Əməkdar artist Novruz Qartal saxtalığı sevmədiyini deyir

Gəncliyi bu teatrda keçib. Sənətin sirlərini ona ana qədər əziz olan Nəsibə Zeynalovadan öyrənib. Onunla bir səhnəni bölüşməyi özünə böyük xoşbəxtlik bilən əməkdar artist Novruz Qartal indi də teatra gələndə yenidən Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova kimi sənətkarlarla görüşəcəyinə ümid edir.

Yenicə tamaşadan çıxmağına baxmayaraq, suallarımızı səbirlə cavablayan aktyor “O olmasın, bu olsun” tamaşasında Məşədi Qəzənfər rolunu ifa edir. O, 41 illik səhnə təcrübəsinə sahib olsa da bu gün də öz üzərində çalışır: “Bu əsər teatrda dəfələrlə səhnələşdirilib. Hər dəfə rejissor baxışı, aktyor ifası fərqlənib. Məsələn, Şəmsi Bədəlbəylinin quruluşunda Məşədi İbadı Lütvəli Abdullayev, ondan əvvəl isə Əlihüseyn Qafarlı, sonra da Hacıbaba Bağırov oynayıb. Yeni quruluşda isə bu obrazı Ramiz Məmmədov yaradıb. Hər bir tamaşa keyfiyyəti və marağı ilə seçilib.

Tamaşanın keyfiyyətli alınmasında aktyor ifası ilə bərabər, təbii gülüşün qorunub saxlanılması vacib şərtdir. Unutmaq olmaz ki, vaxtilə bu teatrda şəxsiyyətlər çalışıb. Onların adına, əməyinə xələl gətirmək günahdır. Artıq teatr 100 yaşını haqlayıb. Bu illər ərzində qazanılan sevgi qorunmalıdır. Sənətkarlardan bizə miras qalan bu sənəti biz də sağlam əllərə etibar etməliyik. İndi estafet gənclərindir”. Gəncliyin qarşısında böyük və məsuliyyətli sənət yolunun dayandığını qeyd edən N.Qartal teatrda gənclərə çox böyük dəstəyin olduğunu bildirdi. Güclü vokal imkanlarına malik olan gənclərdən Fərid Əliyev, Ramiz Qasımov, İnarə Babayeva, Nərgiz Kərimovaya baş rolların etibar edilməsinə münasibət bildirən aktyor qeyd etdi ki, buna onların istedadı imkan verir: «İstər aktyor, istərsə də gənc rejissorlara öz istedadını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır. İndi teatrda  gənc rejissor Elvin Mirzəyev “Arşın mal alan” əsərini Azərbaycan və rus bölməsi üçün hazırlayır. Rus bölməsində digər aktyorlarla yanaşı, Cahan xala rolunda Afaq Bəşirqızı da oynayır. Azərbaycan bölməsində isə bu obraz Ofeliya Aslan, Nahidə Orucova və Xanım Qafarova arasında bölüşdürülüb. Tamaşa haqqında əvvəlcədən fikir söyləmək düzgün olmazdı. Güclü rejissor fantaziyasına malik olan Elvinin potensial imkanlarına arxalanıb tamaşaçıların qəlbinə yol tapacağına inanırıq. Tamaşaçılar “Arşın mal alan”ı yeni dəsti-xətdə izləyəcəklər. Güclü  aktyor kollektivinin varlığı da bunu deməyə əsas verir. Bu teatrda Şəmsi Bədəlbəyli, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Hacıbaba Bağırovun nəfəsi var”.


Söhbət əsnasında əməkdar artist “Hicran” tamaşası haqqında bilmədiyimiz faktları da açıqladı. O, bu tamaşanı səliqə ilə düzülmüş mirvariyə bənzətdi. Sən demə, tamaşada aktyorların sağlam improvizəsi əsərin tamamilə başqa formada təqdim olunmasına gətirib çıxarıb. Səhnədə aktyorların bir-birini dinləmək qabiliyyətinin, söz bazasının maraqlı bir quruluşa səbəb olduğunu deyən müsahibimiz hətta Şəmsi müəllimin eynəyinin altından baxaraq, “Əsərdən əsər-əlamət qoymadınız» deməsindən də söhbət açdı: “Tamaşada oynadığım Balaəmi obrazı indi də dillər əzbəridir. Hələ də mənə «Balaəmi» kimi müraciət edirlər. Bir aktyor kimi özümü sənətin ən yüksək zirvəsində hiss edirəm. İllər keçir, bu tamaşaya olan maraq daha da güclənir. Bu  sevgiyə səbəb tamaşada söyüş, bayağı sözlər və hərəkətlərin olmamasıdır. Ucuz gülüş arxasınca qaçmaq işin keyfiyyətinə ziyan gətirir. Artıq tamaşaçılar bayağı gülüşdən usanıblar. Əsl tamaşa izləmək arzusundadırlar.  Teatrın o dövründə yaşanılan saf gülüş

-  Nəsibə gülüşü yenidən geri qaytarılmalıdır. Tamaşaçı bunun həsrətindədir. Bu faktdır ki, Nəsibə Zeynalova qədər sevilən ikinci bir sənətkar yoxdur. Bunun da səbəbləri var. Bu yaxınlarda kiçik bir sorğu aparılırdı. Burada Nəsibə xanımın da şəkli var idi.  Kiçik yaşlı uşaqlar da onu tanıdılar. Demək istədiyim odur ki, bu dövrün uşaqları da onun çəkildiyi filmlər və tamaşalarla böyüyürlər. Hər gün teatrın qapısından içəri daxil olub, pilləkənlərı qalxarkən o insanları xatırlayıram. Onların yoxluğuna inanmaq olmur. Bu yoxluğu daha çox bir qrim otağında, bir də səhnədə hiss edirəm”.
Novruz Qartal onu da dedi ki, tamaşa zamanı kənardan səhnəyə nəzər salaraq bu günlə ötən illərin gülüş dolu alqışlarını müqayisə edir və səhnədə gülüş xatirinə ucuz söz arxasınca getməyin qəti əleyhinə olduğuna görə yüz ölçüb, bir biçərək improvizələrlə tamaşaçılarını saxta gülüşdən qorumağa çalışır.

Şəmsiyyə FƏRHADQIZI 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar