“Ölkənizdə milli azlıqların mədəniyyətlərini nümayiş etdirmək üçün yaradılan mühit məni məmnun etdi”

Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən “Tatarıstan” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tatar və başqırdların mədəniyyətinə həsr edilmiş tədbir keçirildi. Qonaqların arasında jurnalist, Başqırdıstan Bəstəkarlar İttifaqının üzvü, TÜRKSOY mükafatının laureatı, “Başinform” informasiya agentliyinin şərhçisi Leyla Aralbayeva da iştirak edirdi. Onunla söhbəti təqdim edirik.

- Bakı ilə bağlı ilk təəssüratınız necə oldu?
- Əslində, Bakıya gəlmək mənim çoxdankı arzum idi. Nəhayət, sentyabr ayında mən bunu reallaşdırdım. Dostlarımdan bu gözəl şəhər haqqında çox eşitmişdim. Şəhəri görməyimi ən çox stimullaşdıran hadisə isə Birinci Avropa Oyunları oldu. Televiziya vasitəsilə yayımlanan bu tədbirlər şəhəri görməyə marağımı daha da artırdı.
Ümumilikdə, Bakı sakinləri inanılmaz dərəcədə qonaqpərvərdirlər. Tanışlığı, ünsiyyəti çox sevirlər. Azərbaycanda tatar və başqırd icması yaşayır. Onlar da məni öz doğmaları kimi qarşıladılar. Hətta onlarla dostlaşa da bildim. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində təşkil edilən görüşdə Başqırdıstan haqqında danışdım, atamın, Başqırdıstanın Xalq şairi Kadim Aralbayın şeirlərini oxudum, başqırd xalq mahnılarını ifa etdim. “Tatarıstan” İctimai Birliyinin rəhbəri Abas Minyaşev 2009-cu ildə yaranan qurumun fəaliyyətindən, o cümlədən mədəniyyət sahəsində işlərindən söz açdı. Tatar xanımları Zeytun və Sultaniyyənin duet ifası, gimnastika üzrə idman ustası, rəqqas Fərid Kazakovun ifaları heyrətamiz idi. Mənim üçün ən maraqlı anlardan biri Rəşid Temirbulatovun ifasında Başqırdıstanda çox populyar olan “Qış romansı”nın səslənməsi oldu.
Tədbirdə həmçinin məşhur başqırd balı, Ufa və Kazanın açıqcaları, kitab və suvenirlərin nümayiş etdirildiyi sərgi də təşkil olunmuşdu. Əlbəttə, ölkənizdə milli azlıqların öz mədəniyyətlərini nümayiş etdirmək üçün yaradılan mühit, şərait məni məmnun etdi.
- Sovet hakimiyyəti dövründə milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasından Rusiyadakı türkdilli xalqlar da böyük əziyyət çəkib. Bu xalqlardan biri də başqırdlar olub. İndi vəziyyət necədir?
- Bizim orta məktəblərdə başqırd dili tədris olunur. Hər kəsin təhsil zamanı rus, tatar, başqırd dilini seçmək imkanı var. Mən isə hesab edirəm ki, dil əsasən ailədə istifadə olunmalıdır. Məndə məhz belə alındı. Təhsil aldığım orta məktəbdə başqırd dili tədris olunmurdu. Öz dilimizi ata və anamdan öyrənmişəm. Demək istəyirəm ki, hər şeyin təməli ailədə qoyulmalıdır.
Həm də bizim ailəmizdə hər kəs yaradıcıdır. Atam sadə kəndli ailəsində doğulub. Buna baxmayaraq fitri istedad özünü göstərib və o, şeir yazmağa başlayıb, məşhurlaşıb, Başqırdıstanın Xalq şairidir. Anam kitabxanada işləyib. Bacımla mən incəsənət təhsili almışıq: o teatrşünas, mən isə musiqişünasam. Qızlarım da incəsənətə maraq göstərir. Ənənə davam edir: biz ailədə başqırd dilində danışırıq.
- Türk xalqlarının tarixi, mədəniyyəti necə, öyrədilirmi?
- Məsələn, Qərb musiqi tarixini keçmişik, amma türkdilli xalqların musiqi tarixi haqqında isə öyrənməmişik. Bu böyük bir boşluq və problemdir. Bizdə “Başqırd tarixi” dərsliyi tədris olunur. Türkdilli xalqların hər biri böyük mədəni nailiyyətlər əldə edib və bunu öyrənmək, tədris etmək lazımdır. Milli musiqi dinləmək, milli ədəbiyyat oxumalıyıq.
- Başqırdıstanda mədəniyyət jurnalistikası barədə nə deyə bilərsiniz?
- Bu günə qədər müxtəlif yerlərdə çalışsam da, onları birləşdirən ümumi cəhət mədəniyyət olub. Televiziyada çalışdığım dövrdə “Muzreview” (“Musiqi icmal”) adlı verilişim olub. Bundan başqa, “Mədəni sülalələr” adlı layihəm də olub. 2007-ci ildə “Bir mahnının tarixi” adlı kitabım nəşr edilib. Burada söhbət müxtəlif müəllif mahnılarından gedirdi. Televiziyadan sonra Başqırdıstan Mədəniyyət Nazirliyində çalışdım. İndi isə “Başinforum” agentliyinin mədəniyyət və incəsənət şərhçisi kimi fəaliyyət göstərirəm. Agentliyimizin saytı və elektron qəzeti var. Bu da imkan verir ki, daha yaradıcı mövzulara toxunaq. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Başqırdıstanda mədəniyyət jurnalistikası yaxşı inkişaf edib. Mədəniyyət olmadan özünütəyinetmə də mümkün deyil. Ufada çoxlu mədəni aksiyalar keçirilir. Məsələn, simfonik musiqi günü, teatr günü, muzey gecəsi... Milli simfonik orkestr, gənclər orkestri qastrol səfərlərinə gedir. Türkdilli ölkələrin milli teatr festivalı olan “Tuğanlıq” milli festivalı keçirilir. “Tuğan” qohum, “tuğanlıq” isə qohumluq, birləşmə deməkdir. Bir sözlə, mədəniyyət bizim həyatımızın əsasıdır.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar