Noyabrın 7-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzusunda dəyirmi masa keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu sahədə çalışan mütəxəssislər, muzey əməkdaşları iştirak ediblər.
Dəyirmi masanı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov açaraq bildirib ki, xalqı tarixdə yaşadan onun yetirdiyi böyük şəxsiyyətlərdir. Ümummilli lider Heydər Əliyev məhz belə nəhəng simalardandır. Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayevin “Regionlarda turizmin dövlət tənzimlənməsi və inkişaf perspektivləri” və Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyevin “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr mədəniyyətimizin və incəsənətimizin tarixində yeni bir intibah dövrüdür. Ulu öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət hər birimiz üçün böyük bir məktəbdir.
Tədbirdə çıxış edənlər ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də böyük uğurlara imza atdığını xüsusi vurğulayıblar.