Xalq artisti Nuriyyə Əhmədova orta məktəbdə oxuyanda Əzizbəyov rayon Mədəniyyət Sarayının aparıcı müğənnisi olub. Əsasən xalq çalğı alətləri ansamblında oxusa da, arada simfonik orkestrlə də çıxış edirmiş. Məktəbdən çıxıb tədbirlərə tələsən Nuriyyə əksər vaxt öz ifası ilə seçilirdi. Gün ərzində ictimai işləri yekunlaşdırdıqdan sonra evə dönər, balaca qardaş-bacılarının dərsləri ilə maraqlanar, ev-eşik təmizliyində anasını da razı salmağa çalışardı. ”Anam evdar qadin, atam hərbçi idi. Anam kənd içində artist kimi tanınmağımı istəmirdi, biabır olacağımızı düşünürdü. 8-ci sinfi bitirəndə sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə vermək istəyirdim. Ancaq yaşım çatmadığına görə, bir il geridə qaldım”, - deyən Nuriyyə xanım o illəri indi xoş təbəssümlə xatırlayır. O, günlərin birində daxilində bulaq kimi qaynayan sənət eşqini gerçəkləşdirmək imkanı qazanır. Təsadüfi təqdimat gənc Nuriyyəni Musiqili Komediya Teatrının səhnəsinə gətirir: “Artıq bağ mövsümü başlamışdı. Orta məktəbi yenicə bitirmişdim. Sənədlərimi Tibb İnstitutuna verməyə hazırlaşırdım. Qonşumuz Ofelya xanım məni həyat yoldaşı bəstəkar Tofiq Bakıxanovla tanış etdi. Məni Tofiq müəllimin yanına aparıb ondan səsimi yoxlamağı xahiş etdi. Əvvəlcə Tofiq müəllimdən utansam da sonradan bildiyim mahnıları bir-bir oxumağa başladım. İmtahan uğurlu keçdi. Həmin ərəfədə Tofiq Bakıxanovun Musiqili Komediya Teatrında “Məmmədəli kurorta gedir” əsəri oynanılmalı idi. Onlar gənc aktrisa axtarırdılar. Səhər Tofiq müəllimlə teatra gəldim. Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov, Kamal Məmmədovun qarşısında imtahan verməli oldum. Rayon Mədəniyyət Sarayının səhnəsində çox çıxışlar etmişdim. Hətta məktəbdə müəllimlərim məni lövhəyə çağıranda özümdən asılı olmayaraq şeiri də mahnı kimi oxuyurdum. Buranı nə Mədəniyyət Sarayının səhnəsi, nə də lövhə ilə eyniləşdirmək olmazdı. Ancaq bu imtahan da uğurla yekunlaşdı”. O, sentyabrın 12-də Musiqili Komediya Teatrında ilk dəfə səhnəyə çıxdı və səhəri gün işə qəbul olmaq üçün əmri verildi. O gündən başlayaraq 12 il həmin teatrda çalışır. Beləcə, daxili enerjisi və ətrafında olan yaxşı insanların köməyi ilə aktrisa kimi formalaşır. 1968-ci ildə qərara gəlir ki, sənədlərini İncəsənət İnstitutuna təqdim etsin. Nəhayət, Nuriyyə Əhmədova 1970-ci ildə İncəsənət İnstitutunun kinoaktyorluq fakültəsinə qəbul olunur. Paralel olaraq həm oxuyur, həm də teatrda çalışır. Sonradan “Tədris teatrı”nda 4 il, kinostudiyada isə təqaüdə çıxana qədər işləyib. Oxuduğu, işlədiyi illərdə kino aləmində bir-birinin ardınca bədii filmlərə çəkilib: “Mənim üçün fərqi yox idi. İstər epizodik, istərsə də baş rollarda oynayırdım. Hətta kütləvi səhnədə də oynamağa razılıq verirdim. Təki kinoya çəkilim. Mənim içimdə bitməyən enerji var. Çərçivəni sevmirəm. Qəribədir, həyatım boyu qaçdı-qovduda olmuşam. İndi bu yaşımda da eyni həyatı yaşamaqdayam. O illərdə həmkarlarım kənardan mənə göz qoyur, filmləri izlədikcə buna necə vaxt tapdığımı soruşurdular. Hətta bir gün Ceyhun Mirzəyev “Mozalan”ın nömrələrini nəzərdən keçirərkən təəccüblənmişdi ki, bu qız hər nömrədə çəkilir. Mən 40-dan artıq filmə çəkilməklə bərabər yüzdən artıq cizgi filmində oynamışam. Onların əksəriyyəti hələ efirə verilməyib. O zaman Leyla Səfərovanın ssenarisi əsasında çəkilən “Seans”, Rüstəm İbrahimbəyovun “Bir gecə yarısı” cizgi filmi çəkildi. Böyük əks-sədaya səbəb oldu. Ancaq bu cizgi filmlərindən “Seans” hələ ki yayımlanmayan filmlər sırasındadır. Mənim kinoda ilk rolum “Papaq” filmindəki qulluqçu obrazı olub. “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “ Yoxlama” və s. filmlərdən sonra digərlərinə də çəkilmişəm”. Nuriyyə xanım çəkiliş meydançasından yenicə çəkildiyi “Balqabaq” filmindən söhbət açdı. İctimai Televiziya tərəfindən çəkilən bu film tezliklə kinosevərlərin diqqətinə təqdim olunacaq. Azərbaycan Televiziyasında Məhərrəm Bədirzadənin 6 seriyalı “Gürzə” filminə də dəvət alan aktrisa, artıq bu işini də yekunlaşdırıb. Müsahibimizin dediklərindən: “Abşeron qadınlarının xarakterik xüsusiyyəti var. Bəlkə də mənim kinoda özümü tapmağımda bunun təsiri olub. Hər halda, mən kinoda özümü tapdığıma görə çox xoşbəxtəm. Mən filmə çəkilirəmsə, deməli, yaşayıram. Əməyimə dövlət səviyyəsində yüksək qiymət verib. Əməkdar, xalq artisti və Prezident təqaüdü almağım buna sübutdur. Həyatda çox hadisələrin şahidi olmuşam. Bəzən gücsüzləşib, bəzən də ruhlanmışam, amma hər şeyin öhdəsindən gəlməyə çalışmışam. Və bir faktı da özlüyümdə aşkar etmişəm. Əgər rejissor məni hansısa filmə çəkəcəyini deyibsə, bilirdim ki, həmin filmə dəvət almayacam. Dinib danışmayan, vəd verməyi xoşlamayan rejissor isə ssenarini mənə təqdim edib, uğurlar diləyib. Mən isə ssenari əlimdə quş kimi uçub, yeni obrazımı yaratmağa tələsmişəm”. ŞƏMSİYYƏ






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar