Prezident İlham Əliyev avqustun 22-də Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində rayonda abadlıq-quruculuq işləri görülüb, müxtəlif obyektlər tikilib. Sərəncama əsasən, Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.
Dövlət başçısı avqustun 21-də Qax rayonunun da ısosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son illər rayonda Mədəniyyət evi əsaslı təmir edilib, “İçəri Bazar” Mədəniyyət və Turizm Mərkəzi bərpa olunub, genişmiqyaslı abadlıq işləri həyata keçirilib. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Qax Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.