Ötən il Astara rayonu üçün çoxsaylı tədbirlərlə yadda qalıb
   
   Son illər respublika miqyaslı müxtəlif mədəniyyət tədbirlərinin, festival və müsabiqələrin keçirildiyi bölgələrimizdən biri də Astara rayonudur. Rayonun Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 53 mədəniyyət evi və klub, 57 kitabxana, uşaq musiqi məktəbi, Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
   
   2012-ci il fevralın 22-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin iştirakı ilə Astarada 13 rayonun mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib, bu bölgələrdə mədəniyyət və turizmin inkişafı sahəsində görülən işlər müzakirə edilərək qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tapşırıqlar verilib. İl ərzində Astarada müxtəlif əlamətdar tarixlər, bayramlar münasibətilə rəngarəng tədbirlər keçirilib. Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı, «31 mart azərbaycanlıların soyqırımı günüdür» mövzusunda konfranslar, “Abidələrin və tarixi yerlərin beynəlxalq mühafizəsi günü”nə həsr olunmuş tədbirlər bu qəbildəndir.
   Bakı şəhərində təşkil olunmuş «Novruz» bayramı şənliklərində rayonun Kakalos kənd mədəniyyət evinin «Əvəsor» folklor xalq kollektivi və el sənətkarları müvəffəqiyyətlə çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubuna layiq görülüb.
   Rayon MKS-də il ərzində yubileyləri qeyd olunan görkəmli ədib və mütəfəkkirlərlə bağlı tədbirlər, şair-publisist İqbal Astaralının “Alovu sönməyənlər” kitabının təqdimatı, Tarix-Diyarşünaslıq Muzeyində tanınmış fırça ustası Firudin Quliyevin yaradıcılığına həsr olunmuş tədbir və sərgi, Əməkdar artist, astaralı kinoaktyor Əliqulu Səmədovla görüş, ölkəmizin UNESCO-nun Beynəlxalq Muzeylər Şurasına (İKOM) üzv qəbul olunmasının 20 illiyinə həsr olunmuş konfrans və s. rayonun mədəni həyatında yaddaqalan hadisələrdən olub.
   Gənc nəslin musiqi tərbiyəsi də diqqətdən kənarda qalmayıb. Uşaq musiqi məktəbində Xalq artisti, professor, tanınmış bəstəkar Musa Mirzəyevlə görüş, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir, böyük bəstəkar Fikrət Əmirovun, unudulmaz müğənni Şövkət Ələkbərovanın 90 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq-gənclər muğam ifaçılarının Respublika müsabiqəsi beş il dalbadal Astarada gerçəkləşib. Ötənilki müsabiqənin yekun turu Masallı şəhərində keçirilib və Astara musiqi məktəbinin şagirdi Səxavət Əsədullazadə laureat adını (IV yer) qazanıb. O həmçinin Bakı şəhərində təşkil olunan Xan Şuşinski adına muğam müsabiqəsində diploma, məktəbin digər yetirməsi Elmar Hüseynov gənc pianoçuların respublika müsabiqəsində tərifnaməyə layiq görülüb. Şindan aşıqlar ansamblının üzvü Pənah Cəbrayılzadə isə Ağstafa şəhərində keçirilmiş gənc aşıqların aşıq Şəmşir adına VI Respublika müsabiqəsində diplom qazanıb.
   Ötən ilin iyununda Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən VII Beynəlxalq müasir təsviri sənət simpoziumunda ölkəmizi Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev və Rəssamlar İttifaqının üzvü Firudin Quliyev təmsil ediblər. Hər iki iştirakçı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüblər.