Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanına uyğun olaraq 2015-ci ilin oktyabr ayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri başlanıb.
Forumun işçi qrupunun bu il martın 13-də Londonda keçirilmiş iclasında irəli sürülmüş tövsiyələr əsasında tədbirin eksperti, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun direktoru professor Mayk Hardi ilə müvafiq yol xəritəsi hazırlanır.
Mayın 19-da Mayk Hardinin rəhbərlik edəcəyi Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun açılış mərasimi keçirilib. BMT-nin Sivilizasiyalar Alyansının ali rəhbərinin də qatıldığı tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.
Səfər çərçivəsində Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun direktoru professor Mayk Hardi və universitetin digər rəhbər şəxsləri, BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin 2014-cü ilin avqust ayında İndoneziyanın Bali şəhərində keçiriləcək BMT-nin VI Qlobal Forumunda Bakı Prosesinin təqdimat mərasiminin təşkili və noyabr ayında Bakıda "Bakı Prosesi - Qlobal Mədəniyyətlərarası Dialoqa dəstək" mövzusunda dünyanın nüfuzlu elm xadimlərinin iştirakı ilə akademik konfransın keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.