İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı ilin ilk altı ayında qarşıda duran bütün məsələlərin uğurla həll olunduğunu bildirib. Qeyd edilib ki, düşünülmüş siyasət, sabitlik, aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neft amilindən asılılığı xeyli azalıb. Bu müddətdə ölkə iqtisadiyyatı 2,1 faiz, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, qeyri-neft sektoru 7 faiz artıb.
Prezident ölkənin müstəqilliyini şərtləndirən əsas amillərdən biri olan maliyyə vəziyyətinin sabit olduğunu, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın dünyada qabaqcıl yerlərdən birini tutduğunu vurğulayıb: “Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək”.
Bu il 3-cü regional inkişaf proqramının qəbul olunduğunu diqqətə çatdıran dövlət başçısı proqramda nəzərdə tutulan layihələrin uğurla icra olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın təşəbbüskarı olduğu neft-qaz layihələri ilə bağlı işlər də uğurla gedir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin birinci yarısında görülən işlər barədə dövlət başçısına məlumat veriblər.
İclasa yekun vuran Prezident İlham Əliyev qarşıda duran prioritet vəzilərdən danışıb. Kənd yolları, içməsi su, kanalizasiya və digər infrastruktur layihələrin icra edildiyini, qazlaşma ilə bağlı layihələri sürətləndirməyin, hər bir rayonda sənaye zonalarının yaradılması işinin də davam etdirilməsinin vacibliyini vurğulayıb.