Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində VI Beynəlxalq “Ornament-fest” - “Altın çiçək” simpoziumu keçirilib. Dünyanın bir sıra ölkələrinin təmsil olunduğu beynəlxalq tədbirdə ölkəmizdən - UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin üzvü, Astara Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev və Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev iştirak edib. Simpoziumda dünya xalqlarının ornament incəsənətinə aid məsələlər müzakirə olunub, rəssamlar müxtəlif mövzulu rəsmlərini təqdim edib, sənət adamları, mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.
Azərbaycan xalqının qədim, klassik və avanqard metodu ilə işlənmiş ornament nümunələri simpoziumun iştirakçılarına təqdim olunub, tədbirin yekunu olaraq təşkil edilmiş sərgidə nümayiş etdirilib. Sərginin açılışında Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər. Sərgidə nümayiş olunan müxtəlif xalqların ornament sənəti nümunələri əvəzsiz olaraq yerli rəsm qalereyasına təhvil verilib.
Simpoziumda fəal iştirak etdiklərinə görə Əfqan Şəfiyev və Firudin Quliyev Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin diplomları və “Altın çiçək” mükafatı ilə təltif olunublar.
Şahin Əliyev,
Astara tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi