Neçə illərdir qardaş Türkiyə musiqisində Azərbaycan tarından istifadə edilir. Türkiyəli tarzən, Niğde Universiteti musiqi bölümünün müəllimi Alpay Ünsalla söhbətimiz bu barədədir.

- Alpay bəy, Azərbaycan tarı ilə tanışlığınız haçan olub?
- Atam sazçalan idi, onun babası 19-cu yüzildə Qarabağdan bura köçüb. Saz çalmağı atamdan öyrənmişəm. Uşaqlığım Tokatın Zilə qəsəbəsində keçib. 1970-80-ci illərdə Azərbaycan radiosunu çətinliklə də olsa dinləyərdim. “Çahargah” muğamını ilk dəfə radiodan eşitmiş və öyrənmişdim. Tarla tanışlığım İstanbul Universitetində oxuyanda olub. Tar müəllimim Şenel Önaldı həm də radionun solisti idi, istəyirdi Türkiyədə tar geniş tədris olunsun. Mənim tar üçün yazılan simfonik əsərlərdən xəbərim yox idi. Şenel müəllim simfonik əsərlər verdi, onları öyrəndim. O vaxt ölkəmizdə bir pianoçu, orkestr tapa bilməzdin ki, tarı onunla birlikdə çalasan. Hər şey çətinliklə başa gəlirdi.
Sovet vaxtı Azərbaycandan buraya gələn incəsənət ustaları ilə əlaqə qurar, onlardan müxtəlif kitab və qrammofon valları alardım. Türkiyəyə səfərə gələn Azərbaycanın bir çox tanınmış xanəndələrini tarda müşayiət etmişəm. Sonra Səid Rüstəmovun “Tar məktəbi” kitabını əldə etdim. Sovetlər hələ dağılmamışdı, Bakıdan tarzən Nurəddin Salamovu Türkiyəyə dəvət etdim, o, mənə üç ay dərs keçdi, muğamları öyrətdi.
- Türkiyədə indi simfonik musiqinin durumu necədir?
- Peşəkar musiqiçi azdır. Simfonik əsərləri ifa edənlər əsasən Azərbaycan türkləri, çərkəzlər, yunanlar və bolqarlardır. Xalq musiqisinə aid zəngin material Türkiyədə olduğu qədər heç yerdə yoxdur, ancaq az öyrənilir. Onların əsasında simfonik əsər, opera və balet yazan yoxdur.
- Azərbaycan musiqisinə münasibətiniz?
- Azərbaycan musiqidə çox irəlidədir. Dahi bəstəkar Üzeyir Hacıbəyli çox kamil məktəb yaradıb. Azərbaycanda Xalq Çalğı Alətləri Orkestri simfonik əsərlər ifa edir və möcüzə yaradır. Avropa və milli alətlərin bir orkestrdə olması gözəl nəticələr verir. Hələ indiyə qədər Türkiyədə belə bir orkestr yoxdur. Bizdə sənət çox aşağıdır. Böyük şair Bəxtiyar Vahabzadə bir dəfə dedi ki, biz sənətçiyik, siz savaşçısınız. Biz sizdən savaşı öyrənək, siz də bizdən sənəti. Azərbaycanın Türkiyədən öyrənəcəyi sənət sahəsi yoxdur.
Bir dəfə tanınmış bəstəkar Hacı Xanməmmədov mənə danışdı ki, müəllimi Qara Qarayevə deyib ki, tarla bir saat muğam çalırıq, amma tar üçün yarım saatlıq simfonik əsərimiz yoxdur. Dahi bəstəkar ona deyib ki, sən get tar üçün simfonik əsər yaz. Bundan sonra Hacı müəllim tar üçün simfonik əsərlər yazmağa başlayıb. Amma deyirdi ki, çox çətin oldu, ortada hansısa örnək yox idi. O, söyləyirdi: “Tar üçün simfonik əsər yazdım. Tarzən Hacı Məmmədov da ifa elədi, bəyənildi, ikincisini, üçüncüsünü yaratdım. Bundan sonra başqaları da mənə baxıb yazmağa başladılar”.
- İndi Türkiyədə neçə peşəkar tarzən var?
- Bu sahədə tək deyiləm, təxminən 10 peşəkar tarzən olar. Niğde Universitetində qabaqlar fakültəmiz pedaqoji yönlü idi, musiqi müəllimi hazırlayırdı. İndi konservatoriya da açılıb.
- Tələbələrin tara münasibəti necədir?
- İstanbul Konservatoriyasında işləyəndə çoxlu tələbəm vardı. Burada tara maraq azalıb. Bu il tar üzrə tələbəmiz yoxdur. Qabaqlar bir sinifdə bu alət üzrə 5-6 tələbəm olardı. İndi daha çox piano və gitaraya maraq göstərirlər. İstanbul, Ankara, İzmir və başqa böyük şəhərlərdə tar sənəti öyrədilir.
- Texniki baxımdan tar, yoxsa bağlama saz güclüdür?
- Azərbaycandakı tar klassik mənada inkişaf edib. Sizdə tarın, sazın səsi mikrofonsuz da eşidilir. Di gəl ki, burada saz çalınanda onun səsini cihazlarla yüksəltməsən, eşidə bilməzsən. Bu, sazımızın sənətdən uzaq inkişafının nəticəsidir. Onu çalanlar klassik musiqidən xəbəri olmayanlardır.
- Başqa hansı simli alətləri ifa etməyi bacarırsınız?
- Udu da çalmağı bacarıram, ancaq onunla tarın diapazonu düz gəlmir. Udu çox çala bilmirəm, zil səsdən ötrü darıxıram, o zaman tara keçirəm.
- Azərbaycan türkcəsini necə öyrənmisiniz?
- Azərbaycandan gətirilən kitabları oxuyur, şairlərinizin yaradıcılığını izləyirdim. Hələ 1980-ci illərdə kiril qrafikalı Azərbaycan əlifbasını öyrənmişəm. Sonra “Vətən” Cəmiyyəti ilə əlaqə qurdum. Onlar hər ay mənə “Odlar yurdu” qəzetini yollayırdılar, bütün yazıları oxuyurdum. 1996-1999-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aspiranturasında da təhsil almışam. Bizim konservatoriyamız haradasa texnikum səviyyəsindədir.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar