Lerik rayonunda ilk dəfə olaraq yaranma tarixi təxminən eramızın VI-VII əsrlərinə gedib çıxan, insanların 300 ildən artıq daimi həyat sürdükləri qədim yaşayış məskəni aşkar edilib. Qədim yaşayış məskəni Lerik rayonunun Çayrud kəndində, Çuxurməhəllə adlanan ərazidə aşkarlanıb.
  
   Kənd sakini Şəmşir Mirzəyev həyətyanı sahəsində təsərrüfat işi görərkən abidəni üzə çıxarıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Cənub-Şərqi Azərbaycanın arxeoloji tədqiqi” arxeoloji ekspedisiya qrupu ərazidə qazıntı işlərinə başlayıb.
   Ekspedisiyanın rəisi Abuzər Ələkbərov bildirib ki, indiyədək arxeologiya elmində belə bir fikir formalaşmışdı ki, dağlıq ərazilərdə yaşayış yerləri çox məhdud olub. Bunu əhalinin əsasən köçəri həyat tərzi keçirməsi ilə əlaqələndirirlər. Lakin Lerik rayonunun Çayrud kəndində aparılan tədqiqatlar deyilənləri təkzib edir. İlkin tədqiqatlar göstərir ki, burada əsası təxminən VI-VII əsrlərdə qoyulmuş qədim yaşayış məskənində 300 ildən artıq bir zaman kəsiyində daimi həyat olub. Aşkar olunan qədim yaşayış evi düzbucaqlı şəklindədir. Ərazidə aşkar olunan arxeoloji materiallar, keramika, o cümlədən metal nümunələri bunu təsdiq edir.
   A.Ələkbərov qeyd edib ki, hazırda Lerik rayonunun arxeoloji xəritəsi hazırlanır. Bununla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə Fransanın əlaqədar təşkilatları arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, 100 il bundan əvvəl Lerikdə arxeoloji tədqiqatlar aparmış Morqan qardaşlarının keçmiş olduqları yerlərə yeni ekspedisiya təşkil olunacaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Cənub-Şərqi Azərbaycanın arxeoloji tədqiqi” arxeoloji ekspedisiya qrupu rayonun Veri, Tüli, Conikənd, Stan, Mastayıl və digər kəndlərində də tədqiqatlar aparacaq.