Şuşa Dövlət Musiqili Dram Teatrı aprelin 30-da Yardımlıda qastrol səfərində olub.
Yaradıcı heyət ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı musiqili ədəbi-bədii kompozisiyanı təqdim edib. Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədovdur.
Mayın 1-2-də isə kollektiv Şabran və Xaçmaz rayonlarına səfər edəcək. Yaradıcı heyət Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Nazir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.
Səhnə əsərində əsas rolları əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, İqrar Salamov, aktyorlar Azad Məmmədov, Püstəxanım Zeynalova, Nazir Rüstəmov və başqaları canlandıracaqlar.