Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarımili üçün iş planına əsasən, mayın 23-də Lənkəranda Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Lənkəran şəhər Mərkəzi kitabxanasının iclas zalında keçirilmiş müşavirədə qeyd olunan şəhər və rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, məsləhətçiləri və müəssisə rəhbərləri iştirak ediblər.
Seminar iştirakçılarına 2012-ci il 21 dekabr tarixli "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumat verilib, bu qanunun mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılması zərurəti vurğulanıb.
Seminar-müşavirədə mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramları və normativ aktların bölgələrdə icrası vəziyyəti də müzakirə olunub, regionlarda mədəniyyət sahəsində mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, ölkəmizdə mədəniyyət sahəsindəki islahatlardan geniş söz açılıb.