36 il öncə İranda nəşrə başlayan “Varlıq” dərgisi ümumazərbaycan mədəniyyəti tarixində özünəməxsus yer tutur. Dünya şöhrətli həkim və ictimai xadim, professor Cavad Heyətin (1925-2014) başçılığıyla Azərbaycan dilində nəşr olunan dərgi güneyli soydaşlarımızın milli oyanışında, özünütəsdiqində ayrıca yer tutur. Avqustun 12-də Cavad Heyətin vəfatından bir il ötdü. Onun yaratdığı dərgi, başladığı yol bu gün də davam edir. İndi dərgiyə onun qardaşı oğlu, Ankara Universitetinin müəllimi, türkoloq Rza Heyət başçılıq edir. Onunla söhbətimiz “Varlıq” dərgisinin fəaliyyətilə bağlıdır.

- Rza bəy, mərhum əminiz Cavad Heyətin ölümündən sonra “Varlıq” dərgisinin sahibi və baş redaktorusunuz. Zəhmət olmasa, özünüz haqqında oxucularımıza bilgi verəsiniz.
- 1972-ci ildə Təbrizdə anadan olmuşam. Lisey təhsilimi orada almışam. 1993-cü ildə öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində, iki il sonra isə Bakı Dövlət Universitetində filologiya üzrə təhsilimi davam etdirmişəm. Daha sonra yüksək ixtisas və doktorantura təhsili üçün Türkiyəyə gəldim, Ankara Universitetinin çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə oxudum. İndi orada türkologiyadan dərs deyirəm.
Ana dilində məktəb olmasa da, bu dildə yazıb-oxumağa çox kiçik yaşlarımdan başlamışam. “Varlıq” dərgisi çıxanda mən birinci sinifdə oxuyurdum. O zaman mərhum atam Hidayət Heyət dərginin Təbriz təmsilçisi idi. Ona görə “Varlıq” dərgisi öncə bizim evə gələrdi, sonra atam onları Təbrizin kitabçılarına paylayardı. Mən də evdəki dərgiləri oxumağa çalışardım.
1991-ci ildə Təbrizdə Beynəlxalq Nizami Gəncəvi Konqresi üçün hazırlanan dərgidə mənim də “Nizami Gəncəvinin həyatı və əsərləri” adlı bir yazım çap olundu. Bu yazını əmim oxuyub çox bəyənmişdi. O gün taleyimdə çox önəmli bir hadisə baş verdi. Cavad bəy mənə dedi: “Həmişə fikirləşirdim ki, Heyət ailəsində məndən sonra yolumu davam etdirən olmayacaq. Bizim ailə Tehrana köçdükdən sonra fars mədəniyyətinin təsiri altında qalıb. Yaxşı ki, Hidayət Təbrizdə qaldı və sənin kimi dilinə, mədəniyyətinə bağlı övlad yetişdirdi. İstəyirəm, Tehrana gəlib “Varlıq”da işləyəsən, gələcəkdə mənəvi varisim olasan”.
Hərbi xidmətimi bitirdikdən sonra Tehrana getdim və “Varlıq” dərgisində işləməyə başladım, bir müddət sonra dərginin redaktoru oldum. İndiyə qədər Azərbaycan, eləcə də türkologiya sahəsində onlarla məqaləm “Varlıq” dərgisində nəşr olunub. İranda türkcə mətbuat tarixi ilə bağlı bir kitabım da yaxında nəşr olunacaq. Bir neçə önəmli əsərin də tərcüməçisiyəm.
Cavad Heyət vəfatından öncə “Varlıq” dərgisinin bundan sonrakı taleyini mənə tapşırdı. Önümüzdəki günlərdə yeni sayı nəşr olunacaq.
- “Varlıq” dərgisi artıq 36 ildir dərc olunur. Bu dövrü necə dəyərləndirərdiniz?
- Bu, bir möcüzədir. Ona görə ki, 54 illik yasaqdan sonra türkcə dərgi çıxarmaq və bütün çətinliklərə baxmayaraq onu 36 il davam etdirmək qəhrəmanlıqdır. Dərginin uğur qazanmasının başlıca səbəbi Cavad Heyətin böyük şəxsiyyəti, uzaqgörənliyi və mövcud durumu dərk etməsi idi. Onun yanında bir-birindən dəyərli alim və ədiblərin təmənnasız çalışması uzun illər dərginin çıxmasını təmin edib.
“Varlıq” dərgisinin məqsədi oxucularına sadəcə bilgi vermək deyil. Ana dilində təhsil imkanlarından mərhum olan, hər cür basqıya və ayrı-seçkiliyə məruz qalan xalqa dilini, ədəbiyyatını, tarixini öyrədərək ona milli şüurunu inkişaf etdirmək bu nəşrin başlıca qayəsidir. “Varlıq” həm dərgi, həm məktəb, həm də dilimizi, tariximizi ümumiyyətlə, kimliyimizi hədəf alanlara qarşı elmi bir səngər vəzifəsi daşıyır.
Keçən 36 ildə ”Varlıq” Güneydə ölməkdə olan dilimizi yenidən canlandırdı. Çağdaş Azərbaycan türkcəsi əsas alınaraq, digər türk ləhcələrindən də yararlanmaqla yazı dilimiz yenidən formalaşdırıldı. Fonetik olmayan ərəb əlifbası dilimizə uyğunlaşdırıldı. Azərbaycan türkcəsi, ədəbiyyatı, folkloru və ümumtürk tarixi haqqında yüzlərlə elmi məqalə və onlarla kitab nəşr edildi. İndiyə qədər Azərbaycan-türk dili və tarixi ilə bağlı yazılmış əsərlərə “Varlıq”da elmi və tutarlı cavablar verildi. O taylı-bu taylı Azərbaycanın bir olduğuna, savaşlar nəticəsində ikiyə parçalandığına dair elmi materiallar yayımlandı. Qarabağ məsələsinin yalnız Quzey Azərbaycanın deyil, eyni zamanda İran türklərinin, türk dünyasının problemi olduğu dəfələrlə qeyd edildi. “Varlıq” türkcə çıxan bir çox dərgi və qəzetin nəşrinə vəsilə oldu. Türk dünyası, özəlliklə də İran, Azərbaycan və Türkiyə arasında mədəni körpülər qurdu. İranda türkcəyə nüfuz qazandırdı. Ən önəmlisi öz dilinə, tarixinə və kimliyinə ürəkdən bağlı olan yeni bir nəsil yetişdirdi. “Varlıq” sübut etdi ki, varlığımız dilimizə bağlıdır. Dilinə və milli kimliyinə yiyə duran bir milləti yox etmək mümkün deyil.
- İndi Güney Azərbaycanda ana dilimizdə hansı qəzet və dərgilər çıxır?
- 1979-cu il inqilabından sonra “Varlıq”la birlikdə onlarla dərgi nəşrə başlasa da, qısa bir sürə sonra maddi sıxıntılara görə dayandı, yaxud siyasi görüşlərinə görə qapadıldı. Daha sonra Azərbaycan Cümhuriyyətinin müstəqilliyi ərəfəsində dövlət orqanlarına bağlı “Yol” və “İslami birlik” dərgiləri çıxmağa başladı. Məhəmməd Xatəminin prezidentliyi dönəmində universitetlərdə bir çox tələbə dərgiləri çıxdı və indi sadəcə bir neçəsinin nəşri davam edir. Təbrizdə Alırza Sarrafi tərəfindən nəşr olunan “Dilmanc” dərgisi də qapadıldı. Təbrizdə “Şəmsi-Təbriz” və Urmiyədə “Nevidi-Azərbaycan” qəzetləri çıxmağa başladı. Onlardan ikincisi hələ də nəşr olunur. Təbrizdə “Furuqi-Azadi” qəzetinin bir səhifəsi Azərbaycan türkcəsində yayımlanır. Eyvaz Tahanın “Yarpaq”, Tehranda bir neçə sayı çıxan “Yaşmaq” və bir neçə dərgi və qəzeti də örnək göstərmək olar.
- Professor Cavad Heyətin ölümündən sonra dərginin məsuliyyəti sizin üzərinizdədir. Ənənəni yaşada biləcəksinizmi?
- Əmim Cavad Heyət mənə çox ağır və şərəfli bir iş tapşırdı. Yazdığı vəsiyyətnamədə və danışıqlarımızda dərginin eyni cizgidə nəşr olunmasını tələb etdi. Bu ənənəni davam etdirmək mənim üçün həm asandır, həm də çətin. Asandır, çünki mən də bu ənənənin içində yetişmiş, çalışmış və tərbiyə almışam. İxtisas sahəm də türkologiyadır. Çətindir, çünki Cavad Heyətin mənəvi toxunulmazlığı məndə yoxdur. Onunla birlikdə çalışdığımız günlərin təcrübəsi bundan sonra da işimizə yarayacaq. “Varlığ”ın yetişdirdiyi nəslin enerjisini və bilgisini də alaraq dərgini Cavad Heyətin istədiyi səviyyədə çıxaracağıq.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar