“Ermənistanda tarixi silmək üçün İrəvan xan sarayını məqsədli şəkildə dağıdıblar.
Səlcuqlardan qalan xeyli sayda abidəni isə monqol-tatarlara aid abidə kimi təqdim edirlər”

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri Həsən Oktay Azərbaycanın tarixi ilə bağlı məqalələrin, o cümlədən İrəvan xanlığı haqqında Türkiyədə ilk elmi tədqiqat işinin müəllifidir.
90-cı illərdə sərhədlərin açılmasından sonra Azərbaycana gələrək bölgələrimizi gəzib, Ermənistanda türk abidələrinə göstərilən vandal münasibəti öz gözləri ilə görüb. Bu təəssüratları, xatirələri onun öz dilindən eşitmək daha maraqlıdır.


- Necə oldu ki, İrəvan xanlığı ilə bağlı elmi iş yazmaq qərarına gəldiniz?
- Bunun çox maraqlı tarixçəsi var. Van Universitetində elmi rəhbərim ilə birlikdə yazacağım elmi işin mümkün mövzuları barədə söhbət edirdik. Bu zaman otağın divarındakı radioda müğənni Ərzurum türküsü oxuyurdu. Həmin türküdən “İrəvanda balam qaldı” misrası səslənən məqamda birdən müəllimim dedi ki, sənə mövzu tapdım: İrəvan xanlığını işləyəcəksən. Oradan çıxıb dərhal kitabxanaya getdim və İrəvan xanlığı ilə bağlı mənbələri əldə etməyə çalışdım. Azərbaycan alimi Mirzə Bala Məmmədzadənin İrəvanla bağlı yazdığı kiçik kitabı tapdım. Öyrəndim ki, 1747-ci ildə Nadir şahın ölümündən sonra qurulan İrəvan xanlığı 1828-ci ildə rus işğalı nəticəsində süqut edib. Osmanlı arxivində də bəzi sənədləri əldə etdim. Beləcə Türkiyədə ilk dəfə İrəvan xanlığı ilə bağlı elmi iş yazmaq mənə qismət oldu. Bu işə 1994-cü ildə başladım. Sonra İrəvan xanlığının tarixi ilə bağlı Azərbaycan kitabxanalarında, arxivlərində araşdırma aparmaq, alim və ziyalılarla görüşmək üçün 1996-cı ildə oraya getdim. Vandan İrana, oradan da Azərbaycana yollandım. Bakıda Elmlər Akademiyasına getdim, akademik Ziya Bünyadovla görüşdüm. Süleyman Əliyarlı, Oqtay Əfəndiyevlə, Tarix İnstitutunda başqa alimlərlə söhbət etdim. Mənə məlum oldu ki, sovet hakimiyyəti illərində Azərbaycanda İrəvan xanlığı haqqında hər hansı bir tarixi əsər yazmaq, fikir söyləmək qeyri-rəsmi şəkildə qadağan olunub. Bakıda istədiyim tarixi materialları əldə edə bilməsəm də, bir neçə kitab, sənəd və sonuncu İrəvan xanı Hüseynqulu xanın məktublarını tapdım.

- Bəs Azərbaycan, Bakı, insanlar sizə necə təsir bağışladı?
- Bizim hələ sərhədlər açılmazdan öncə Azərbaycan, sovet coğrafiyasındakı türklər haqqında az da olsa məlumatımız var idi. Azərbaycanla bağlı xəbərləri 70-ci illərdən sonra izləməyə başlamışdıq. Amma, necə deyərlər, aramızda bir “dəmir pərdə” var idi. Buna baxmayaraq biz müəyyən vasitələr axtarıb tapırdıq. Bir məqamı da vurğulayım ki, biz Türkiyədə Azərbaycanı Zeynəb Xanlarova vasitəsilə tanıyırdıq. Onun valını əldə edir və dinləyirdik. O, Türkiyədə çox tanınan bir sənətkar idi. Azərbaycan şairi Əhməd Cavadın “Çırpınırdın, Qara dəniz” mahnısı (Əhməd Cavadın sözlərinə musiqini Üzeyir Hacıbəyli yazıb - red.) isə Türkiyədə milli marş kimi səslənirdi və çox sevilirdi.
İrandan Azərbaycana ikiyə bölünmüş şəhərdən, Astaradan daxil oldum. İlk dəfə Bakıya getdiyim zaman orada Qarabağ müharibəsinin ab-havasını görmək olurdu. Şəhərdə qaçqınların qaldığı yerlərə baş çəkdim. O zaman insanlar bizə çox böyük diqqət göstərir, qonaqpərvərlik nümayiş etdirirdilər. Hətta biri bizi israrla öz evinə qonaq dəvət etdi və axşam onların evində qaldıq. Xatırlayıram ki, bir dəfə bir kafedə naharımı bitirdikdən sonra kassaya hesabımı ödəməyə yaxınlaşdıqda mənə “hesabınız artıq ödənilib”, deyə bildirdilər. Sonra mənə bəlli oldu ki, nahar edənlərdən biri mənim Türkiyədən gəldiyimi öyrənincə belə bir addım atıb. İçərişəhər isə məndə tamamilə fərqli bir təəssürat yaratdı. O zamanlar Türkiyədə “Sindibad” adlı cizgi filmi göstərilirdi və hadisələr də Bağdadda cərəyan edirdi. Orda təsvir edilən qala, evləri sanki İçərişəhərdə gördüm. Öz-özümə düşündüm ki, bəlkə də bu cizgi filmi elə Bakının bu qədim şəhərində çəkilib. Birinci dəfə Azərbaycanda 3-4 gün qaldıqdan sonra geri döndüm. Bakıdan sonra Təbrizə, oradan da Ərdəbilə getdim. 2004-cü ildə yenidən Azərbaycana getməli oldum. O zaman Bakı xeyli dəyişmiş və Güney Qafqazın ən müasir şəhərinə çevrilmişdi. Çünki mən Güney Qafqazın demək olar ki, bütün böyük şəhərlərini gəzmişəm və ona görə doğru müqayisə apara bilirəm.
Azərbaycandan Türkiyəyə döndükdən sonra, yəni 1996-cı ildə elmi işim üçün bu dəfə Ermənistana getməli oldum. Çünki oradakı qalan tarixi də öz gözümlə görməli idim.

- Maraqlıdır, bu tarixi necə gördünüz? Türk tarixi, İrəvan xanlığı ilə bağlı abidələrin durumu nə yerdə idi?
- Mən hələ Ermənistana getməzdən öncə oradakı abidələrin yerini təyin etmişdim. Onlar artıq dağıntıya məruz qalsalar belə, özüm axtarıb tapırdım. Bilirdim ki, İrəvanda Göy məscid var. Onu yandırıb dağıtmışdılar. Lakin 90-cı illərdə İran onu təmir edərək İran Mədəniyyət Mərkəzinə çevirmişdi. İndi İrəvanda sadəcə bir məscid var, digərlərini dağıdıblar. Göy məscidi ziyarət etdikdən sonra digər yerlərə baş çəkdim. Xan sarayını da tamamilə dağıdıblar. Göy məscidin bağçasında da İrəvan xanlığından qalan, üzərində yazılar olan daş kitabələr var idi. Onlar ərəb əlifbası ilə yazılıb, amma türkcədir. Matenadaran əlyazmalar fondunda isə Osmanlı imperatorunun İrəvan xanına yazdığı məktubların surətlərini əldə etdim. Ermənistanda tarixi silmək üçün Göy məscidi, İrəvan xan sarayını məqsədli şəkildə dağıtmışdılar. Səlcuqlardan qalan xeyli sayda abidəni isə monqol-tatarlara aid abidə kimi təqdim edirlər. Gümrüyə tərəf gedərkən karvansara qalıqlarına rast gəldim. Soruşanda dedilər ki, monqollardan qalıb. Digər tərəfdən, xalq tarixi yaxşı bilmir. Çünki bilərəkdən öyrədilmir. Təbii ki, abidələrin türklərlə bağlılığı tədricən məhv edilib.

- Ermənistanda sizin İrəvan xanlığı ilə bağlı elmi iş yazdığınızı bilirdilərmi və arxivlərdə İrəvan xanlığının bir Azərbaycan xanlığı olduğuna dair materiallara rast gəlirdinizmi?
- 1959-cu ildə erməni dilində bir elmi iş yazılmışdı. Erməni katolikosluğunun mərkəzində, Eçmiədzində arxivlər var. Kilsə dəftərlərində İrəvan xanının möhürləri, göndərdiyi məktublar durur. Onlara da bir az baxmaq şansım oldu. Elmlər Akademiyasına gedərkən professorlara İrəvan xanlığı haqqında danışdıqda çəkingən cavab verirdilər. Mən onlara İrəvan xanlığından bəhs etdikdə çaşqın-çaşqın üzümə baxırdılar. Təbii ki, bəziləri də özlərini bilməməzliyə vururdu. Çünki ermənilər bu torpaqlara sonradan İran və Anadoludan köçürüldükləri üçün gerçək tarixdən qaçırlar. Tarixi məhv etmə prosesi isə çox-çox əvvəllərə gedib çıxır. Çünki çar və sovet Rusiyası həm Qafqazda, həm də Orta Asiyada bilərəkdən türkçülüyün izlərini silib.

- Söylədiniz ki, Azərbaycanın çox yerlərini gəzibsiniz. Əsasən hansı bölgələrdə ola bildiniz?
- Demək olar ki, bütün bölgələrinə baş çəkə bildim. Gürcüstandan gələrkən Gəncə, Şəki, Şirvan, İsmayıllıda oldum. Orada hətta tarixi kəndə, Lahıca da getdim və çox bəyəndim. Şəki 0sarayını ziyarət etdim. Həm də bu sarayı ona görə gəzdim ki, İrəvan xanlığının sarayı ilə bənzərlik təşkil edir. Təəssüf ki, İrəvan xan sarayından heç bir qalıq qalmayıb. Şəkidəki Kiş qoruğu da mənim üçün maraqlı məkanlardan oldu. Qəbələ rayonundakı ən qədim alban-xristian kilsəsini də ziyarət etdim, udinlərlə görüşdüm, Zaqatalada da oldum. Cənub və Muğan bölgəsini gəzdik. Məqsədim Azərbaycanı daha çox görmək və tanımaq idi. Hətta Aran bölgəsində iki çayın, Kür və Arazın qovuşduğu Suqovuşan kəndində də oldum. Olduğumuz hər yerdə insanlar səmimi və istiqanlı olmaqla bərabər, hər an yardım etməyə çalışırdılar.

- Azərbaycanda gördüklərinizİ nə vaxtsa qələmə alıb bir kitab yazmağı düşünürsünüzmü?
- Xatirə yazmaq xüsusi bir qabiliyyət tələb edir. Zaman-zaman kiçik-kiçik qeydlər apardım, amma hələlik bunları kitaba çevirə bilməmişəm. Amma qəzetlərdə belə məqalələri oxuyanda “kaş ki, mən də xatirə yazsaydım” deyə, ürəyimdən keçir.

- Siz həm də Türkiyədə önəmli araşdırma qurumlarından olan Qafqaz Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edirsiniz. Qurumun əsas hədəfi nədir, tarix-mədəniyyət mövzularına nə dərəcədə maraq göstərilir?
- Bizim mərkəzimizin əsas hədəfi Qafqaz və onun ətrafındakı mövzulardır. Qurumun fəaliyyətini görüb diqqət yetirməyə başladılar. Sonra ətraf ölkələrdən bizimlə əlaqə saxlamağa başladılar. İndi araşdırmaçılar bölgə ilə bağlı dəyərləndirmələrini göndərirlər, biz də uyğunsa, yayınlayırıq. Tarixi-mədəni mövzulara gəlincə, ümumiyyətlə, biz Qafqazla bağlı bütün mövzulara yer veririk. Məsələn, Azərbaycandan bir müəllifimizin Novruz çərşənbələri ilə bağlı yazıları böyük maraq doğurdu. Dağıstandan gələn folklor yazıları da maraqla qarşılanır. Osetiyadan, Abxaziyadan da maraqlı yazılar gəlir. Bizim şüarımız belədir: “Qafqazla bağlı hər şey”.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar