Hər bir xalqın tarixinin ayrı-ayrı dövrlərində ölkəsinin inkişafında müstəsna rol oynayan nadir şəxsiyyətlər yetişir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri XX əsrin müstəqillik tarixini öz əli ilə yazan Heydər Əliyevdir.
Məhz onun sayəsində Azərbaycan müstəqil bir dövlət kimi inkişaf etmiş, müasir və qüdrətli məmləkətə çevrilmişdir. Heydər Əliyev Azərbaycan xalqı, xüsusən gənc nəsil üçün böyük azərbaycançılıq, dövlətçilik irsi qoyub getmişdir. Hər bir azərbaycanlı, xüsusən gənc nəsil ulu öndərin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, inkişaf etdirilməsi sahəsində əvəzolunmaz xidmətlərini, çox çətinliklər bahasına başa gələn müstəqillik tarixini bilməlidir.
Qubadakı Heydər Əliyev Mərkəzində rayonumuzun 66 ümumtəhsil məktəbinin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli liderin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər keçirilir.
Mərkəzdə dərslərin məzmunlu və maraqlı keçməsi üçün hər cür şərait yaradılmışdır. 60 şagird üçün xüsusi auditoriya ayrılmış, burada müasir texnoloji avadanlıqlar, ulu öndər haqqında filmlərinin nümayişi üçün monitor quraşdırılmışdır. Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin tərtib etdiyi qrafik əsasında 3 aprel tarixindən başlanan dərslər may ayının axırına kimi davam edəcək.
Ümumtəhsil məktəblərinin XI sinif şagirdlərindən başqa Quba texniki liseyinin, bir sıra məktəblərin kollektivləri də Mərkəzdə ekskursiyada olmuşlar. Onu da qeyd etmək istərdim ki, Mərkəzdə keçirilən çoxsaylı tədbirlərin nəticəsində həm eksponatların, həm də buraya gələn ziyarətçilərin sayı ildən-ilə artır. 2011-ci ildə eksponatların sayı 750 ədəd olmuş, 2013-cü ildə isə 3264-ə çatmışdır. Mərkəzi 2011-ci ildə 29800 nəfər, 2013-cü ildə isə 48100 nəfər ziyarət etmişdir.
Mərkəzdə eyni zamanda pulsuz kompyuter, bacarıqlı əllər, ədəbiyyat dərnəkləri fəaliyyət göstərir, gənclərimizin intellektual və hərtərəfli inkişafı üçün müvafiq tədbirlər görülür. Rayonun ümumtəhsil məktəblərində “Heydər Əliyev - müasir Azərbaycan”, “Heydər Əliyev və vətənpərvərlik” mövzularında inşa-yazı müsabiqəsi keçiririk. Bundan sonra da çalışacağıq ki, ulu öndərin əbədiyaşar siyasətini, zəngin azərbaycançılıq və dövlətçilik irsini xalqa, xüsusən gənc nəslə layiqincə çatdıraq.
E.Orucova
Quba Heydər Əliyev Mərkəzinin direktoru