Zaman gedir...

Azacıq təhrif olunmuş bu məşhur misralar adamın özünün özünə verdiyi bədii-fəlsəfi sadə bir hesabatdır. İlin sonunda belə mahnılar bəzən yerinə düşür. Yazıya bayağı şəkildə müdrik görünən, amma bununla belə, böyük həqiqəti ifadə edən cümlə ilə başlamaq niyyətim var - «zaman keçir və hər şey durmadan dəyişir». Bu dəyişmə prosesinin içində dayanıb geriyə baxmaq və nələrin baş verdiyini anlamaq üçün ən ənənəvi vaxt ilin sonudur. Beləliklə, mövzu Azərbaycan teatrı, zaman kəsiyi 2008-ci ildir.

Təmir gedir...

Əvvəla, qeyd etməliyik ki, bu ilin teatr həyatında teatr binalarının təmirə bağlanmasının böyük rolu var. Qeyd edək ki, bu il A.Şaiq adına Dövlət Kukla Teatrı, S.Vurğun adına Rus Dram Teatrı təmirdən çıxdı və teatrsevərlərə təqdim olundu. Həmçinin əsaslı təmirə teatrların yeni avadanlıqlarla təhciz olunması da aiddir. Akademik Milli Dram teatrı, Bakı Kamera Teatrı, Gənc Tamaşaçılar Teatrı müvəqqəti olaraq müxtəlif yerlərdə məskunlaşdılar və təmir olayı üzündən bu teatrlar qastrol tamaşalarına üstünlük verdilər.

Festival gedir...

İlin teatr prosesində nəzərə çarpan məqamlardan biri də ilin ilk yarısında keçirilmiş Kukla Tamaşaları Festivalı oldu. Ölkənin kukla teatrlarının qatıldığı festival bu maraqlı janrda peşəkarlıq səviyyəsinin və yaradıcı potensialın konturlarını görməyə imkan verdi. Salyan, Gəncə,Qax, Quba və Naxçıvanda fəaliyyət göstərən kukla teatrları mövzu və stilistika baxımından kəskin fərqlənmədilər. Festival göstərdi ki, mövzular, nağıllar, qəhrəmanlar dəyişməyib. Dəyişən yalnız əhvalatlara yeni şeirlər qoşan müəlliflərdir.
 Yalnızca Qax teatrının tamaşasında üslub özəlliyi nəzərə çarpdı. Festival onu da göstərdi ki, ölkədəki kukla teatrları uşaq teatrı olmaq kimi məhdud çərçivədən çıxa bilməyib və hələ də böyüklər üçün kukla tamaşaları göstərməyin mümkünlüyünü qəbul etməyiblər. Lakin festivaldan o da məlum oldu ki, əyalət teatrları ilə paytaxt teatrı arasında peşəkarlıq və repertuar baxımından elə də böyük fərq yoxdur. Bunun yaxşı, yoxsa pis olmasını söyləmək çətindir. Həmçinin bu sahədə əyalət teatrlarında gənc aktyor kadrlarının olmaması da problem kimi gözə dəydi.

Proses gedir...

Ayrı-ayrı teatrların fəaliyyətinə gəlincə, yenə də onların hamısı üçün ümumi bir fikir söyləmək olar: «proses gedir»…İlin ən əlamətdar layihə və tamaşaları isə bu prosesin içində xüsusən görünməlidir.

Tamaşa gedir...

