Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövzusunda iclas keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, qeyd olunan nazirliklərin əməkdaşları, respublikamızın müxtəlif ali məktəblərində çalışan tanınmış alim-mütəxəssislər iştirak edəcəklər.
İclasda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapmış əsas müddəaların Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesi zamanı tətbiqi müzakirə olunacaq. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova, Süleyman Ələsgərov adına 1 N-li Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov, Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev məruzələrlə çıxış edəcəklər. Tədbirdə iki nazirlik arasında əməkdaşlığın daha səmərəli təşkilinə dair müzakirələr aparılacaq.