Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə pasportlaşdırılıb. Onların içərisində müdafiə qalalarının, o cümlədən Əlincəqalanın xüsusi yeri var.
Culfa rayonundakı Əlincə dağın üzərində yerləşən qala qədim müdafiə və yaşayış yerlərindən biridir. Əlincəqalanın adı bir sıra mənbələrdə, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanında çəkilir. Əlincəqala tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi tanınıb, 14 il (1387-1401) Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib.
Möhkəm divarlar və bürclərlə əhatə olunan qalada Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər dövlətinin xəzinəsi saxlanılıb. Orta əsrlərdə Əlincəqalada Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları yerləşib. O vaxt qalanın içərisində yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədilə səngər və bürclər tikilib. Qalanın müxtəlif yerlərində qayalar arasında hovuzlar qazılıb, xüsusi arxlar çapılıb.
Qala 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. Sərəncamda abidənin bərpası ilə yanaşı, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da əksini tapıb.
Fariz Yunisli