Yaqub Əlioğlu: “60 illik yubileyim ərəfəsində tək istəyim torpağımın azad edilməsidir”

İllər keçir, insanın yaşının üstünə yaş gəlir. Bir də görürsən ki, neçə on illər arxada qalıb və ömrün bir göz qırpımında keçib. İstər-istəməz ötən yola nəzər salır, fəaliyyətini gözdən keçirirsən. Düşünürsən ki, bu aylara, illərə nə qədər hadisələr, neçə saysız-hesabsız acılı-şirinli xatirələr sığıb...
Tanınmış qələm sahibi, çoxsaylı sənədli filmlərin müəllifi Yaqub Əlioğlunun da 60 illik ömrü sənət adına bar-bəhərlidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü olan Yaqub müəllim Tanrının yazdığı tale yolunda zəhmətlə, inamla uğura doğru gedib.
Yubileyi ərəfəsində Yaqub Əlioğlu ilə görüşümüz zamanı bunun bir daha şahidi oldum. Həmsöhbətim ilk dəqiqələrdən vurğuladı ki, bu gün onun müəyyən mövqeyə çatmasında yaşadığı mühitin böyük rolu olub.


Ömrün illəri

Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub müəllim “Qızıl qələm”, “Qızıl dərviş” və “Nailiyyət” mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışır. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın “Qızıl fond”una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.

İlk felyetonun gətirdiyi şöhrət

Qələm sahibinin yaradıcılıq dünyasına birgə nəzər salırıq. Həmsöhbətim publisistikaya gəlişinin tarixçəsini danışır.
- Soltanlı kənd orta məktəbi Cəbrayıl qəzasında açılan ilk təhsil ocaqlarındandır, 2012-ci ildə 100 yaşı tamam oldu. Məktəbimizdə yaradıcı mühit var idi, mən də yazı-pozuya maraq göstərirdim. Həmin vaxtlar kəndin işıqları tez-tez sönürdü. Bu mövzuda “Üç gündən bir, beş gündən bir” adlı felyeton yazdım və yeniyetmə təxəyyülümün məhsulu olan bu yazını rayonun “Kolxozçu” qəzetinə göndərdim. Felyeton çap olundu və bu yazıdan sonra həmin qəzetlə əməkdaşlığa başladım. Kənddə hamı məni müxbir kimi qəbul edirdi. Bu da məndə yazmağa həvəsi artırırdı. Təbii ki, o zaman bizim kəndin yetirmələri olan jurnalistlərdən Hüseyn Mehrəliyev, Sərdar Əliyevin yazılarını diqqətlə izləyirdim. Onu da deyim ki, məktəbli vaxtlarımdan “Ədəbiyyat və incəsənət” qəzetinə abunə idim.

“Jurnalistika idealım idi”

Mənə elə gəlir ki, insanların xarakteri, yaşam tərzi onların böyüyüb boya-başa çatdığı ərazinin, bölgənin torpağına, bir sözlə, görünən və görünməyən bütün tərəfləri ilə özəl təbiətinə bənzəyir. Yaqub müəllim də insanın dünyagörüşünün formalaşmasında mühitin rolunu xüsusi qeyd edir:
- Ədəbiyyat müəllimlərimi hörmətlə xatırlayıram. Müəllimlərimdən bugünlərdə 90 yaşını qeyd edən Abbas Abbasov sinədəftər insan idi. Klubda teatr dərnəyi yaratmışdı, mən də həmin dərnəyə üzv olmuşdum. Kəndimizdə böyük kitabxana, yay və qış klubu fəaliyyət göstərirdi. 1974-cü ildə məktəbi bitirəndə “Kolxozçu” qəzetinin baş redaktoru Sirac Rüstəmov mənə jurnalistika fakültəsinə daxil olmaq üçün göndəriş verdi. O vaxtkı qaydaya görə jurnalistikaya qəbul olunmaq üçün gərək mətbuatda yazın çap olunaydı. Mənim həm rayon qəzetində, həm də “Azərbaycan gəncləri” qəzetində yazılarım dərc edilmişdi. Ona görə də sənədlərimi qəbul etdilər. Ancaq xarici dildən zəif nəticə göstərdiyim üçün jurnalistika fakültəsinə daxil ola bilmədim. Hərbi xidməti başa vurub, zavodda işə düzəldim, Mədəni Maarif Texnikumunu bitirdim. Sonra indiki Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Bu illər ərzində “Bakı” qəzetində, “Qobustan” jurnalında yazılarım dərc olunurdu.

Həyatın qəribə təsadüfləri də olur. Elə bu təsadüflər də insanın ömür yolunda yeni izlər açmaq imkanı yaradır. Dövri mətbuatı daim diqqətdə saxlayan Yaqub Əlioğlu teatrşünas İlham Rəhimlinin imzasına tez-tez rast gəlir. Ətrafındakı insanlar da çox zaman ona deyirmişlər ki, jurnalistika fakültəsini bitirmək əsas deyil. Əsas odur ki, sənin yazmaq qabiliyyətin var.
Nəhayət, İlham Rəhimlinin yazılarına heyranlıq həmsöhbətimi teatrşünaslıq fakültəsinə gətirib çıxarır. Tələbəlik illərində də teatr aləmindən yazmağa başlayır və beləliklə də onun incəsənət aləmi ilə bağlılığı yaranmış olur. “Ədəbiyyat və incəsənət” qəzetində teatrla bağlı yazıları dərc olunduğu zaman nəşrin baş redaktorları Cabir Novruz, daha sonra Nəriman Həsənzadə ilə tanışlıq onu bu sahəyə qəlbən yaxınlaşdırır.

Bir tamaşanın yaratdığı bağlılıq

Yaqub Əlioğlunun 1974-cü ildə ilk dəfə Akademik Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasını izləməyi onun teatr aləminə sevgisində mühüm rol oynayır. Ali təhsilini başa vurduqdan sonra, 1986-1997-ci illərdə Teatr Xadimləri İttifaqında çalışır. Bu iş ona incəsənət dünyasının insanlarını daha yaxından tanımaq imkanı yaradır. Həmçinin tanınmış incəsənət xadimlərinin təcrübəsindən yararlanır. Deyir, həmin illərdə qazandığım təcrübə bu gün də iş prosesində köməyimə çatır. Müsahibim “Monotamaşalar”, “Pantomim”, “Klassik əsərlər” festivallarının təşkilində əməyinin olmasından məmnunluq hissi duyur. “Səhnə rampasının sehri” kitabında ömrünü teatr sənətinə həsr edən aktyorlardan bəhs olunur.

Televiziya ilə təmas

1986-cı ildə Yaqub müəllimin Azərbaycan Televiziyasının ədəbi dram verilişləri redaksiyası ilə yaradıcı əlaqələri başlanır. Televiziya onun həyatının bir hissəsinə çevrilir. 1999-cu ildən redaktor, baş redaktorun müavini vəzifələrində işləyib. 10 ildir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktorudur.
- Bu illər ərzində televiziya mənə çox şey öyrətdi. Ən əsası da vətənim Azərbaycanı tanıtdı. Vətəni sevmək üçün onu qarış-qarış gəzib tanımalısan. Bölgələrimizi gəzdikcə insanlarımızı, təbiətimizi daha çox sevdim. Bu gün “Azərbaycantelefilm”in fondunda 1500 saatlıq sənədli televiziya filmi var. Bunlar hamısı Azərbaycanın tarixidir. Ərsəyə gətirdiyimiz filmlərə nəzər salsanız, görəcəksiniz ki, nə qədər sənət adamının həyatına işıq salmışıq. Onların hər biri eyni zamanda sənətimizin tarixidir. AMEA-nın Tarix İnstitutu ilə də birgə layihələrimiz olub. “Qarabağ xanlığı” kitabının əsasında rejissor Namiq Ağayevlə birgə film ərsəyə gətirdik. “Əziz Əliyev olduğu kimi”, ulu öndərə həsr edilən “Xalqım mənim”, “Qayıdış xalçası” və digər filmlər Azərbaycanın canlı vizual salnaməsidir. “Azərbaycantelefilm”lə bağlı kitab da hazırlamışam, çap olunacaq.

Yaqub Əlioğlu qələm sahibi olaraq öz yoluyla getdiyi üçün qürur duyur. Hətta müasir texnoloji vasitələrə rəğmən yazılarını çox vaxt qələmlə yazır:
“Düşüncələrimi kağıza daha səmimi köçürə bilirəm. Mənim dünyam kağızla təmasda daha mükəmməldir”.
2014-cü ildə kitablarının sırasına daha biri əlavə olunur. Milli balet sənətinin əfsanəvi klassiki, SSRİ Xalq artisti Leyla Vəkilovaya həsr etdiyi “Qu quşunun nəğməsi” kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilir. Bu kitabı Leyla xanımın Azərbaycan baletinin inkişafına verdiyi mühüm xidmətlər qarşısında özünə borc bilərək qələmə alıb. Çünki vaxtilə görkəmli rəqqasəyə həsr etdiyi veriliş nəticəsində Leyla xanımın həyatı tamamilə dəyişmişdi və hələ sağlığında haqqında kitab yazmağı da balet ulduzu özü ondan xahiş etmişdi.

Yurd həsrəti

Cəbrayıl rayonu 20 ildən çoxdur mənfur düşmənin işğalı altındadır. Ana yurdunun yağı tapdağında olması Yaqub müəllimin qəlbinə dağ çəkir: “Cəbrayılın işğalı mənim qəlbimdə sağalmaz yaradır. 60 illik yubileyim ərəfəsində tək istəyim torpağımın azad edilməsidir. Bu ilin aprelində cəbhədə ordumuzun düşmənə layiqli zərbə vurması ümidlərimi artırıb. Son hadisələr zamanı xalqımızda sarsılmaz güvən və birliyin şahidi oldum”.

Həmsöhbətim gələcəyə böyük ümidlərlə baxır. Biz də Yaqub müəllimə cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Ulu Tanrı xalqımızın yurd nisgilinə son qoysun!

Lalə Azəri