Qərinə Kərimova:
«Nəticə sevindirici olanda çəkdiyim əziyyətdən zövq alıram»
Azərbaycan opera ifaçılığı tarixində çətin ariyaları, yuxarı notları boğazına güc vermədən rahat ifa edən qadın müğənniləri barmaqla saymaq olar. Başqalarının oxuya bilməyəcəyi kimi oxumaq İlahidən verilən qismətdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, Prezident təqaüdçüsü Qərinə Kərimovanın da adı ilahi səsə malik aktrisalar cərgəsində çəkilir. Şənətşünasların onun haqqında dediyi fikirlər insanda qürur yaradır. Opera səhnəsində C. Verdinin “Trubadur” əsərində Elionora, “Aida”da Jritsa, Beleninin “Norman”ında Norman, Bizenin “Karmen”ində Mikoella, Toskonun “Tosko”sunda eyniadlı obraz , Ü.Hacıbəyovun “Koroğlu”sunda Nigar, F.Əmirovun “Sevil”ində Sevil və digər əsərlərdə partiyaları məharətlə ifa edən aktrisa bir çox obrazların bu gün də yeganə ifaçısıdır.
Elə söhbətimizə də hələ kiçik yaşlarından oxumağa başlamasından, məktəbdə təşkil olunan konsert tədbirlərində, məktəblərarası musiqi müsabiqələrində iştirak etməsindən başladı. Müəllimləri qızcığazın istedadını görüb, onun gələcəkdə möhtəşəm opera səhnəsində parlaq sənət nümayiş etdirməsi üçün əllərindən gələni əsirgəmirdilər. Ona görə də orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili almasına imkan yaradıblar: «Georgi Şaroyev adına 35 saylı Musiqi Məktəbində aldığım 2 illik musiqi təhsili gələcək peşəmin möhkəm təməlini qoydu. Müəllimim Vladimir Vlasenko məni xora deyil, kvartetə - qızlardan ibarət 4 nəfərlik qrupa üzv yazdı».
Bundan sonra, Qərinə bir-birinin ardınca uğurlar qazanır, Bakı məktəblərinin ulduzuna çevrilir. Yarışmalarda, müsabiqələrdə Qərinə Kərimovanın adı çəkiləndə hamı bilirdi ki, bu dəfə də qalibiyyət onunladır: «O zamanlar müsabiqələrdə iştirak etmək üçün bir neçə mərhələdən keçməli olurduq. Gecə-gendüz çalışırdıq. Bu, əsl həyəcan idi. Nəticə sevindirici olanda çəkdiyim əziyyətdən zövq alırdım”.
Musiqi onun ruhunun rahatlığı idi. Güclü zehni bacarığı ilə dəqiq fənləri daha yaxşı mənimsəyir, gələcək peşəsini məhz bu sahədə qurmaq istəyirdi. Müəllimlərinin “Gələcəkdə hansı peşəni seçəcəksən?” kimi suallarına, «Mən həkim olacağam» - deyə cavab verirdi. Ancaq müəllimləri onunla razılaşmır, gələcək həyatını musiqi ilə bağlamağı məsləhət görürdülər.
Belə də olur. Sənədlərini Musiqi Akademiyasının vokal şöbəsinə təqdim edir və qəbul olunur.
Gələcək ixtisas seçimi sonuncu dövlət imtahanında bəlli olacaqdı. Görkəmli musiqişünaslar, musiqi mütəxəssisləri, dirijorları qarşısında imtahan vermək vaxtı çatmışdı. Oxuduğu 5 il ərzində imtahanlara birinci daxil olsa da, bu dəfə sonuncu olmağa qərar verir.
Uzun imtahan prosesindən sonra komissiya üzvləri onu adi tələbə kimi qarşılayırlar. Ancaq sonra...
1986-cı ildə Azərbaycan Dövlər Akademik Opera və Balet Teatrının direktoru Azər Rzayev və dirijor Rafik Kərimov komissiya üzvləri sırasında idilər. Ondan “Nə bacarırsınız”- soruşanda, “Mən “Norman” operasından Normanın partiyasını oxuyacağam”- deyir, ifaya başlayır. Birdən dirijor əl saxlayır, musiqi dayandırılır. Ondan həmin əsərdən digər parçalar oxumasını xahiş edirlər. Münsiflər ürəyi riqqətə gətirən soprana səsli bu gənc qızı operaya birbaşa solist kimi götürürlər. Onda Qərinənin heç ağlına da gəlməzdi ki, illər keçəcək, opera səhnəsində Normanın ariyasını ifa edən yeganə solist kimi ad qazanacaq.
Ona elə gəlirdi ki, teatrda çalışan insanlar mələk, opera isə mələklər məskənidir. İnsanın ruhunu oxşayan klassik musiqiləri ifa edən sənətkarlarla təmasda olmaq, operada çalışmaq bir əfsanədir. Bu sənətdə 22 il çalışmağına baxmayaraq, hələ də özünü sehrli aləmə yenicə daxil olan gənc qız kimi hiss edir: “Mən işlədikcə anlayıram ki, bu peşə brilliant daşı kimidir. Zərgər dəqiqliyi ilə işlədikdən sonra brilliant parıldayır. Bizim də sənətimiz belədir. Gərək durmadn çalışasan ki, parlaq sənət göstərə biləsən. Əgər aktrisa birinci pərdədən başlayaraq sonuncuya qədər tamaşaçının marağını özündə saxlaya bilirsə, deməli, o, sənətdə var”.
Bu sənətin keşməkeşli yollarını qət etməyi bacaran insanlara göstərilən ən kiçik qayğı, diqqət onların yaradıcılığında özünü göstərir. Müsahibimiz onun sənətinə daha gənc vaxtlarından verilən qiymətdən olduqca razılıq edir. Hələ 27 yaşı olarkən əməkdar, 33 yaşında - 1997-ci ildə isə xalq artisti fəxri adını alıb. Bir neçə ildən sonra, 2003-cü ildə H.Əliyevin növbəti fərmanı ilə Prezident təqaüdünə layiq görülüb. Bir vaxtlar Qalinka, Bülbül adına Beynəlxalq Festivalda uğurlu çıxışına görə laureat adını alması növbəti uğurlara keçid yaratdı. O, təkcə məmləkətində deyil, həm də ölkəsindən kənarda tamaşaçıların sevimlisinə çevrildi.
Müsahibimiz bu gün muğama göstərilən diqqətdən də maraqla danışır: “Bu, çox gözəl və zamanında atılan dolğun addımdır. Klassik əsərlərin ifaçıları, peşəkar sənət fədailəri ölkəmizdə bu istiqamətdə aparılan işlərdən ürək dolusu danışırlar. Çünki bunun özü bir daha sübut edir ki, istər muğam, istərsə də klassik əsərlərin yaşadılması, peşəkarların köməyinə arxalanmaq və bu sənəti yaşatmaq istəyi Azərbaycan dövlətinin səlahiyyətlilərini maraqlandırır və onlara bu yolda hər cür qayğı göstərməyə hazırdırlar”.
Şəmsi VÜSAL