Yaddaş dəftərindən


Ulu Tanrı bizim yerlərdən səxavətini əsirgəməyib. Quşqonmaz qayalar, zümrüd meşələr, bərəkətli torpaqlar. Meyvələri, beçə balı adla deyilir. Otları, çiçəkləri, saf havası can dərmanıdır. Obalarını gəzib dolanan, ağsaqqallarına və ağbirçəklərinə qulaq asan yoruldum deməz, bu yerlərə bir də dönmək istər.

Şairlər bu qədim insan məskəninə heyran olublar. Mikayıl Müşfiq “Başqa səfası var hələ Lerikin” deyib. Mirvarid Dilbazi “Ay günəşə yaxın dağlar”, Əliağa Vahid “Könlüm vurulub bir gülü-reyhanə Lerikdə”, Fikrət Qoca “Allah da bəlkə elə, cənnəti uyduranda Lerikdən danışırmış” yazıblar. Xalq şairi Süleyman Rüstəmin yaradıcılığında Lerik mövzusunun, Leriki tərənnümün öz yeri var...
1965-ci ilin söhbətidir. Kənd məktəblərinin birində dərs deyirdim. Ara-sıra şeirlərim “Azərbaycan pioneri”, yerli “Kolxoz yolu” qəzetlərində, “Pioner” jurnalında nəşr olunur, respublika radiosunda səslənirdi. Rayonda gənc yazar kimi az-çox tanınırdım. Günlərin birində raykoma çağırdılar. Dedilər ki, Xalq şairi Süleyman Rüstəm kino işçiləriylə rayona gəlir. Planetin qocaman sakini Şirəli Müslümovun 160 illik yubileyi filmə çəkiləcək. Onlara bələdçilik mənə tapşırıldı. Çünki həm Süleyman Rüstəmin yaradıcılığı, həm də Şirəli Müslümovun ömür tarixçəsi barədə ətraflı məlumatım vardı.
Ertəsi gün qonaqlarla mehmanxanada görüşdüm. Süleyman Rüstəmlə şair Vladimir Qafarov, Azərbaycan radiosunun müxbiri Firuz Əhmədli də gəlmişdilər. Öyrəndim ki, Leninqradın sənədli filmlər studiyası “Yeddi möcüzəsiz möcüzə” filmini çəkir. Yaradıcı qrup Neft Daşlarında çəkilişdən sonra Lerikə gəlib. Axşamüstü rejissor Mark Markov da gəlib çıxdı. Qonaqlar rayon mərkəzini gəzib çəkiliş aparılacaq, yubiley keçiriləcək yerləri müəyyənləşdirdilər.
Səhərisi Xalq şairi Süleyman Rüstəm, Vladimir Qafarov, Firuz Əhmədli ilə el ağsaqqalının yaşadığı Barzavu kəndinə yola düşdük. Maşın kiçik dərəni keçib dağın ətəyinə çatdı. Dolama yolla yuxarı qalxırdıq. Süleyman müəllim üzünü sürücüyə tutub:
- Əylə, buradan piyada gedərik, dalımızcan kəndə gələrsən, - dedi.
Qalan yolu yavaş-yavaş qalxdıq. Xalq şairi dikdirə çatanda dayandı. Mavi Xəzər, Talış meşələri, kəndlər ovucun içi kimi görünürdü. Arxaya çevrilib sərhədə tərəf boylandı, ağsaçlı Savalana xeyli baxdı. Trubkasına tütün töküb tüstülətdi. Yolumuza davam elədik.
Mənzil başına çatdıq. Kəndin ağsaqqalları, ziyalılar, məktəblilər Xalq şairini salamladılar. Şirəli baba onu doğma övladıtək bağrına basdı. Xalça döşənmiş çəməndə duz-çörək kəsildi. Radionun müxbiri ağsaqqalın söhbətini elə oradaca lentə aldı.
Söz sözü çəkdi. Süleyman Rüstəm əlini uzaqdan görünən kəndə tərəf uzatdı:
- Volodya, görünən kənd Çayruddur. Oranın seçiciləri məni iki dəfə - 1947-ci və 1951-ci illərdə Ali Sovetə deputat seçiblər. Rayon mərkəzindən at belində seçicilərimlə görüşlərə getmişəm. Camaatı çox zəhmətkeş və qonaqpərvərdir. Onda təzə yol çəkirdilər. Talış qızlarına bir şeir də yazdım.
Mən şairin icazəsi ilə “Talış gözəlləri” şeirindən bir parça söylədim:

Qəşəng talış qızları daş yığır, daş tökürlər,
Dodaqlarında nəğmə Çayruda yol çəkirlər.
Fəxr edirəm dağların rəngsiz gözəlləriylə,
Can verir dilsiz daşa onlar öz əlləriylə.


Biz rayon mərkəzinə qayıdırdıq. Yolda Anbu kəndinin məktəbliləri şairi qarşılayıb gül dəstələri verdilər. Şair də borclu qalmadı. Bədahətən bu misraları söylədi:

Söz vermişdim bu yerlərə tez-tez gəlim, gəlmişəm,
Uca Talış dağlarını yurdum-yuvam bilmişəm.
Uşaqlıqdan xoşum gəlməz öz sözündən dönəndən,
Lerikdəyəm, yenə dağlar qoynundayam dünəndən.


Şirəli Müslümovun rayon mərkəzində, Məşədi Xəlil kişinin bağında keçirilən yubileyinə Bakıdan, qonşu rayonlardan qonaqlar gəlmişdilər. Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov “Qırmızı Əmək Bayrağı” ordeni alması münasibətilə yubilyarın əlini sıxdı. Qonaqlar ürək sözlərini dedilər. Növbə Xalq şairinə çatdı. O, dünənki görüşdən aldığı təəssüratı misralara çevirmişdi, “Dağların ağsaqqalı” şeirini yazmışdı. Şeir bu misralarla bitirdi:

Dağlarda lalələrtək açılıb baxtın sənin,
Sıldırım qayalardır uçulmaz taxtın sənin.
Dağlarda, meşələrdə gənclər çəkəndə qəh-qəh,
“Hanı gəncliyim”, - deyib, hərdən-birdən çəkmə ah.
Sən elə qol-budaqlı, elə möhkəmsən yenə,
Dəmirağacları da həsəd aparır sənə.


Kinostudiyanın əməkdaşları rejissorun göstərişləri ilə işlərini gördülər, maraqlı fraqmentlər çəkdilər, yerli camaatın köməyindən razı qaldılar. Elə həmin il film ekranlara çıxdı.
Tədbirdən sonra biz kitab mağazasına baş çəkdik. Burada Xalq şairini oxucular gözləyirdilər. Onlar Süleyman Rüstəmdən avtoqraf aldılar, əsərləri barədə ürək sözlərini dedilər. “Bu, lap oxucular konfransı oldu”,- deyə şair onu sevənlərlə zarafatlaşdı.

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist, Lerik