Ötən həftənin ən maraqlı və necə deyərlər, «hit» mədəni aktı Dövlət Pantomima Teatrının «Şəfəq» kinoteatrının foyesində yerləşən tamaşa zalında baş tutdu. Bu balaca, şəraitsiz, amma kasıbyana ürəyiaçıqlıqla tamaşaçıların ixtiyarına verilmiş zalda iynə atsaydın yerə düşməzdi. Əlbəttə, darısqallıq üzündən. Yoxsa, ilin-günün bu vaxtında teatrlarda anşlaq barədə bu tip metaforalar işlətmək saxtakarlıqdan və istisnalardan başqa bir şey deyil. Həftənin, bəlkə də ayın (dayan,dayan, bəlkə də ilin) ən maraqlı, «hit» mədəni aktı statusunu qazanmış tamaşanı Pantomima Teatrının aktyorları, pardon, rejissorları Səbinə Hacıyeva və Bəhruz Vaqifoğlu hazırlayıb. Tamaşanın özəlliyi isə odur ki, tamaşaçılar tamaşadan əvvəl nə tamaşanın adını, nə janrını, nə müəllifini bilmirdilər. Eləcə Pantomima Teatrının adını tutub tamaşaya gəlmişdilər. Öz teatrının tamaşalarını yaradıcı adamlara xas komplekslərdənmi, zalın darısqallığındanmı (Allah bilir nədən) qapı dalından seyr edən, tamaşaçılara qatılmayan Bəxtiyar Xanızadə qabaqcadan yer ayarlayıb, premyeraya hazırlaşırdı. Divarboyu düzülmüş aktyorlardan tamaşanın adını soruşanda... Məlum oldu ki, tamaşanın adqoydusunu elə həmin gün tamaşaçılar edəcək. Və teatrın «şefi» Bəxtiyar Xanızadə özü də tamaşanı indicə tamaşaçılarla birgə seyr edəcək. Bircə qulaq çalan informasiya tamaşanın süjetinin xəyanət mövzusunda qurulması oldu. Allahdan gizlin deyil, sizdən nə gizlədim, dahiliyini danmağa ürək eləməsəm də, deməliyəm ki, Şekspirin tuği-lənət olub boğazımıza keçən «Hamlet» əsəri məhz bu təntənəli xəyanət sarsıntısına görə «zərərlı əsərlər» siyahıma düşüb. Guya insandan başqa nə gözləmək olar ki? Şair dostum nahaq yerə demirdi ki, «insanın bir adı da xəyanətdir». Uzun sözün qısası, az-çox tamaşa görmüş şünas kimi ara mahnılarında söylənilən sayaq, banal bir sevgi-xəyanət motivli əhvalat gözləyirdim. Deməyəsən ki, bütün banal əhvalatlar adamın başına gəlməyincə uzaq və mənasız görünür. Ən pisi də elə budur. Ən yaxşısı nədir? Ən yaxşısı bunu kənardan, aktyorlardan birinin dediyi kimi açar yerindən gizlicə seyr etməkdir. Tamaşanın bütün estetikası da məhz bu şəxsi, intim bir əhvalatı gizlicə seyr etmək üzərində qurulub. Qadın (Səbinə Hacıyeva) qabaq-qənşər qoyulmuş stulda oturub. Görünüşündən kimisə gözləyə-gözləyə yuxuladığı hiss olunur. Gözlənilən adam kişidir, pencəyi çiynində, ayaqqabılarının dabanını taqqıldada-taqqıldada səhnəyə daxil olur. Yatmış qadınının çiyninə pencəyini salır. Qadın ayılır. Sevgi ilə ona baxır. Dekolte paltarlı qadın, şərab badəsi, fransız musiqisi… əksinə olaraq adamda kafe-şampan və yüngül əyləncə assosiasiyası yaratmır, ikinəfərlik sevgi atmosferi var. Musiqi (Elman Rəfiyev) də bu sevginin özəl, məxsusi musiqisidir. Tamaşanın temporitmi bu musiqi və işıqların köməyi ilə kökdə qalır. Musiqi səslənir və qəhrəmanlar səhnəni tərk edirlər - sevişməyə gedirlər. Sonrakı səhnənin halını, enerjisini, ritmini başqa bir musiqi açır - cütlərin sevgi oyunu şən bir əhvalda səhnəyə qayıdır. Bu şənlik içində bir təsadüf... kişinin cibindən düşən məktub... xəyanət parçası... qadın dəhşətə gəlir... canı ağrıyır kimi qıvrılır. Və bu andan etibarən onun bədəni yalnız qadın bədəni olmur, qadın bədənindən artıq olur. Tərəddüd, sevgi, nifrət, qorxu, bədbəxtlik, qətiyyət və qərarsızlıq ifadəçisinə çevrilir. «Bütün qadınlarda, hətta ən şən qızcığazda belə zavallı, köməksiz bir ifadə var» fikrindən əl çəkirəm. Səbinənin qəhrəmanı bütün ifadələri, sərt və eyni zamanda qətiyyətsiz hərəkətləri ilə güclüdür. Sarsıntı içindədir. Uzun saçları gözəl bir səliqəsizliklə ona qadın dağınıqlığı görkəmi bağışlayır. «Saçları dağınıq, həyatı pozuq bir canlı...» Nə qərar verəcəyini bilmir. Zira, xəyanət bədəninin bir hissəsi kimidir, kəsib atsa yeri ağrıyıcaq, atmasa özü. Bu məqamda bədənində ağrı duyur. Telefon səhnəsi bu əhvalatdakı üzüntünü çox dəqiq ifadə edir. Hərçənd bəzi səhnələr cilalanmayıb, hamarlanmayıb, artıq çıxıntılar var. Əhvalatın bütün ağırlığı xəyanətdədir. Kişiyə «qal» deməklə onu saxlayacaq. Dəfələrlə dediyi və təkrarladığı «get» jestini bir baxışla unutdura bilər, amma ortada bir məktub var. Məsələnin obrazlı həlli Səbinənin bir yozumu ilə təqdim olunur: qadın məktubu ağzına alıb çeynəməyi, udmağı, bununla hər şeyi yox edib içinə gömməyi belə düşünür. Amma hadisələri yaddaşdan «delete» etmək zor işdir. Həm də bu yaddaş məsələsi deyil. İllərlə bəslədiyi xəyanət qorxusudur.Bütün neqativlərin müəllifi də QORXU deyilmi? Müasir insan total bir qorxu içindədir. Bu qorxunun çin çıxması reallıqla mütənasibdir. Tamaşanın finalına görə isə qəhrəman qadın taleyinə, tamaşaçılar rejissorlara minnətdar olsunlar gərək. Deməyəsən, qadın bütün bu xəyanət əhvalatını yuxuda görübmüş. Ayılan anda kişinin ciblərini axtarıb heç nə tapmayacaq, etmədiyi xəyanətə görə onu qucaqlayacaq. Bax belə. Tamaşaçılarsa, qadından fərqli olaraq qəhrəmanı xəyanət etmədiyinə görə yox, yaxşı finala, onları get-gedə öz ağırlığında boğan xəyanət qorxusunu «pis yuxu» kimi uzaqlaşdırdığına görə alqışlayacaq. Yuxular altşüura sıxılmış, qorxu qadağaların senzurasız təzahürüdür və heç kəsin hökm edə bilmədiyi yeganə sahədir. Pantomimçilər yuxusunu tamaşaçılara danışdılar. Tamaşaçılarsa yozmağa həvəslə razılaşdılar. Tamaşa sonrası müzakirələrdə tamaşaya ad da qoyuldu. Tamaşaçılardan birinin təklifi ilə bu tamaşa «Dejavü» adlandırıldı. Qeyd edək ki, bu, Pantomima Teatrının yeni layihəsidir. Gənc aktyorların hazırladığı tamaşalar daxili baxış olmadan, ad qoyulmadan tamaşaçılara təqdim edilir və bir növ, tamaşaçılar onun adını da, taleyini də verir. «Dejavü!» bu layihədən olan ilk tamaşadı və əla başlanğıcdır. Bir reklamda deyilən kimi... Aliyə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar