Dövlət Pantomima Teatrında "Adını siz qoyun" layihəsi davam edir. Qeyd edək ki, əvvəlcədən düşünülməmiş bu layihədə teatrın gənc rejissorlarının hazırladığı yeni tamaşalar daxili baxış keçirilmədən birbaşa tamaşaçılara təqdlim olunur və tamaşanın adını da məhz ilk tamaşaçılar qoyur. Ötən həftənin sonu bu layihə silsiləsindən daha bir tamaşa təqdim olundu. Tamaşanın ideya müəllifi və rejissoru Nargilə Qəribovadır. Nargilə Qəribova və Elnur İsmayılovun hazırladıqları tamaşanın qəhrəmanları bir evdə ailə olaraq yaşayan qadın və kişidir. Birgə yaşam sevgilərini yıpranmış hala gətirib. Onlar durmadan mübahisə edir və bir-birini günahlandırırlar. Heç biri ayağını geri qoymaq istəmir. Bağışlamağı bacara bilmirlər. Sanki döyüş gedir və hər kəsin silahı var. Qadının silahı qadınlığıdır. Kişinin silahı ayrılıq hədəsidir, getmək qorxusudur. Yalnız qısa sürən ayrılıq onları götür-qoy etməyə, səhvləri boynuna almağa vadar edir. Onlar kin, eqo və qürur həddini aşa bilirlər. Pantomim-tamaşa həm də modern rəqs elementləri üzərində qurulmuşdu. Bu modern rəqs xüsusilə Elnurun ifasında əhvalata xüsusi bir dağınıqlıq, uzaqlıq və eyni zamanda birləşdirici bütövlük gətirir. Sanki qəhrəman "çoxalır". Hər hərəkəti ilə artır, böyüyür. Ümumiyyətlə, Elnur bu rolunda çox orqanik, təbii və peşəkardır. O aktyor ifadə vasitələrində, ifrata varmır və bununla ideal kinoaktyor kimi maraqlı görünür.
Nargilənin yaratdığı qəhrəman qadınlıq məlahəti, geyimi və zövqü ilə xüsusən cazibədardır. Nargilənin qəhrəmanının öz qadın cazibəsi ilə kişini yoldan çıxardığı səhnələr belə çox estetik görünür.
Tamaşanı tamaşa olmağa qoymayan isə ona ad tapmağa mane olan məqamdır (qeyd edək ki, iki tamaşadan sonra da tamaşaya ad seçimi nəticəsiz qaldı). Bu tamaşadan çox situasiyadır və təklif olunan istənilən ad onun əyninə böyükdür: "Eqo və beşik", "Hikkə", "Oyun", "Ömür marafonu", "Anlaşılmazlıq"... Deyilənlərdən yalnız sonuncular stixiya və situasiya olaraq ona uyğun gəlir.
Bu çoxadlı tamaşanın musiqisi tək kəlmə ilə deyirik ki, idealdır. Bütün məqamları nəinki yaxşı ifadə edir, hətta şərh də verir məsələn, sonda səslənən "perhaps" mahnısı.
Bu layihə çərçivəsində təqdim olunan tamaşalar üslub və mövzu baxımından bir-birindən fərqlənir ki, bu da onun ən yaxşı cəhətidir. Sözügedən tamaşa isə aktyor ifasındakı yeni keyfiyyətləri ilə seçildi. Qeyd edək ki, sırada Pantomima Teatrının daha bir aktyoru Ceyhun Dadaşovun monotamaşasıdır. Teatrın qeyri-rəsmi prodüseri, musiqi tərtibçisi və rəsmən aktyoru Elman Rəfiyevin söylədiyinə görə, bu tamaşanı həftə sonuna təqdim etməyi düşünürlər. Biz isə yalnız bunu deyə bilərik: "Reklamlar bitdi, seyrə davam..."
Aliyə