Uşaq Teatrı balaca dostlarına Yeni il töhfəsi verəcək

Yeni nəslin yüksək əxlaqi, mənəvi tərbiyəsində Uşaq Teatrı ən gözəl vasitədir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə 2001-ci ildə paytaxt Bakıda Uşaq Teatrının yaradılmasında əsas məqsədlərdən biri də bu idi. 2002-ci ilin may ayından fəaliyyət göstərən Uşaq Teatrı altı il ərzində otuza yaxın tamaşa hazırlayıb ki, bu da müxtəlif yaş həddində olan uşaqların yüksək əxlaqi, mənəvi, psixoloji tərbiyəsində müsbət rol oynayır.  

Onu da qeyd edək ki, Uşaq Teatrı qış tətili günlərində balaca dostlarını zəngin repertuarı ilə sevindirəcək. “Qara sandıq”, “Ağıl və bəxt”, “Gücümüz birliyimizdədir”, “Məlikməmməd” və digər qədim xalq nağılları əsasında hazırlanan tamaşalar uşaqların ixtiyarına verilib. Onlar üçün çox böyük tərbiyəvi əhəmiyyətə malik olan tamaşaların siyahısı bir qədər də artırılıb.

Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan zəngin repertuar haqqında söhbət açdı: ”İstər məktəblilərin qış, istərsə də yay tətili günlərində Uşaq Teatrı həmişə zəngin repertuarı ilə balaca dostlarının görüşünə tələsib. Teatr Nəsimi rayonunda yerləşən Hüseyn Sarabski adına Mədəniyyət Evinə yenicə köçüb. Ötən ilə qədər teatrın binası Dənizkənarı Milli Parkda yerləşirdi. Həmin ərazidə aparılan quruculuq işləri ilə əlaqədar yeni ünvana köçürüldük. Buna baxmayaraq, daimi tamaşaçılarımız soraqlaşıb ünvanımızı tapırlar.

İndi ətrafımızda yaşayış evləri çox olduğuna görə yeni tamaşaçılar ordusu da toplamışıq. Təbii ki, bir-birindən maraqlı olan tamaşaların sayəsində. Panço Pançevin “Əkiz qardaşların nağılı”nı xalq artisti, rejissor Vidadi Əliyevin quruluşunda hazırlayırıq. Bundan başqa, rejissor Mehman Piriyevin quruluşunda hazırlanan bir neçə tamaşa da balacaların ixtiyarına verilib. “Tıq-tıq xanım”, “Cırtdan”, «Sandıqca», “Məlikməmmədin nağılı” və digər tamaşalar məktəbəqədər uşaqlar üçün nəzərdə tutulub. Məktəblilərlə yanaşı, yeniyetmə tamaşaçılarımızı da unutmuruq. Milli Məclisin üzvü Hüseynbala Paşayevin “Xaş-xaşın göz yaşı” pyesi məxsusi olaraq yeniyetmələr üçün yazılıb.Yeri gəlmişkən, onu da qeyd edək ki, Uşaq Teatrı bir neçə ildir ki, narkomaniya və QİÇS-ə qarşı mübarizə kampaniyasına qoşulub. İnsan həyatı üçün böyük təhlükə yaradan narkotik maddələrin hansı nəticələrə gətirib çıxartığını tamaşalar vasitəsilə çatdıran kollektiv yetkinlik yaşına çatan uşaqlar arasında yüksək mənəviyyata köklənən təbliğat sistemini qurub. Təvazökarlıqdan uzaq olsa da, bu mənada  teatrımızın güclü təsirə malik olduğunu qeyd etmək istəyirəm.

Uşaqların tərbiyəsində bədii qiraət, teatr, tamaşa, musiqinin təsiri böyükdür. Konkretləşdirsək, mənəvi-tərbiyəvi mühitin yaradılması gələcəkdə uşaqların doğru-dürüst yol seçməsinə müsbət təsir edəcək. Təkcə yuxarıda qeyd etdiyim “Xaş-xaşın göz yaşı“ pyesi əsasında hazırlanan tamaşanı izləyən məktəblilər tamaşadan sonra bizə yaxınlaşıb əsrin bəlalarından biri olan narkomaniya haqqında suallar verirlər. Səhnədə canlandırılan gerçəklik insana həyatda doğru yolunu seçməyə kömək edir. Bu mənada tamaşalar hazırlananda uşaqların yaş həddi nəzərə alınır. Xüsusən də yeniyetmələrin”.

Müsahibim teatrın repertuarında əsasən xalq nağıllarının üstünlük təşkil etdiyini qeyd etdi. İntiqam müəllim onu da bildirdi ki, “Gücümüz birliyimizdədir” tamaşası “Turpun nağılı” əsasında hazırlanıb: «Aygün Həsənoğlunun “Qara sandıq” əsəri əsasında hazırlanan tamaşada isə əsrlər boyu sərvətimizə uzanan qara qüvvələrdən bəhs edilir. Uşaqların sevərək izlədiyi “Sehrli sandıq” tamaşası rejissor Salman Qaraçöplünün quruluşunda hazırlanıb. Burada qəlbi Azərbaycan eşqi, vətən sevgisi ilə döyünən insanlar çalışır. Səhnələşdirilən əsərlər birinci növbədə uşaqların yüksək əxlaqi tərbiyəsinə kömək etməlidir. Azərbaycan adlı diyar həmişə bizə lazım olduğu kimi, biz də bu vətənə, torpağa lazımıq. Ona görə də istənilən şəraitdə işimizi layiqincə yerinə yetirməliyik. O ki qaldı tamaşaçı yığmaq üçün şou yaratmağa, buna ehtiyac yoxdur. Ən çox tamaşaçı uşaq teatrlarında olur. Çünki valideynlər uşaqların istirahətini unutmurlar. Buna görə də biz öz üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik».

Kollektivin tərkibinə gəlincə, müsahibimiz dedi ki, Uşaq Teatrında 21 yaşından başlayaraq, 60 yaşına qədər olan aktyorlar çalışır: “İnsan hər yaşda uşaqdır”- fikrini xatırlatmaq istərdim. Aktyorun enerjisi tükənə bilməz. Biz səhnəyə çıxarkən uşaqlara verdiyimiz enerjinin qarşılığında daha güclü, saf enerji almaq xoşbəxtliyinə malikik. Bu mənada xoşbəxt insanlarıq. Balacaların ətrafında hər bir insan özünü şıltaq, qayğısız, göyqurşağının əlvan rəngləri arasında hiss edir. Bir qədər böyük - 8-12 yaşlı məktəblilərdə böyüklərə oxşamaq, arzular qanadında gələcəyə ümidlə addımlayan qətiyyətli insan, yeniyetmələrdən cəsarət, mərdlik, hər bir çətinliyə hazır olan, ürəkli cəngavər təəssüratı yaranır. Amma bu, hələ hamısı deyil. Hər məqamında yeni bir hiss yaranır, ancaq bunlar yalnız insanın yüksək mənəviyyatına xidmət edən insani hisslərdir. Ona görə də böyükdən-kiçiyə hər bir əməkdaşımız işini canla-başla yerinə yetirir. Başqa bir misal da var: ”İnsan yaşlaşdıqca uşaqlaşır”. Bizim təcrübəli həmkarlarımız səhnədə daha çevik və uşaq saflığı ilə üzərinə düşən rolunu sevərək oynayır. Uşaqların yüksək zəkası, düşüncə tərzi mənəvi sərvətimizdir. Bu zəkadan gələn gəlir Azərbaycan üçün dəyərlidir. Bu isə özlüyündə fərqli yanaşma metodu tələb edir.  Yeni planlar, layiqli iş prosesində diqqətli olmaq vacibdir. Uşaq Teatrı öz işini bu prinsiplər əsasında icra edir. Buna görə də tamaşalarımızın əksəriyyəti xeyriyyə məqsədilə hazırlanır və ehtiyac olan yerlərdə nümayiş edilir”.

Yeri gəlmişkən, uşaqların qış tətili günlərində maraqlı repertuarla çıxış edəcək Uşaq Teatrı dekabrın 28-də xeyriyyə məqsədilə əlil uşaqlara “Qış bayramı” nağılını, dekabrın 31-dən yanvarın 4-nə qədər isə H.Sarabski adına Mədəniyyət Sarayında “Qış şənliyi” adı altında bayram tədbirlərini, yanvarın 6-7-də isə Neftçilərin Mədəniyyət Sarayında maraqlı tədbirlər düzənləyəcək. Bundan başqa, aktyorlar Xırdalan Mədəniyyət Evində də  qonaq olacaqlar. Bu qış da uşaqlar “Keçəlin kələyi”, “Şapalaqsız gün” və digər nağıllar əsasında hazırlanan yeni tamaşaları izləyəcəklər. 

Şəmsi VÜSAL