Fevralın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” tarixi dramının tamaşası nümayiş olunub.
Tamaşadan əvvəl Xalq artisti Rza Xudiyev çıxış edərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış yazıçı-dramaturq Əli Əmirlinin yaradıcılığından danışıb. Bildirilib ki, 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olan Ə.Əmirli “İldırımötürən”, “Axirətdən qabaq gəzinti”, “Haram”, “Meydan”, “Ərizə”, “Ölü doğan şəhər” kimi roman və povestlərin, hekayələrin müəllifidir. Onun “Mesenat”, “Ərizə”, “Yeddi məhbusə”, “Cəza”, “Köhnə ev”, “Ağqoyunlular və qaraqoyunlular”, “İyirmi ildən sonra”, “Onun iki qabırğası”, “Varlı qadın”, “Xoşbəxt gün” və başqa pyesləri Azərbaycan, eləcə də digər ölkələrin teatrlarında tamaşaya qoyulub.
Müəllif tarixi dram janrında qələmə aldığı ikihissəli “Ağa Məhəmməd şah Qacar” əsərində görkəmli sərkərdə və dövlət başçısının daxili aləmini açıb göstərməyə çalışıb.
Tamaşada Qacar həm də tarixilikdən çıxaraq öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran insan kimi təsvir olunub. Obraz tamaşaçıya yalnız qəddar və zalım hökmdar deyil, həm də fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr edən siyasi xadim kimi təqdim olunur.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, bədii tərtibatçısı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Rolları xalq artistləri Yasəmən Ramazanova, Rza Xudiyev, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev, Xəlil Hüseynov, Səməd Canbaxşıyev oynayıblar. Tamaşa alqışlarla qarşılanıb.
Tamaşadan sonra yaradıcı heyətlə görüşən muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov səhnə əsərinin zəngin tarixə malik Naxçıvan teatrının repertuarında yeni bir səhifə açdığını deyib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
Yazıçı-dramaturq Əli Əmirli yaradıcılığına göstərilən diqqətə və əsərə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Fariz Yunisli