkləri hələ də tükənməzdir: “Əslində aktyor üçün sənət arzuları oynadığı rollarla müəyyənləşir. Mənim də rol arzularım hələ davam edir. Yəqin zamanla onları da ifa edib, balaca tamaşaçılarımızın rəngli dünyasına öz izimi sala bilərəm”.
Söhbətin bu məqamında dəhlizdən illərdir bir səhnəni bölüşdüyü aktyor yoldaşının səsi eşidilir: “Rəhman, tələs, məşq başladı”. Qəribə bir cəldlik və həvəslə ayağa qalxan müsahibim “Premyerada görüşənədək” deyib səhnəyə tərəf addımladı.

Həmidə Nizamiqızı