Türkiyəli mütəxəssislər Zaqatala və Şəkidə olublar
“Türk və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində respublikamızda səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri fevralın 5-6-da Zaqatala və Şəkidə olublar. Qeyd edək ki, layihə UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyaları tərəfindən həyata keçirilir.
Zaqatalaya səfərləri çərçivəsində türkiyəli qonaqlar uşaq yaradıcılıq mərkəzində və rayon mədəniyyət evində yerli sənətkarların əl işləri nümunələrinin nümayiş etdirildiyi sərgilərə baxıb, sənətkarlarla görüşüb, əl işlərinin hazırlanması, toxuma, yunun daranması və ip alınması proseslərini maraqla izləyiblər. Sərgilərdə nümayiş etdirilən əl işləri - şəbəkə, ağac üzərində yandırma və oyma üsulları ilə hazırlanmış sənət əsərləri, qadınların toxuduqları xalça, kilim, yun corab və əlcəklər, bədii tikmələr, xalq tətbiqi sənəti nümunələri qonaqların böyük marağına səbəb olub.
Qonaqlar Zaqatalanın görməli yerlərini gəzib, tarixi məkanlar və abidələrlə də tanış olublar.
Türkiyəli mütəxəssislər Şəkiyə səfər zamanı bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” ASC-də olub, kəlağayı və ipək xalça toxunan sexlərdə iş prosesi ilə maraqlanıb, burada çalışan qadınlarla görüşüblər. Qonaqlar “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən sənətkar emalatxanaları ilə də tanış olub, yerli sənətkarların hazırladıqları şəbəkə, təkəlduz, xovlu tikmə, bədii tikmə, ağac üzərində oyma və digər əl işlərinə baxıblar.
“Azərbaycanda olmağımızın səbəbi burada əl sənəti nümunələri ilə yaxından tanışlıq, qadınların əl sənəti sahələrinə marağını öyrənməkdir. Məqsədimiz Azərbaycanın əl sənətlərini, mədəni irsini bütün dünyaya, türk dünyasına tanıtmaqdır”, - deyə UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü, Hacettepe Universitetinin professoru Aylin Görgün Baran jurnalistlərə müsahibəsində bildirib.