Məsələn, Kamera Teatrı üçün «Aydın» tamaşasını uğur hesab etmək olar. Bu tamaşa cəmiyyətə sərt və olduqca realist bir ricət idi. Cənnət xanım Səlimova melodramanı sosial faciəyə çevirə bilmişdi. Zatən Cənnət xanım həmişə cəmiyyətə, reallığa biganə şəkildə işləməyib. İl ərzində hazırladıqları (hələ təhvil vermədikləri) «Yastıq adam» tamaşasını da texniki cəhətdən real vəziyyəti nəzərə alaraq seçib.
Akademik Milli Dram Teatrının sözsüz uğuru hesab olunan, ünlü tənqidçilərdən müsbət rəy alan «Uçqun» tamaşası da sosial faciə janrındadır. Müəlliflər (Rej.Bəhram Osmanov və dramaturq Cücenoğlu) təbii  fəlakəti sosial fəlakət kimi gördülər və bizə göstərdilər. Uçqun qorxusu altında yaşayan insanların kölə psixologiyası... Kütlə xislətlərinin patolojisi... İlk addımı atan azad gənclik...…Bu tamaşanı üç kəlmə ilə belə cızmaq olar. Yenə də sosium barədə SOS siqnalı.
A.Şaiq adına Kukla Teatrında ilin maraqlı premyeralarından biri də balacaların sevdiyi «Çippolino» tamaşasıdır. Bunlar Kukla Teatrının səhnəsində yeni qəhrəmanlardır və onları alqışlamağa dəyər.
Bütün şəraitsizliyilə bahəm ayaqda qalmağı bacaran Dövlət Pantomima Teatrından da alqışlar əskik olmadı. Əvvəlla, teatrın truppasına son illərdə qəbul olunmuş aktyorlar köhnə tamaşalara yeni ifalarda baxmaq imkanı yaratdı. Saniyən, heyət teatrın yerləşdiyi «Şəfəq» kinoteatrının foyesini tamaşa zalı halına gətirib burda tamaşalar təqdim etdi. Salisən, teatrın son tamaşaları premyeralar idi və bu premyeralar aksiya, layihə sayıla biləcək özəlliyi ilə seçildi. Tamaşaları teatrın gənc aktyorları hazırlayıb daxili baxış keçirmədən tamaşaçılara təqdim etdi. Və onlara teatrın yaxını kimi tamaşaya ad qoymaq kimi imkan yaratdı. İlin sonunadək üç tamaşa təqdim olundu. Nargilə Qəribovanın «Adsız tamaşa»sı, Səbinə Hacıyeva və Bəhruz Vaqifoğlunun «Dejavü» və Əflatun Baxşəliyevin «Çərçivə» tamaşası. Layihəyə bəndəniz qeyri-rəsmi olaraq «adını siz qoyun...» adı verdi.
Daha bir layihə “Yuğ” Teatrında keçirildi. Dahi şairimiz Məhəmməd Füzulinin yubileyinə həsr olunmuş «Mən Məhəmməd Füzuli...» layihəsində teatrın yeddi gənc rejissoru və teatrın bədii rəhbəri və rejissoru Vaqif İbrahimoğlu iştirak etdi. «Rəhm», «Əfqan», «Bəlayi-eşq», «Yar», «Hicr», «Vəsl» «Rüsva» tamaşaları Füzuli dünyasına fərqli yanaşmalarla seçildi. Sanki bu tamaşalar şairin dünyasının mini modelləri idi.
Musiqili Komediya Teatrının premyeraları içində dahi Üzeyir bəyin «O olmasın, bu olsun» komediyası yadda qaldı. Cənnət Səlimovanın hazırladığı tamaşa bu məşhur, hətta dünyaca məşhur komediyaya ənənəvi koloritindən savayı maraqlı yozum da qazandırmışdı.
Opera və Balet Teatrında «Yeddi gözəl» (Qara Qarayev) baleti yeni quruluş və tərtibatla təqdim olundu. Musiqisevərlər və teatrsevərlər üçün bu məqamın həzzini çətin ki, əvəz etmək mümkün ola.

«Hamlet» gəlir...

Gürcü teatrının gəlişi bu ilin teatr  həyatında yaddaqalan məqam olmalıdır. Çünki rejissor Robert Sturuanın Bakıya gətirilmiş üç tamaşası içində on ən yaxşı «Hamlet»dən biri də var idi. Bu tamaşa ilə paytaxt teatrsevərləri yeni forma, fərqli yozum və həmişəki bədbəxt Hamleti gördülər.
Teatr sənəti üçün «Hamlet» əsəri sanki bir kabusdur. Teatr hara gedirsə getsin, «Hamlet» onu haradasa haqlayacaq. Və teatrın daima «Hamlet gəlir…» kimi bir həyəcan -qorxusu var.

Yeni il gəlir...

Yeni ili teatrların əksəriyyəti şənliklərlə qarşılayır. Bu şənliklər Yeni il bayramını əsl karnavala çevirir, ona xüsusi təntənə qatır. Uşaqlığımın ən xoş məqamlarını, Yeni il bağlamalarını, qırmızıyanaq Şaxta babanı ağappaq bir qarla unudub, Pantomima Teatrının rejissoru Bəxtiyar Xanızadənin bir nostaljisini xatırladım. «Uşaq olanda məni bir yolka şənliyinə aparmışdılar. Orada elə gözəl hisslər yaşadım ki, indiyə qədər o tamaşanı, o bayramı qurmağa çalışıram...»
Əziz teatrsevərlər, sizə əla bayram, yepyeni il, gözəl, unudulmaz tamaşalar arzulayıram. Tamaşalarınız mübarək!

Aişə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar